
GADTB: Təbrizdə yaşayan azərbaycanlı fəal Yunis Mərami 1404-cü ilin tir ayının 10-u axşam saatlarında molla rejimin qüvvələri tərəfindən saxlanılaraq ETELAAT-a aparılıb.
Ailəsinə yaxın məlumatlı bir mənbənin bildirdiyinə görə, saxlanma zamanı mülki geyimli məmurlar evdə tam axtarış aparıb, Yunis Məramiyə məxsus mobil telefon, noutbuk və digər elektron qurğuları müsadirə ediblər. Həmçinin onun qızı Halə Məramiyə məxsus telefon və noutbuk da yoxlanılıb.
Eyni mənbə açıqlayıb ki, Yunis Mərami mordad ayının 27-də Təbriz Mərkəzi Həbsxanasına köçürülüb və daha sonra 15-ci şöbə tərəfindən “rejim əleyhinə təbliğat” və “casusluq” kimi ittihamlarla üzləşdirilib. Ailə üzvləri bildirirlər ki, bu ittihamlara dair onlara heç bir sənəd və ya izahat təqdim olunmayıb.
Məruzələrə əsasən, Yunis Mərami təxminən beş aydır hər hansı hüquqi əsas göstərilmədən görüş və telefon danışığı hüququndan məhrum edilərək Təbriz Mərkəzi Həbsxanasının karantin bölməsində saxlanılır.
Mərami ailəsi bildirir ki, saxlanıldığı gündən bu yana ondan heç bir dəqiq məlumat almayıblar və məsul qurumlar fəalın sağlamlıq durumu, psixoloji vəziyyəti və saxlanma şəraiti barədə ailəyə heç bir məlumat vermirlər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi