
GADTB: Çərşənbə günü axşam saatlarında silahlı şəxs Təbrizin Heydərabad məhəlləsində Xana (Piranşəhr) məhkəmə sisteminin hakimi İbrahim Sadiqini, onun həyat yoldaşını və azyaşlı oğlunu qətlə yetirib. Yerli KİV-lərin məlumatına görə, Sadiqi Qaradağ bölgəsinin Bəhrəbili kəndindən olub.
Təbrizin Heydərabad məhəlləsində baş verən atışma hadisəsi ilə bağlı yayılan məlumatlarda hadisənin gedişi və qurbanlar barədə yeni təfərrüatlar açıqlanıb.
Daxil olan məlumatlara əsasən, hücum edən şəxs bir ədəd “Bərno” tüfəngindən istifadə edərək əvvəlcə hakim İbrahim Sadiqini “Tondar 90” markalı avtomobilin içərisində güllələyib. Bildirilir ki, Qaradağ bölgəsinin Bəhrəbili kəndindən olan hakim Qərbi Azərbaycanda Xana (Piranşəhr) məhkəmə sistemində fəaliyyət göstərirmiş.
İlkin məlumatlara görə, hücum edən şəxs hakimi güllələdikdən sonra onun həyat yoldaşını və azyaşlı oğlunu da ailəyə məxsus olduğu deyilən dil kursunun binasından çıxarkən güllələyərək öldürüb.
Ailənin qız övladı atışma yerindən qaça bilib
Məlumatlarda bildirilir ki, ailənin qız övladı hadisə yerindən qaçmağa və dil kursunun yaxınlığındakı sendviç mağazasına sığınmağa nail olub. Lakin hücum edən şəxs həmin mağazaya da atəş açıb və nəticədə mağazanın şüşələri sınıb.
Hücum edənin kimliyi ilə bağlı təsdiqlənməmiş məlumatlar
Bəzi təsdiqlənməmiş məlumatlarda hücum edən şəxsin Xana (Piranşəhr) sakinlərindən olduğu bildirilir. İlkin xəbərlərdə həmçinin atəş açdıqdan sonra onun intihara cəhd etdiyi qeyd olunub. Bununla belə, onun vəziyyəti ilə bağlı dəqiq təfərrüatlar hələ məlum deyil.
Mağaza sahiblərinə müşahidə kameralarının görüntülərini silmək üçün təzyiq göstərildiyi iddiası
Daxil olan məlumatların digər hissəsində iddia olunur ki, hadisədən sonra təhlükəsizlik qüvvələri bəzi mağaza sahiblərindən müşahidə kameralarının görüntülərini silməyi tələb ediblər.
Daha ətraflı məlumatların yayılmasına baxmayaraq, atışmanın motivi, hücum edənin dəqiq kimliyi və iş üzrə araşdırmanın gedişi barədə indiyədək rəsmi və əhatəli açıqlama verilməyib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi