Cümə axşamı , Oktyabr 15 2026
azfa

Tramp Rza Pəhləvi ilə görüş barədə: “İndi uyğun zaman deyil”

GADTB: ABŞ prezidenti Donald Tramp Rza Pəhləvi ilə mümkün görüş ehtimalı ilə bağlı suala cavab olaraq bildirib ki, mövcud şəraitdə belə bir görüşü prezidentlik mövqeyinə uyğun hesab etmir.

Tramp qeyd edib ki, Rza Pəhləvini “izləyib” və onun “pis insan təsiri bağışlamadığını” düşünür. Bununla yanaşı, o vurğulayıb:

“Hamıya səhnəyə çıxmaq imkanı vermək lazımdır və görək proseslərin içindən kim çıxacaq. İndi bu addımın uyğun olub-olmadığına əmin deyiləm.”

Bu açıqlama, dünən axşam saatlarında bəzi farsdilli və Pəhləvi tərəfdarı media orqanlarının, Trampa yaxınlığı ilə tanınan sağçı amerikalı fəal Laura Lumerə istinadən yaydığı iddialarla eyni vaxta təsadüf edir. Sözügedən iddialarda İran daxilində etirazların genişləndiyi bir vaxtda Rza Pəhləvinin guya gələn çərşənbə axşamı “Qüds üçün dua səhər yeməyi” adlı tədbirdə iştirak etmək məqsədilə Trampın Mar-a-Laqo iqamətgahına səfər edəcəyi irəli sürülmüşdü.

Lakin Trampın son açıqlamaları bu ehtimalları faktiki olaraq təkzib edir və onun hazırkı mərhələdə Rza Pəhləvi ilə görüşü prezidentlik məsuliyyəti çərçivəsində uyğun saymadığını göstərir.

Qeyd edək ki, bundan əvvəl də ABŞ-ın “Amerikanın Səsi” radiosu və televiziya kanalının fars bölməsinin yeni rəhbəri Əli Cavanmərdi bildirmişdi ki, ABŞ hökuməti və şəxsən Donald Tramp Rza Pəhləvini dəstəkləmir və o, Tramp administrasiyasının İranın gələcəyi ilə bağlı nəzərdə tutduğu siyasi alternativlər sırasında yer almır.

Trampın son mövqeyi bir daha göstərir ki, bəzi media və siyasi çevrələrin apardığı təbliğatın əksinə olaraq, ABŞ hökuməti indiyədək Rza Pəhləviyə İran üçün siyasi alternativ kimi açıq və rəsmi dəstək nümayiş etdirməyib.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …