GADTB-nin 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə bildirişi

GADTB: Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə Azərbaycan türklərinə qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan Türk Millətinin başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Rusiyanın himayəsi altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Azərbaycan və Türkiyə ərazisində ermənilərin türk millətinə qarşı soyqırımı törətməsinin məqsədi isə Xəzər dənizi sahillərindən Quzey və Güney Azərbaycan ərazisinin böyük hissəsini, eləcə də Şərqi Anadolunu əhatə etməklə Qara dəniz və Aralıq dənizləri sahillərinədək uzanan böyük bir ərazidə ermənilərə dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq idi. Lakin bu ərazilər Azərbaycan və Türkiyə ərazisi olduğu üçün burada yaşayan əhali də türklərdən ibarət idi. Ona görə də burada yaşayan Azərbaycan türklərini qırmaq və nəticədə demoqrafik dəyişikliyə nail olmaqla ermənilərə dövlət qurmağa real şərait yaratmağa çalışdılar. Bunun nəticəsində isə Şərqi Anadolu və Azərbaycan ərazilərində türklərə qarşı soyqırım törədildi.

1905-1907-ci illərdə ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımın birinci mərhələsindən sonra ermənilər Idünya müharibəsi illəri, xüsusilə 1918-ci ildə Osmanlı dövlətinin şərq hissəsi və Bütöv Azərbaycan (Güney və Quzey Azərbaycan) ərazisində yüz minlərlə türkü soyqırıma məruz qoydular. Güney Azərbaycanda hələ 1918-ci ilin fevral ayının ortalarından başlanan soyqırımı mart ayında daha kəskinləşmiş və avqust ayına qədər davam etmişdir. Quzey Azərbaycanda isə mart ayı, xüsusilə mart ayının 31-i Azərbaycan türklərinin ermənilər tərəfindən soyqırıma məruz qalmasının pik nöqtəsi hesab edilir.

Yalnız Quzey Azərbaycanda dövlətimizin müstəqil olması nəticəsində Azərbaycan türk millətinə qarşı ermənilərin törətdiyi soyqırıma hüquqi qiymət verildi və 31 Mart Azərbaycan Türklərinin Soyqırımı Günü kimi rəsmiləşdi.

Ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımı və işğal siyasətinin günümüzdə də davam etməsini nəzərə alan Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan dövləti və türk millətinin mənafeyi istiqamətində Azərbaycan türklərinin soyqırımının dünya səviyyəsində tanıdılması üçün əlindən gələni edir və Azərbaycan türk millətini də bu istiqamətdə fəallıq göstərməyə çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …