Azərbaycanlı fəal Əlirza Fərşi irəli sürülən ittihamlardan bəraət alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus irəli sürülən yeni ittihamlardan bəraət alıb.

Tehran əyalətinin Apellyasiya Məhkəməsinin 78-ci şöbəsi fəala bəraətlə bağlı qərar çıxarıb.

Tehran əyalətinin Apellyasiya Məhkəməsinin 78-ci şöbəsinin qərarı ilə Böyük Tehran Həbsxanasının (Fəşafuyə) digər 8 keçmiş məhbusu ilə birlikdə azərbaycanlı fəal Əlirza Fərşiyə irəli sürülən ittihamlardan bəraət verilib.

Qərarda bildirilir ki, Əlirza Fərşi və başqa 8 məhbusa qarşı irəli sürülən ittihamların sübutu üçün yetərli sübut olmayıb və ona görə onlara bəraət verilib.

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi “Böyük Tehran” zindanının başqa 8 keçmiş məhbusu ilə birlikdə 11 ay 15 gün həbs və 50 şallaq zərbəsinə məhkum edilmişdi.

Əlirza Fərşi və onunla eyni bölmədə həbsdə saxlanılan siyasi məhbuslar 2021-ci il sentyabrın 28-də ağır cinayətlərdə ittiham olunan təhlükəli məhbuslar tərəfindən hücuma məruz qalmışdılar.

Bu hadisədən sonra siyasi məhbuslar aldıqları bədən xəsarətlərinə görə zindanın tibb məntəqəsinə, oradan isə dini mərasimlərin keçirildiyi bölməyə, daha sonra isə 9-cu bölməyə köçürülmüşdülər.

Qeyd edək ki, Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi. Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay həbs cəzası çıxarmışdı.

Azərbaycanlı siyasi məhbus həbsini çəkib və tibbi məzuniyyətindən istifadə edirdi. Lakin o həbsdə olarkən rejim azərbaycanlı fəalı şərləyərək ona yenidən iş açmışdı.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …