
GADTB: Daxildən çətinliklə əldə edilən pərakəndə məlumatlara əsasən, molla rejimi internetin tam kəsilməsi şəraitində zorakılıq və qətliamla etirazları yatırmağa çalışır.
Cümə axşamından etibarən İranda internetdəki pozuntular kəskinləşmiş, ölkənin müxtəlif bölgələrində baş verən genişmiqyaslı xalq etirazlarından sonra isə tam kəsilmə mərhələsinə keçmişdir.
Bu şəraitdə İranın ali rəhbəri çıxışında etirazçılara hədə dolu mesajlar verərək geri addım atmayacağını bildirib. Bu bəyanatlar, müşahidəçilər tərəfindən zor tətbiqi və qətliamla etirazların yatırılmasına işarə kimi qiymətləndirilir.
Daxildəki bir neçə etibarlı mənbədən alınan və böyük çətinliklə ötürülən məlumatlara görə, etirazlar əvvəlki günlərdən daha geniş şəkildə davam edir.
Diqqətçəkən məqam ondan ibarətdir ki, bu vaxta qədər Tehranda cümə namazının keçirilməsi barədə dövlət televiziyası və rəsmi mediada heç bir məlumat yayımlanmayıb. Əgər namaz baş tutmayıbsa, bu, 1980-ci illərdən bəri ilk dəfə təhlükəsizlik səbəbi ilə cümə namazının keçirilməməsi demək ola bilər.
Eyni zamanda, İranın bütün televiziya kanallarında etirazlarla bağlı proqramlar yayımlanır. Birinci kanalda siyasi şərhçilər efirə çıxarılır və aparıcılar dəfələrlə “ümid edirik ki, dindar insanlar meydana çıxıb etirazçılara qarşı mövqe tutacaqlar” kimi ifadələr işlədirlər.
İkinci kanalda isə saatlardır müxtəlif şəhərlərdən yayımlanan videolarla etirazların miqyası nümayiş etdirilir.
Müşahidəçilərin fikrincə, hakimiyyət indiyədək bu qədər ciddi böhranla üz-üzə qalmamışdı. Sosial şəbəkələrdə yayılan və qadınlar, uşaqlar və etirazçı mülki şəxslərə qarşı zorakılığı və qətliamı əks etdirən videolar isə vəziyyətin nə dərəcədə ağır olduğunu göstərir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi