Bazar ertəsi , İyun 1 2026
azfa

Tramp İranla razılaşma məsələsində ona yönələn daxili təzyiqləri tənqid edib

GADTB: ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşdığı yeni mesajında administrasiyasının İran hakimiyyəti ilə mümkün razılaşmaya dair siyasətinə yönələn tənqidləri hədəf alaraq bildirib ki, bu cür təzyiqlər onun işini “daha da çətinləşdirir”.

Tramp paylaşımında vurğulayıb ki, “İran həqiqətən də razılaşma əldə etmək istəyir və bu razılaşma həm ABŞ, həm də bizim tərəfdaşlarımız üçün yaxşı olacaq”.

ABŞ prezidenti demokratları istehza ilə “Damokratlar” adlandıraraq, onları və “guya vətənpərvər olmayan bəzi respublikaçıları” tənqid edib. O yazıb ki, siyasi fürsətçilərin davamlı şəkildə mənfi açıqlamalar verməsi, ondan daha sürətli və ya daha yavaş hərəkət etməyi, müharibəyə başlamağı və ya başlamamağı tələb etməsi danışıqlar prosesini çətinləşdirir.

Tramp İranla mümkün razılaşma ilə bağlı tənqidçilərinə müraciətlə bildirib: “Sadəcə sakit olun və dincəlin; sonda hər şey yaxşı olacaq — indiyədək həmişə belə olub”.

ABŞ administrasiyası artıq bir neçə həftədir ki, İran hakimiyyəti ilə mümkün razılaşmanın əldə olunması məqsədilə danışıqlar aparır.

Tramp dəfələrlə bəyan edib ki, belə bir razılaşmanın əldə olunmasında tələsmir. O bildirib ki, əgər İran ABŞ-ın irəli sürdüyü tələbləri qəbul etməsə, ciddi nəticələrlə üzləşə bilər.

Qeyd olunur ki, Tramp yalnız İranla mümkün hərbi qarşıdurma məsələsində deyil, həm də Vaşinqton və Tehran arasında razılaşmaya yaxınlaşma barədə xəbərlər yayıldıqca artan siyasi tənqidlərlə üz-üzə qalır.

Həmçinin yoxlayın

ABŞ İranın cənubunda hərbi obyektlərə zərbələr endirib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son iki gün ərzində İranın Qeşm adası və Sirik bölgəsində …

Azərbaycan Milli Hərəkatının üç fəalının həbs hökmü apellyasiya məhkəməsində qüvvədə saxlanılıb

GADTB: Azərbaycan Milli Hərəkatının fəalları Əmin Təqizadə, Səməd Heydəri və Rza Səlimi əvvəllər Təbriz İnqilab …