Cümə , Dekabr 27 2024
azfa

Seyid Cəfər Pişəvərinin həyatı, fəaliyyəti və Azərbaycan Milli Hökumətini qurması

Ötən 20-ci əsrin əvvəllərində tarix Azərbaycana bir sıra siyasi xadimlər, elm və mədəniyyət dahiləri bəxş etdi. Siyasi xadimlərdən Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Əbülfəz Elçibəy və Seyid Cəfər Pişəvərini saymaq olar ki, bunların hamısı 20-ci illərin yetirmələri, Azərbaycan tarixinə bəxş olunmuş çox qiymətli incilərdir.

Şah dövründən – Pəhləvilər zamanından bəzi tarixçilərin Pişəvəri şəxsiyyətini təhqir etmək və onu alçaltmaqda əsas məqsədləri onun başçılıq etdiyi 1945-46-cı illər 21 Azər hərəkatı və bu hərəkatın nəticəsində qurulmuş Milli Hökuməti xalqın gözündən salmaq, ləkələməkdi. Buna görə də biz alimlər ehtiyac duyduq ki, tarixi həqiqətləri – S.C.Pişəvərinin əlyazmaları, xatirələri, onunla bir səngərdə mübarizə aparmış insanların dedikləri, arxiv sənədləri, Firqə arxivində saxlanılan məlumatları, həm İranda, həm də xaricdə çıxan kitabları – hamısını nəzərdən keçirib, ümumiləşdirib real bir monoqrafiya ortaya çıxaraq. Məqsəd yeni cəmiyyətə, xüsusən, gənc nəslə Pişəvərini olduğu kimi tanıtdırmaqdır.

Kimdir Pişəvəri? Pişəvəri 1892-ci il Səfər ayının 12-də Cənubi Azərbaycanın Xalxal mahalının Seyidlər Zeyvəsi kəndində dünyaya göz açmışdır. 1905-ci ildə ata-anası – ailəsi ilə birlikdə Arazın bu tayına gəlmiş və Bakı şəhərinə sakin olmuşdur. Pişəvəri Bakının yaşadıqları Bülbülə qəsəbəsində təhsilini davam etdirmiş, sonra İttihad məktəbi, daha sonra Müəllimlər Gimnaziyasında oxumuşdu. Mütailəyə çox böyük həvəsi var idi.

Pişəvərinin bir şəxsiyyət kimi, yəni bir siyasi xadim, yazıçı və jurnalist kimi yetişməsində 20-ci əsr Quzey Azərbaycan – Bakı siyasi mühiti çox böyük rolu oynamışdı. Pedaqoji Məktəbi qurtarandan sonra o, Bakının Xırdalan kəndində məktəbdə müəllimlik edir. Eyni zamanda, kirayədə olduğu evin bir otağını sinfə çevirir, savadsız uşaq və yaşlı nəsli savadlandırmağa kömək edir.

Pişəvəri bu dövrdə həm də jurnalistlik fəaliyyətinə başlayır, yəni məqalələr yazır. İlk məqalələrini Məhəmməd Əmin Rəsulzadənin “Açıq söz” qəzetində çap etdirir.

Belə bir dövrdə – 1917-ci ildə, məlum olduğu kimi, Rusiyada Fevral İnqilabı olur, onun arxasınca da Oktyabr çevrilişi. Lenin Şərqə – İran xalqlarına, məzlum millətlərə müraciət edir: «Biz sizə azadlıq verəcəyik! Biz sizə səadət verəcəyik! Biz sizi imperalizmin zülmündən qurtaracağıq!”Və sair belə şirin sözlərlə bu müraciət bir sıra güneyli, cümlədən, quzeyli ziyalılar kimi, Pişəvərini də, necə deyərlər, öz ağuşuna alır. Pişəvəri onlara inanır və tədricən Məhəmməd Əmin Rəsulzadə mövqeyindən kommunist Nəriman Nərimanovun mövqeyinə keçir, kommunist olur.

Ona görə biz Pişəvərini 1918-ci ildən 1928-ci ilə qədər ancaq kommunist kimi görürük. Həmin dövrdə o, Kominterndə – İran Kommunist Partiyasının yaradılmasında iştirak edir, “Ədalət” partiyasının görkəmli xadimlərindən olur. Kominternin müxtəlif iclaslarında olan Pişəvəri İran kommunistlərinə kömək edir. Bir sözlə, o, kommunist ideologiyası ilə 10 il ərzində fəaliyyət göstərir.

Ancaq 1928-ci ildə öz xətti ilə yazır: “Mən 10 illik həyatına nəzər salanda gördüm ki, kommunist prinsiplərini İranda piyada etmək, yəni tətbiq etmək mümkün deyil”.

1930-cu il dekabr ayının 28-ində ki zindana düşüb 10 illik dustaqlıqda qalır, sonra başa düşür ki, kommunist prinsiplərini, ideologiyasını geridə qalmış aqrar müsəlman ölkəsi olan İranda tətbiq etmək mümkünsüzdür. İranda proletar sinfi yox idi, demək, kommunist prinsipləri İranda heç cür tətbiq oluna bilməzdi.

Pişəvəri öz səhvini başa düşür və artıq 30-cu ildən – zindandan başlayaraq olur sosial-demokrat.

Azadlığa çıxandan sonra o yenə siyasət meydanına atılır, İran Xalq Partiyasının yaradılmasında yaxından iştirak edir. Sonra o, partiyanın rəhbərləri ilə ideoloji əsaslar üzrə ixtilafı düşür, onlarla yola getmir və İran Xalq Partiyasından uzaqlaşır. O, öz mübarizəsini “Ajir” qəzetində davam etdirir.

“Ajir” ölkədə müllətin oyanmasında xüsusi rolu olan bir qəzet idi. Demək olar ki, “Ajir”in elə bir nömrəsi yoxdur ki, biz orada Pişəvərinin imzasına rast gəlməyək. Həmin dövrün bütün eybəcərlikləri “Ajir”in səhəfələrində ifşa olunurdu.

İndi mən burada bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm ki, Pişəvəri 1944-cü ilə qədər ümumi İrana demokratiya, azadlıq istəyirdi. İstəyirdi İranı azad, demokrat bir ölkə görsün. Lakin 1944-cü ilin iyun ayında ki seçkilər keçirilir, Pişəvəri 14-cü çağırış məclisinə deputat seçilir, burada fars şovinistlərinin ona qarşı hərəkətlərini görüncə başa düşür ki, onlarla Pişəvərinin mübarizəsi, yolu bir yerdə deyil. Özü bu barədə deyir: “Bizim suyumuz bir arxa gedə bilməyəcək”.

Pişəvəri 1944-cü ildən sonra, öz dediyi kimi, Təbrizdəki dostlarının çağırışı ilə üzünü Azərbaycana çevirir. Onun partiyası üç ayın ərzində iki plenium, bir qurultay, bir Xalq Konqresi keçirir. Nəhayət, ölkədəki bütün siyasi situasiyanı götür-qoy etdikdən sonra İran dövlətinə müraciət edir: “Biz azadlığımızı istəyirik. Biz istiqlaliyyətimizi istəyirik. Biz istəyirik ki, insan kimi yaşayaq”. Şaha, baş nazirə, məclisə və böyük dövlətlərə müraciət edir ki, “Bizi eşidin”. Cavab almadıqdan sonra yeganə bir yol qalır: silaha silah, yumruğa yumruqla cavab vermək. 21 Azər hərəkatı bu şəraitdə meydana gəlir.

Güney Azərbaycanda Milli Hökumət qurulur. Az müddətdə – 1 il müddətində o qədər tədbirlər həyata keçirilir ki, bunları heç Rza şahın dövründə 20 ildə də etmək mümkün deyildi.

Əlbəttə, bu qısa söhbətdə biz Azərbaycan Milli Hökumətinin bir ildə gördüklərinin hamısını sayıb qurtara bilmərik. Fəqət bəzilərini yada salaq:

Güneydə Azərbaycan (türk) dili dövlət dili elan edildi.

Azərbaycan Dövlət Universiteti təsis olundu.

Azərbaycan Milli radiosu yarandı.

Azərbaycan Milli Filarmoniyası təşkil edildi.

Azərbaycan Yazıçılar İttifaqı,

Heykəltaraşlar İttifaqı,

Yetimlər Evi,

Savadsızlığı Ləğvetmə Kursları təşkil olundu.

Sənayeyə kredit ayrıldı.

Kənd təsərrüfatı üçün aqrar islahat həyata keçirildi.

Küçələr, kəndlər abadlaşdırıldı.

100-dən artıq orta məktəb tikildi və ya təmir edildi.

Bu, böyük bir inqilabi çevriliş idi bir ilin ərzində.

Bir tərəfdən Amerika, ingilis imperalistlərinin köməyi, bu biri tərəfdən isə özünü Pişəvəriyə dost kimi tanıdan, lakin ona xəyanət edən Sovetlər Azərbaycan Milli Firqəsinin dağılmasına çox namərdcəsinə kömək etdilər.

Pişəvəri meydanda tək qaldı. Milli Hökumət məğlubiyyətə uğradı.

Hərəkatın məğlubiyyətinin yaxınlaşdığını görən Pişəvəri öz çıxışlarının birində çox böyük uzaqgörənliklə, sanki gələcək nəslə nəsihət kimi dedi: “Tehran xarici imperalistlərin göstərişi və köməyilə bizim hərəkatı məğlub etməyə müvəffəq olsa belə, xalqımızın haqqını əbədi olaraq qəsb edə bilməyəcək. Tez-gec azərbaycanlı öz istiqlaliyyətini alacaq, öz müqədaratını özü təyin edəcəkdir”.

Bu gün Güney Azərbaycandakı hərəkat – bütün İrandakı hərəkat və azərbaycanlıların mövqeyi Pişəvərinin bu dediyini bir daha təsdiq edir ki, Azərbaycan xalqı həmin günə yaxınlaşır.

Pişəvəri Azərbaycan Demokrat Firqəsini müstəqil bir dövlət kimi dünyaya tanıtdırmaq istədi. Bu haqda 1946-cı il yanvarın 28-ində Amerika Birləşmiş Ştatlarına 2 səhifədən ibarət müraciət yazıb. O, bu müraciətdə deyir: “Biz sizdən xahiş edirik: bizi ayrıca muxtar dövlət kimi tanıyın və bizi fars şovinistlərinin zülmündən qurtarın”.

Sonradan məlum olur ki, bu məktub nəinki Birləşmiş Millətlər Təşkilatı gündəliyinə salınmayıb, hətta orada qeydiyyatdan belə keçməyə imkan verilməyib.

Pişəvərinin bu müraciətinə Sovetlər də etiraz ediblər ki, “Sən özbaşına niyə bu işi etdin?”

Pişəvəridə bu sənəd olub. O, Cənubi Azərbaycanın pespublika kimi tanınmasını istəyirdi, amma İran dövlətinin tərkibində.

İ.ü.f.d. Əkrəm Rəhimli ilə müsahibə

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın