GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində deyib ki, Fransa ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir.
“XX əsrdə 30 il ərzində Fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilmişdir. Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqı tərəfindən bu gün də yaşanmaqdadır. Bir çox təşkilatın etdiyi çağırışlara uyğun olaraq nüvə sınaqlarının vurduğu ziyan qiymətləndirilməlidir və Fransa tərəfindən müvafiq təzminatlar ödənilməlidir.
Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilmiş, bu səbəbdən ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də bu işğalın ağır fəsadlarını hiss edir.
26 mart 2021-ci ildə tarixçilərdən ibarət “Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul Komissiya” tərəfindən Fransa Prezidentinə təqdim edilmiş “Fransa, Ruanda və Tutsinin soyqırımı (1990-1994)” adlı sənəddə 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün qətlə yetirilməsində Fransanın böyük məsuliyyət daşıdığı vurğulanmışdır”, – dövlət başçısı qeyd edib.