Cümə axşamı , Dekabr 26 2024
azfa

28 aprel işğalı qərb tarixşünaslığının işığında

GADTB: 70 il sovet tarix elmində Şimali Azərbaycanın sovet Rusiyası tərəfindən işğalının həqiqi tarixi təhrif olunmuş istiqamətdə tədqiq və təbliğ olunub.

Sovet tarixçiləri AXC-nin mövcud olduğu 23 aylıq dövrü “müsavat hakimiyyəti” dövrü kimi qeyd edib, bu dövlətin dövlət quruculuğu, sosial-iqtisadi, mədəni və hərbi sahələrdə həyata keçirmiş olduğu tədbirlərdən bir cümlə belə yazmayıb, yazdıqları əsərlərdə isə tarixi həqiqətlər təhrif olunmuş formada təqdim edilib. Həmin tarixçilər real tarixi faktlara istinad etmədən AXC-ni xarici dövlətlərdən “asılı” olan, onların “diqtəsi ilə hərəkət edən” hökumət olduğunu yazıblar. Halbuki, AXC hökumətinin fəaliyyət göstərdiyi 23 ay ərzində heç bir dövlətin diqtəsi ilə işləmədiyini və heç bir dövlətdən asılı olmadığını, Şərqdə ilk demokratik, azad və müstəqil dövlət olduğunu öz əməlləri ilə sübut edib. Belə ki, AXC-nin hakimiyyəti dövründə Cümhuriyyətin ilk bayrağı (24 iyun 1918-ci ildə) hökumətin qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilib, indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağ isə dövlət rəmzi olaraq 1918-ci ilin noyabrın 9-da qəbul olunub. İyunun 26-da milli ordu, iyunun 27-də Dövlət dili haqqında qərar qəbul edilib. Cümhuriyyət dövründə 637 ibtidai məktəb və 23 orta ixtisas təhsilli məktəb fəaliyyət göstərirdi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 müqəddəs Nina qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi vardı. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan AXC Parlamenti dövründə vətəndaşlıq, ümumi hərbi mükəlləfiyyət, mətbuat, Milli Bankın təsisi, Bakı Dövlət Universitetinin yaradılması, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi, məhkəmə qanunvericiliyi haqqında və s. sənədlər müzakirə edilərək qəbul edilib. AXC-nin mövcud olduğu dövrdə həyata keçirilmiş tədbirlərin bir qisminin şərhindən belə məlum olur ki, Cümhuriyyət hökuməti qısa bir müddətdə Azərbaycan xalqı üçün çox işlər görüb. Lakin sovet tarixçiləri AXC hökumətinin həyata keçirdiyi və yuxarıda qeyd olunan sosial, iqtisadi, mədəni, hərbi və siyasi tədbirlərin tarixi təhlilini aparmayıb, əvəzində isə real tarixi hadisələri təhrif etməklə yazıblar.

Qərb tarixşünaslığının təhlil olunması 1917-1920-ci illərdə baş vermiş tarixi hadisələrə obyektiv qiymət verilməsinə şərait yaradır. Qərb tarixçilərin əsərlərinin ideya xəttinə iki sistemin – kapitalizmlə sosializm sistemlərinin qarşılıqlı mübarizəsinin doğurduğu “soyuq müharibə” dövrünün təsiri böyük olub.

Xarici tarixşünaslıqda yazılanlar marksizm-leninizm metodologiyasından uzaq olduğuna görə, onlarda obyektivlik daha çox idi. Sovet elmi ədəbiyyatında problemlə əlaqədar tarixi həqiqətlərin təhrif edildiyi bir dövrdə qərb tarixçilərinin 1917-1920-ci illərin ictimai-siyasi hadisələri ilə əlaqədar olaraq tədqiqatlar aparmaları Qafqaz xalqlarına, o cümlədən Azərbaycan tarixinə verilən böyük töhfə idi. Bu baxımdan, onların elmi tədqiqatları yüksək qiymətləndirilməlidir. 1917-1991-ci illərdəki Qərb tarixşünaslığını sovet tarixşünaslığının alternativi kimi də xarakterizə etmək olar.

Qərb tarixşünaslığında Azərbaycanın sovet Rusiyası tərəfindən işğalında “fəhlə-kəndli inqilabı”nın rolu olmadığı, yalnız bolşevik ordusunun hərbi təcavüzü nəticəsində mümkün olduğu (işğalçılıq faktı) fikri önə çəkilirdi. Sovet tarix elmi isə Qərb tarixçilərinin “bolşevik ordusunun hərbi təcavüzü (işğalçılıq)” xəttinə qarşı, yerlərdə sovet hakimiyyətinin qurulmasını “fəhlə-kəndli inqilabı” nəticəsində baş verdiyi, Sovet Rusiyası yalnız xalqın “xahişi” ilə onlara hərbi yardım etdiyi xətti üzərində dayanırdı. Lakin SSRİ dağılandan sonra Qərb tarixçilərinin irəli sürdüyü “işğalçılıq” xətti öz doğruluğunu sübut etdi. Bu gün, həm müasir Rusiya tarix elmində, həm də çağdaş Azərbaycan tarix elmində, vaxtilə Qərb tarixşünaslığında irəli sürülən “işğalçılıq” xətti, demək olar ki, əsas kimi qəbul olunur.

Bu məqalədə Qərb tarixşünaslığının bir qisminin təhlil olunması oxucular üçün də maraqlı olacağı qənayətindəyik.

Firuz Kazımzadənin “Zaqafqaziya uğrunda mübarizə…” adlı əsəri birinci dəfə Amerikada 1951-ci ildə, təkrar olaraq 2010-cu ildə Eldar İsmayılovun redaktorluğu ilə nəşr olunub. F.Kazımzadə 2007-ci ildə 1951-ci ildə yazdığı kitabla əlaqədar olaraq öz fikirlərini belə şərh edib: “Mən bu kitabı yazanda Sovet İttifaqı özünün ən yüksək mərhələsində idi və kommunizmin Lenin-Stalin variantı dünya üçün ən təhlükəli qəbul olunurdu”.

Əsərdə, Zaqafqaziyanın qədim tarixindən başlamış sovet hakimiyyətinin qurulması da daxil olmaqla, burada gedən proseslərdən, o cümlədən 1917-1920-ci illərdə Zaqafqaziyada baş vermiş ictimai-siyasi hadisələrdən bəhs olunur.

F.Kazımzadə 1920-ci il aprelin 27-də AXC parlamentinin iclasının getdiyi bir vaxtda XI qırmızı orduunn Yalama və Xudat dəmiyolu stansiyalarını işğal etdiyini göstərib. Müəllifin fikrincə, aprelin 28-də AKP MK-nın Moskvaya, Qırmızı Ordunu köməyə göndərilməsi ilə əlaqədar olaraq etdiyi müraciətin məqsədi ondan ibarət idi ki, guya, Azərbaycan hökumətinin devrilməsi Rusiya işğalı ilə deyil, yerli bolşeviklərin əli ilə olub. Azərbaycan Cümhuriyyəti Rusiyanın, bilavasitə, hərbi təcavüzü nəticəsində süqut etdikdən sonra Moskvada Sovet Azərbaycanı ilə Rusiya arasında iqtisadi və hərbi ittifaq müqaviləsi imzalandı. Bu müqavilə ilə iki ölkənin maliyyə və dəmir yolu, teleqraf və poçt, xarici ticarət, təsərrüfat orqanları və silahlı qüvvələrinin birləşdirildiyi elan olunurdu. Beləliklə, qısa bir vaxtda Azərbaycan öz adını və müstəqil dövlətin xarici atributlarını saxlamasına baxmayaraq, yenidən Rusiyanın təsiri altına düşdü.

Qərb tarixçilərindən T.Svyatoçovski “Rusiya Azərbaycanı 1905-1920-ci illər” adlı əsərində Cümhuriyyətin gələcək taleyində daxili amillə yanaşı, xarici faktorların da xüsusi önəm daşıdığını və bu amillərdən Rusiya faktorunu qeyd edərək yazırdı: “Güman olunurdu ki, Rusiyada vətəndaş müharibəsi qurtardıqdan sonra azad, çiçəklənən Azərbaycan üçün parlaq perspektivlər açılacaqdır. Lakin həmin perspektivlər iki sualın cavabından asılı idi: Rusiyada gedən mübarizədə kim qalib gələcək? Daha mühüm sual isə bu idi ki, qalib gələnin özünü Rusiya əsarətindən xilas etmiş Azərbaycana münasibəti necə olacaq?”. Müəllifin qeyd etdiyi həmin amillərdən, nəinki Azərbaycanın, eləcə də bütün Qafqazın taleyi asılı idi.

Məlumdur ki, bolşevik Rusiyası 1918-1920-ci illərdə vətəndaş müharibəsində qalib gəldikdən sonra keçmiş imperiyanın sərhədlərini bərpa etmək və müstəqillik uğrunda mübarizə aparan xalqlara qarşı işğalçılıq siyasəti yeritməyə başlayıb.

T.Svyatoçovskinin “Rusiya və Azərbaycan: sərhədyanı bölgə keçid dövründə” adlı digər bir əsərində Azərbaycanın müstəqilliyi Şərq xalqları ilə əlaqələr üçün nə qədər əhəmiyyətli olsa da, Moskva bu müstəqilliyin uzun müddət hökm sürməsinə dözə bilmədiyini qeyd edib.

Alman tarixçisi Yorq Baberovski “Düşmən hər yerdədir. Qafqazda Stalinizm” adlı əsərində 1920-ci il aprel ayının 28-də Azərbaycanın işğal olunmasına münasibət bildirərkən, bu işğalı “Sovet Rusiyasının 11-ci ordusunun təcavüzü” ilə əlaqələndirib və bolşeviklərin işğalçı kimi gəldiklərini göstərib.

Beləliklə, problemlə əlaqədar olaraq Qərb tarixşünaslığının müəyyən bir qisminin təhlili aşağıdakı nəticələrə gəlməyə imkan verir: 1. Qərb tarixşünaslığını, 1917-1920-ci illərin ictimai-siyasi hadisələrinə müəyyən qədər obyektiv yanaşdıqlarına görə, 70 il sovet tarix elminə alternativ tarixşünaslıq kimi qiymətləndirilməlidir. 2. “Proletar inqilabı” ideyası Rusiya imperiyasının ucqarlarında yaşayan xalqlar tərəfindən qəbul olunub. 3. Yerlərdə sovet hakimiyyətinin qurulması zorakı metodlarla müşayiət edilib. 4. AXC-nin süqutunda və Azərbaycanda 1920-ci il 28 aprel işğalında fəhlə və kəndlilərin rolu, sovet tarixşünaslığında yazıldığı kimi, yəni aparıcı olmayıb, işğal bolşevik ordusunun gücü ilə baş verib.

Məqalənin sonunu Məhəmməd Əmin Rəsulzadənin 1923-cü ildə yazmış olduğu “Azərbaycan Cümhuriyyəti” əsərindəki “Rus hankı dinə girirsə-girsin yenə rusdur. Qara da olsa, qızıl da olsa rus imperializmi-imperializmdir. Rusiyada təbəddül edəcək şey, onun üsuli-idarəsidir” cümləsi ilə bitirmək istəyirəm.

Vaqif ŞİRİNOĞLU

Tarix üzrə elmlər doktoru

Həmçinin yoxlayın

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı Fransaya xəbərdarlıq etdi

GADTB: Türkiyə Milli Müdafiə Nazirliyi Fransaya məxsus döyüş təyyarəsinin Şimali Kipr Türk Cümhuriyyətinin hava məkanını …

Bir cavab yazın