
GADTB: The National İnterest nəşri yaydığı geniş təhlildə İran rəsmilərinin aktivlərini müxtəlif üsullarla xaricdə gizlətməsi ilə bağlı iddiaları araşdırıb.
Məqalədə qeyd olunur ki, bu məqsədlə “qızıl pasportlar”, ofşor şirkətlər və lüks daşınmaz əmlak kimi alətlərdən istifadə edilir. Bildirilir ki, bu şəbəkələr ölkələr arasındakı hüquqi fərqlərdən yararlanaraq maliyyə axınlarını gizlətməyə və sanksiyalardan yayınmağa imkan yaradır.
Hesabatda vurğulanır ki, əsas üsullardan biri “qızıl pasportlar”dır. Bu sistem çərçivəsində bəzi ölkələr — o cümlədən Kipr və Karib hövzəsindəki bir sıra dövlətlər — müəyyən maliyyə ödənişləri müqabilində vətəndaşlıq təqdim edir. Bu isə sərbəst hərəkət və hüquqi məhdudiyyətlərin aşılması baxımından əlavə imkanlar yaradır.
Nəşr həmçinin bildirir ki, geniş şəkildə istifadə olunan digər vasitə aşağı şəffaflığa malik ölkələrdə qeydiyyatdan keçən ofşor (şirkətlərdir). Bu şirkətlər vasitəsilə çoxqatlı mülkiyyət zənciri qurulur və maliyyə mənbələrinin izlənməsi çətinləşir. Bu kontekstdə Lüksemburq, Niderland və Men adası kimi yurisdiksiyalar qeyd olunur.
Təhlildə əlavə olunur ki, Avropadakı lüks daşınmaz əmlak bazarı da kapitalın yerləşdirilməsi və saxlanılması üçün əsas vasitələrdən biri hesab olunur. Qeyd edilir ki, bu bazar sabitlik, nağd ödəniş imkanları və bəzi hallarda məhdud nəzarət səbəbindən qeyri-şəffaf maliyyə axınları üçün cəlbedici ola bilər.
Məqalədə həmçinin iddia edilir ki, bu mexanizmlər vasitəsilə neft gəlirlərinin bir hissəsi rəsmi çərçivədən kənar dövriyyəyə yönləndirilə və müxtəlif regional fəaliyyətlərin maliyyələşdirilməsində istifadə oluna bilər.
Sonda nəşr vurğulayır ki, bu cür halların qarşısını almaq üçün ABŞ və müttəfiqləri arasında daha sıx əməkdaşlıq, “qızıl pasport” proqramları təqdim edən ölkələrə təzyiqlərin artırılması və xüsusilə ofşor şirkətlər və daşınmaz əmlak sahəsində maliyyə şəffaflığının gücləndirilməsi vacibdir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi