
GADTB: Dünən İrəvanda Ermənistan İqtisadiyyat Nazirliyində İran və Ermənistan rəsmilərinin iştirakı ilə iki ölkə arasında ticarət və tranzitin inkişafına həsr olunmuş görüş keçirilib. Tədbirə İranın İrəvandakı səfiri Xəlil Şirqulami də qatılıb.
Görüşdə İranın Yol və Nəqliyyat Təşkilatının rəhbəri Rza Əkbəri ölkəsinin beynəlxalq Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərindəki strateji mövqeyini vurğulayaraq, tranzit və logistika potensialından tam şəkildə istifadənin vacibliyini qeyd edib. O bildirib ki, Ermənistan coğrafi mövqeyi və tarixi əlaqələri baxımından İranın mühüm tərəfdaşlarından biri sayılır.
Ermənistanın iqtisadiyyat nazirinin müavini isə nəqliyyat sahəsində mövcud maneələrin aradan qaldırılması, tranzit xərclərinin azaldılması və sərhəd-keçid məntəqələrinin daha səmərəli təşkili istiqamətində əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildirib. Eyni zamanda, sərhəd bölgəsində yeni körpünün tikintisi perspektivləri nəzərdən keçirilib.
İranın Ermənistandakı səfiri də danışıqların müsbət atmosferdə keçməsini alqışlayaraq, iqtisadi diplomatiya çərçivəsində bu razılaşmaların həyata keçirilməsinə tam dəstəyini vurğulayıb.
Sonda tərəflər Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi və bölgənin tranzit imkanlarından daha səmərəli istifadə olunması yönündə əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bildiriblər. /Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi