Sayın Mikayil bəy Oyta Sidneydə Asiya multikultural icmasının təşkil etdiyi tədbirdə çıxış edib-Video

GADTB: 23 may tarixində Avstraliyanın Sidney şəhərində Asiya multikultural icmasının tədbiri keçirilib. Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azarsun rəsmi dəvətlə həmin tədbirə qatılıblar.

Tədbir Asiya multikultural bölməsi olan “Bundhu” təşkilatı tərəfindən təşkil olunub. Proqram çərçivəsində müxtəlif xalqlar öz milli geyimlərini, milli mətbəx nümunələrini və folklor rəqslərini nümayiş etdiriblər.

Tədbirdə həmçinin aşağıdakı rəsmi şəxslər iştirak ediblər:

Brendon Aborigen Şurasının nümayəndələri

Millət vəkili Ceyson Yat-Sen Li

Devid Mensford Şurasının nümayəndələri

Devid, Yeni Cənubi Uels parlament üzvü

Millət vəkili xanım Salli Situ

Tədbirdə Türkiyə, Azərbaycan, Çin, Koreya, Monqolustan, Banqladeş və Vyetnam icmaları da iştirak edərək öz mədəniyyətlərini təqdim ediblər.

Tədbirdə sayın Mikayil bəy Oyta ingiliscə çıxış edib. Çıxışn videosunu və Azərbaycan türkcəsinə tərcüməsini təqdim edirik:

Hörmətli xanımlar və cənablar, dəyərli qonaqlar,

Avstraliya Azərbaycanlıları Assosiasiyası adından — hansı ki, mən burada prezidentiyəm və eləcə də Cənubi Azərbaycan Demokratik Türk Birliyi (GADTB) üzrə Beynəlxalq Əlaqələr üzrə Baş Rəhbər kimi fəaliyyət göstərirəm — bu çoxmədəniyyətli tədbirin təşkilatçılarına səmimi təşəkkürümü bildirirəm.

Xüsusilə Dr Nazlee Seddigui və xanım İnderilla’ya bizi bu tədbirə dəvət etdiklərinə və icmaları dostluq, anlayış və hörmət çərçivəsində bir araya gətirdiklərinə görə təşəkkür edirəm.

Həmçinin bu torpağın Ənənəvi Sahiblərini hörmətlə anır, keçmiş və bugünkü Ağsaqqallara dərin ehtiramımı bildirirəm. Bu torpaq həmişə aborigenlərin torpağı olmuşdur və belə olaraq qalacaqdır.

Biz haradan gəlməyimizdən asılı olmayaraq hamımız avstraliyalıyıq. Biz bu ölkəni sevir və ona hörmət edirik. Avstraliya dünyanın ən böyük çoxmədəniyyətli ölkələrindən biridir; burada müxtəlif mədəniyyətlərə, dillərə və inanclara sahib insanlar sülh və harmoniya içində yaşayırlar.

Bu gün qısa olaraq Azərbaycan haqqında — bizim tariximiz, mədəniyyətimiz və irsimiz barədə danışmaq istərdim. Azərbaycan “Odlar Yurdu” kimi tanınır, çünki zəngin təbii qaz və neft ehtiyatlarına malikdir və bu da tarix boyu bölgəmizi Şərq və Qərb arasında mühüm bir körpü halına gətirmişdir.

XIX əsrə qədər Azərbaycan Qacar dövlətinin tərkibində vahid bir ərazi idi. Lakin 1800-cü illərin əvvəllərində Rusiya işğalı və müdaxiləsindən sonra vətənimiz iki hissəyə bölündü: Şimali Azərbaycan və Cənubi Azərbaycan.

Şimali Azərbaycan 1918-ci ilə qədər Rusiya nəzarətində qaldı və həmin il Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Cəmi 22 ay mövcud olmasına baxmayaraq, bu respublika müsəlman dünyasında ilk demokratik respublikalardan biri oldu və bir çox ölkədən əvvəl qadınlara səsvermə hüququ verdi.

Təəssüf ki, 1920-ci ildə Qızıl Ordu yenidən Azərbaycana daxil oldu, çoxsaylı insanın həyatına son qoydu və ölkəni SSRİ-yə birləşdirdi.

Sovet İttifaqının dağılmasından sonra və Azərbaycan xalqının böyük etirazları və fədakarlıqları nəticəsində Azərbaycan Respublikası 1991-ci ildə yenidən müstəqilliyini qazandı.

Lakin bu gün də 40 milyondan çox azərbaycanlı Cənubi Azərbaycanda yaşayır və bu ərazi hazırda İran rejiminin nəzarətindədir. Orada insanlar öz ana dillərində təhsil ala bilmirlər. Cənubi Azərbaycanda bir çox insanlar mədəni hüquqlar, azadlıq və şimaldakı — Azərbaycan Respublikası ilə birlik arzusu ilə yaşayırlar.

Azərbaycan həm də zəngin mədəniyyət və ənənələr ölkəsidir. Bizim ənənəvi yeməklərimizə dolma, kabab, plov, müxtəlif şorbalar (aş), həmçinin paxlava daxildir və bunlar qonaqpərvərlik və səxavət rəmzi olaraq ailə və qonaqlarla paylaşılır.

Ənənəvi Azərbaycan geyimləri rəngarəng, zərif və regionun tarix və kimliyi ilə sıx bağlıdır. Ən sevimli bayramlarımızdan biri Novruz Bayramıdır — yazın və yeni başlanğıcların bayramı — musiqi, rəqs, ailə görüşləri və ənənəvi yeməklərlə qeyd olunur.

Azərbaycan həmçinin əl toxunuşlu xalçaları ilə məşhurdur, xüsusilə Cənubi Azərbaycandakı Təbriz xalçaları dünyanın ən incə xalçalarından sayılır. Təəssüf ki, bunların bir çoxu beynəlxalq səviyyədə “fars xalçaları” kimi tanınır, halbuki onların kökü Azərbaycan mədəniyyətinə aiddir. Təbriz Azərbaycan pişiyi də geniş şəkildə “fars pişiyi” adı ilə tanınır.

Cənubi Azərbaycanın paytaxtı olan Təbriz şəhəri dünyanın ən qədim və ən böyük örtülü bazarlarından birinə ev sahibliyi edir. Hətta Marko Polo öz səyahətlərində bu şəhəri təsvir etmişdir. Bu bazar öz memarlığı, sənətkarlığı və tarixi əhəmiyyəti ilə məşhurdur.

Şimali Azərbaycan isə çoxmədəniyyətli və müxtəlif bir ölkədir. Müsəlmanlar, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri əsrlər boyu burada sülh içində yaşamışlar.

Azərbaycan həm də daha geniş türk dünyasının bir hissəsidir — Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Şərqi Türküstan, tatarlar və bir çox digər xalqlarla birlikdə.

Bu gün biz bütün xalqlar və millətlər üçün sülh, ədalət, insan hüquqları və mədəni kimlik uğrunda dayanmağa davam edirik.

Diqqətinizə görə çox təşəkkür edirəm.

Çıxışın videosu:

https://t.me/GADTB1/53249

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə və sayın İsa bəy Qəmbərin “TBA TV“də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Molla rejimi tarixi Azərbaycan ərazisi Qəzvində 96 nəfərin əmlakını müsadirə etdi

GADTB: Qəzvin prokurorluğu İran daxilində və ölkə xaricində yaşayan 96 nəfərin əmlakının müsadirə edildiyini açıqlayıb …