Dünən ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranın nüvə problemlərinin İsrailin hücumuna ehtiyac olmadan həll olunacağına ümid etdiyini bildirib.
Donald Tramp İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı suala belə cavab verib: “Aydındır ki, mən bu suala cavab verməyəcəm. Nə baş verəcəyini görməliyik”.
ABŞ prezidenti əlavə edib ki, bu digər addımların [İsrailin İranın nüvə obyektlərinə hücumu] atılmasına ehtiyac olmasa, “həqiqətən də gözəl olardı”.
Cənab Tramp həmçinin təfərrüatları açıqlamadan bu məsələ ilə bağlı yaxın günlərdə bir sıra yüksək vəzifəli şəxslərlə görüşəcəyini bildirib.
O, “Tehranın razılaşacağına” ümid etdiyini bildirib, lakin əlavə edib ki, “razılıq verməsə, problem deyil”.