
GADTB: Mərənddə həbs olunan Güney Azərbaycan milli fəalı Əlirza Fərşi, dəfələrlə müraciət etməsinə baxmayaraq, təhlükəsizlik qurumlarının müdaxiləsi səbəbilə hələ də məzuniyyət hüququndan məhrum edilir.
“Abbas Lisaninin məlumat səhifəsi”nin verdiyi xəbərə görə, Fərşinin yaxınları bildiriblər ki, uzun sürən hüquqi müraciətlərə baxmayaraq, o hələ də qeyri-qanuni şəkildə məzuniyyətə buraxılmır. Məlumata əsasən, 8 azər – şənbə günü həbsxanalara nəzarət üzrə müşahidəçi məsul şəxsin Mərənd həbsxanasına etdiyi səfər zamanı, Fərşiyə müraciətlərinin cavabsız qalmasının səbəbi açıqlanıb.
Əlirza Fərşinin sözlərinə görə, Mərənd İcra Şöbəsinin 1-ci bölməsinin rəisi və həbsxanaya nəzarət edən şəxs Rəsul Aşuri, ona belə deyib:
“ETTELAAT əməkdaşları bizdən sizin məzuniyyət tələbinizlə razılaşmamağımızı istəyiblər. Səbəb isə sizin son Instagram paylaşımınızdır. Siz həmin paylaşımda həbsxananın vəziyyəti barədə məlumat yaymısınız və bu, insan hüquqları qurumlarında həssaslıq yaradıb.”
Bu açıqlama yenidən göstərir ki, milli fəalların dosyelərinə təhlükəsizlik qurumlarının birbaşa və gizli müdaxilələri davam edir və məhkəmə sistemi müstəqil qərar vermək imkanından uzaqdır. Bu kimi müdaxilələr təkrar-təkrar ədalətsiz hökmələrə, məhbusların qanuni hüquqlarının pozulmasına və adi məzuniyyət kimi hüquqlardan belə məhrum edilməsinə səbəb olur.
Xatırladaq ki, Əlirza Fərşi 29 mordad 1404 tarixində Mərənd məhkəməsinə müraciət etdikdən sonra polis tərəfindən saxlanılaraq 8 aylıq həbs cəzasını çəkmək üçün Mərəndin Mərkəzi Həbsxanasına köçürülmüşdü. Onun 8 aylıq həbsi Tehran İnqilab Məhkəməsinin 23-cü şöbəsi tərəfindən çıxarılıb və Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən heç bir dinləmə keçirilmədən olduğu kimi təsdiqlənmişdi.
Fərşi bundan əvvəl də dəfələrlə onun haqqında açılmış cinayət işinin qeyri-qanuni şəkildə Tehranın Baharistan prokurorluğunda aparılmasına etiraz etmişdi. Çünki onun yaşayış yeri Mərənd olduğu üçün iş üzrə bütün proseslər hüquqa əsasən məhz Mərənd məhkəmə dairəsində aparılmalı idi.
Bu son hadisə də bir daha göstərir ki, milli fəalların hüquqları sistematik şəkildə pozulur və şəffaflıq tələbləri qarşısında cəza və məhdudiyyətlər daha da sərtləşdirilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi