
GADTB: ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, İranın son «50 il ərzində» ABŞ əsgərlərini və iranda etirazçıları öldürməsinə görə bu ölkədən «təzminat» tələb edir və məsələnin Tehranla gələcək danışıqlarda gündəmə gətirilməsini istəyir.
Donald Tramp özünün «Truth Social» sosial şəbəkəsində yazıb: «İran İslam Respublikasının nümayəndələrinin son beş ayda həyata keçirilən hərbi əməliyyatlar nəticəsində dəymiş ziyana görə təzminat tələb etdiyini görürəm. Bu əməliyyat onların nüvə silahına sahib olmasının qarşısını almaq məqsədilə başladılmışdı».
O əlavə edib: «Təzminat məsələsi indiyədək heç bir danışıqlarda və birgə görüşlərdə müzakirə olunmayıb. Amma bu maraqlı fikirdir, çünki indi mən də İrandan təzminat tələb edirəm; yaratdıqları bütün qarşıdurmalara, yol kənarına yerləşdirilən bombalarla öldürdükləri və yaraladıqları bütün insanlara görə. Onlar bununla tanınırlar və bu fəaliyyətə əvvəlcə [Qasım] Süleymaninin rəhbərliyi ilə başlayıblar. Həmçinin “USS Cole” gəmisinə hücum zamanı həlak olanların ailələri və döyüş meydanlarında həyatını itirən minlərlə digər insan üçün də təzminat tələb edilməlidir».
ABŞ Prezidenti vurğulayıb: «Bundan əlavə, İran İslam Respublikası son 50 il ərzində öldürdüyü yüz minlərlə iranlı etirazçının ailələrinə də təzminat ödəməlidir. Bu, son beş ay ərzində öldürülən 52 min nəfərdən əlavədir».
Tramp daha sonra bildirib ki, nümayəndələrinə təzminat məsələsini İran rəsmiləri ilə keçiriləcək «bütün gələcək danışıqlarda ciddi şəkildə» gündəmə gətirməyi tapşırıb.
ABŞ Prezidenti daha bir qısa paylaşımında isə ölkəsinin İran İslam Respublikası ilə danışıqlarına toxunaraq bildirib ki, İran Livan, Suriya, Yəmən və Qəzzada insanlara vurduğu dağıntı və itkilərə görə də məsuliyyət daşımalıdır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi