
GADTB: Moldovalı qaqauz türk müğənnisi Leonida Timoş “Türk Dünyası Gənclər Məclisi”ndə ölməz “Ayrılıq” mahnısını ifa edərək Türkmənçay müqaviləsindən sonra Azərbaycanın tarixi parçalanmasını və Arazın hər iki sahilində yaşayan azərbaycanlı türklərin ayrılıq həsrətini yenidən xatırladıb.
İfa zamanı Türkmənçay müqaviləsi və Azərbaycanın Şimali və Cənubi hissələrə bölünməsi haqqında slaydlar nümayiş etdirilib. Həmçinin Səməd Behrənginin həyatına və onun Araz çayında boğulması hadisəsinə toxunulub. Azərbaycanın tarixi və mədəni yaddaşında Araz çayı ayrılığın rəmzinə çevrilib.
Leonida Timoş ifasının sonunda duyğularını gizlədə bilməyib və gözləri yaşlı halda mahnını tamamlayıb. Bu təsirli an salonda iştirak edənləri də duyğulandırıb.
Proqramın slaydlarından birində belə yazılıb:
“Bəzi çaylar sadəcə axmır; bəzən bir xalqın taleyini müəyyənləşdirir”.
Bu təqdimatda Araz coğrafi sərhəddən daha artıq məna daşıyır: o, ayrılığın, həsrətin və çayın hər iki sahilində yaşayan Azərbaycan türklərinin tarixi bağlılığının rəmzi kimi təqdim olunur. “Ayrılıq” mahnısı isə illər ərzində bu duyğuların mədəni ifadəsinə çevrilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi