
GADTB: Çərşənbə günü, 27 aban tarixində BMT Baş Assambleyasının Üçüncü Komitəsi “İran İslam Respublikasında insan hüquqlarının vəziyyəti” adlı qətnamə qəbul edib.
Qətnamənin lehinə 76, əleyhinə 27 səs verilib, 64 ölkə isə bitərəf qalıb.
Kanadanın təşəbbüsü ilə səsverməyə çıxarılan qətnamənin mətnində “İranda insan hüquqlarının genişmiqyaslı şəkildə pozulması” adlandırılan hallarla bağlı ciddi narahatlıq ifadə olunub.
Qətnamədə edamlar, məcburi və özbaşına həbslər, qadınların və dini azlıqların təqib olunması, eləcə də ötən Dey ayında keçirilən etiraz aksiyalarına qarşı zorakı müdaxilələr, o cümlədən həbslərin davam etdirilməsi, məcburi etirafların alınması və ağır həbs və edam hökmlərinin çıxarılması kimi hallara da toxunulub.
ABŞ bu qətnaməyə səsvermədə bitərəf qalıb. Bununla belə, Birləşmiş Ştatların BMT-dəki nümayəndəliyi sonradan yaydığı bəyanatda vurğulayıb ki, ABŞ-ın bitərəf qalması yanlış anlaşılmamalı və “Vaşinqtonun Tehranla bağlı mövqeyinin yumşalması” kimi yozulmamalıdır.
ABŞ nümayəndəsi Den Neqriya bəyanatında izah edib ki, Vaşinqtonun bitərəf qalmasının səbəbi qətnamənin İran hökumətinin etirazçılar və saxlanılan şəxslərlə rəftarını pisləməsinə baxmayaraq, “Tehranın məsuliyyətə cəlb edilməsi” məsələsində kifayət qədər qətiyyətli olmamasıdır.
Bəyanatın davamında deyilir: “Qətnamədə diqqəti əsas məqsəddən yayındıra biləcək ifadələrdən istifadə olunub. Bu səbəbdən ABŞ bu mətnə dəstək verə bilməyib və səsvermədə bitərəf qalıb”.
ABŞ nümayəndəsi bəyanatın sonunda yazıb: “Dünyaya mesajımız sadə və aydındır: İran rejiminin maliyyə resurslarına çıxış əldə etməsinə imkan verməyin. Çünki o, bu resurslardan öz xalqına qarşı şər əməllərini və repressiyalarını davam etdirmək üçün istifadə edir”.
Ötən il də oxşar qətnamə bu ilki səsverməyə yaxın nəticələrlə qəbul edilmişdi.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi