Çərşənbə axşamı , İyul 21 2026
azfa

Abbas Lisaninin səhhəti ilə bağlı narahatlıq; Evin həbsxanasında təyin olunmuş dərmanlara çıxışına maneə yaradılır

GADTB: Evin həbsxanasında saxlanılan Azərbaycanlı fəal Abbas Lisani həbsinin doqquzuncu ayına daxil olduğu bir vaxtda hələ də hüquqi qeyri-müəyyənlik şəraitində saxlanılır və tibbi xidmətlərə, eləcə də həkim tərəfindən təyin edilmiş dərmanlara çıxışında məhdudiyyətlərlə üzləşir.

Daxil olan məlumatlara əsasən, Lisani həbsxanada nevroloq tərəfindən müayinə olunduqdan sonra bel yırtığı xəstəliyinin müalicəsi üçün vitamin preparatları, qida əlavələri və ağrıkəsici dərmanlara ehtiyac duyub. Lakin həbsxana rəhbərliyinin indiyədək bu dərmanları tam və düzgün şəkildə ona təqdim etmədiyi bildirilir.

Məlumata görə, həbsxana rəhbərliyi dərmanların “nəzarət altında olduğu” əsasını gətirərək, onların qablaşdırılmış və dərman məlumatları göstərilmiş formada Abbas Lisaninin ixtiyarına verilməsindən imtina edib. Lisani isə mütəxəssis həkim tərəfindən təyin olunmuş dərmanların üzərində məlumat olmadan və adi qaydalardan kənar şəkildə xəstəyə təqdim edilməsinin düzgün olmadığını bildirərək, üzərində dərman məlumatları olmayan preparatları qəbul etmədiyini açıqlayıb.

Bu vəziyyətin davam etməsi Abbas Lisaninin ailəsi və yaxınlarının onun səhhətinin daha da pisləşə biləcəyi ilə bağlı narahatlıqlarını artırıb. O, uzun illərdir bel diski xəstəliyindən əziyyət çəkir və daha əvvəl bir neçə dəfə ozon terapiyası da daxil olmaqla müxtəlif ixtisaslaşmış müalicələr alıb.

Abbas Lisani və Yusif Kari, Əli Xeyircu və Bəhzad Dəşti ilə birlikdə noyabr 2025-ci il tarixində Evin həbsxanası qarşısında saxlanılıblar. Onlara qarşı “qanunsuz qrup yaratmaq və ya ona üzv olmaq”, “ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq” və “ictimai asayişi pozmaq” kimi ittihamlar irəli sürülüb.

Əli Xeyircu və Bəhzad Dəşti sonradan girov qarşılığında azad edilsələr də, Abbas Lisani və Yusif Kari hələ də Evin həbsxanasında saxlanılırlar.

Həmçinin yoxlayın

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni qiymətləndirməsi: ABŞ-ın hücumlarının İranı mövqeyini dəyişməyə məcbur etməsi çətin görünür

GADTB: The Washington Post qəzeti ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) yeni kəşfiyyat qiymətləndirməsinə istinadən yazıb …

Con Bolton: Qisas kifayət deyil; SEPAH-ı məhv etmək üçün etnik qruplarla əməkdaşlıq edilməlidir

GADTB: ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Vaşinqtonun məqsədi yalnız amerikalı əsgərlərin …