GADTB: Azərbaycan xalqının etnik və siyasi tarixində önəmli yeri olan, Alban eli e.ə. IV əsrdə Arazdan yuxarıda müasir Şimali Azərbaycan ərazisində formalaşıb 1000 ildən artıq davam etmişdir. Bəzi çağlarda Dağıstanın cənub, Gürcüstanın şərq və Ermənistanın şərq bölgələrini də içinə alan və müxtəlif dilli qaynaqlarda Alban, Aran və Alvan (Ağvan) adlanan bu ölkə və dövlət haqqında son yüz ildə çoxlu elmi-tədqiqat işləri yazılmışdır. Ancaq bu ölkədə yaşayan albanların etnik kimliyini hələ də tam aydın və gerçək izah edə bilən araşdırma yoxdur. Alban elinin etnik tərkibindən danışan tədqiqatçıların çoxu burada qafqazdilli, irandilli və guya sonradan gələn türk boyları olduğunu yazır. Guya III-IV əsrdən başlayaraq bura gələn türklərin təsiri ilə buradakı qafqazdilli və irandilli tayfaların dili dəyişib türkçə olmuşdur. Bu fikri irəli sürənlər dilçilik qanunlarını gözdən qaçırmışlar, çünki “qafqazdilli albanlar” kütləvi şəkildə türk dilinə keçsəydi, onda çoxlu dini ədəbiyyatı və məktəbləri olan albanların dilində ” türkləşmə” olayından sonra yerli substratlar qalmalı idi. Halbuki azər türkçəsində belə substratların izi yoxdur.
Albaniyanın ari ölkəsi olmadığını yazan Markvart və Hübşmann kimi alimlərin fikrinə haqq qazandıran V.F.Minorski də Şimali Azərbaycana irandilli boyların köçməsini onların Sasani sağında tikilən müdafiə zolaqlarına yerləşdirilməsilə bağlayır. Türk etnosunun isə Alban elində qədimdən varlığı şübhə doğurmur. Belə ki, ölkədə antropoloji tipin və arxoloji kulturun davamlılığı; bölgə haqqında ilkin yazılı qaynaqların verdiyi bəlgələr, qədim onomadtika və ən azı burada e.ə. VIII-VII əsrlərdən saqa-qamərlərin qayıdışı ilə başlayan türk boylarının yerləşməsi diqqətə alınmalıdır.
İslamaqədər Azərbaycan tarixindən yazan tarixçilər Albaniyanın xristianlaşmasından danışsalar da; nədənsə, buradakı xristian türklərdən bəhs etmirlər. Halbuki, bir çox alban(türk) boyları xristianlığı, bəziləri isə xəzərlər kimi yəhudiliyi (iudizm) qəbul etmişdi. Xristianlıq Alban elinə Suriyadan aramey dilində gətirildi. Ərəblər VIII əsrdə Albsn kilsələrini Erməno dini mərkəzinə tabe etdi; ruslar isə 1836-cı ildə ümumiyyətlə Alban xristian məbədlərini fəaliyyətinə son qoydu. Alban eli haqqında yazılı qaynaqlar yunan, latın, pers, arami, ərəb, hay; gürcü dillərindədir. Yerli Alban qaynaqları isə bizə hay (qrabar) dilinə tərcümə olunmuş şəkildə gəlib çatmışdır.
Tərcümədə hayların xeyrinə edilən dəyişikliklər isə problemlər yaratmışdır. Alban şəxs adlarının mənalarına diqqət etsək, böyük əksəriyyətinin türk mənşəli olduğunun şahidi oluruq:
O R O Z//O R O Y S – (e.ə.I əsrin 60 cı illərinin Alban çarı). Başqa türkdilli xalqlardakı Oruz, Uruz, Oruc şəxs adları ilə müqayisə oluna bilər. “Kitabi Dədə Qorqud” eposundakı Uruzbəy adını xatırlayın. Bu ad qədim türkcə “xoşbəxt” (başqırdca IRIS “əmin amanlıq” ) sözlərilə müqayisə oluna bilər.
KORİS – Oruzun qardaşı, sərkərdədir. Türkcə kozik “qütb ulduzu” sözündəndir.
Z O B E R – e.ə 36-cı ildə Alban çarının adı. VI əsrdə Avropada türkdilli kutiqur tayfa birliyinin başçısı Zaberxan və X əsrdə türkdilli peçeneqlərin başçısının adı Sebar şəxs adları eynidir.
A R A N – I əsrin ortalarında Alban çarı. Ərən sözündəndir . “Döyüşçü” “igid” Dədə Qorquddakı Alp-Ərən şəxs adı ilə müqayisə olunur. III əsrdə Hun hökmdarının adı da Eran olmuş.
A R A T A N – (V əsr) . Qədim türkcə ƏR “kişi”, “sərrast atıcı” və TƏN isə “bərabər” “elə bil” sözündəndir.
A B İ K A Z- ( V əsr) qədim türkcə abuqaz “əmi” anlamındadır. “Dədə Qorqud ” eposunda Kan-Abkaz adını xatırlayın.
B A K U R- (V əsr). Qədim türk dilində Bək “kinyaz” “qəbilə başçısı”və Ur (uru) “oğlan” bütünlükdə Bəy-oğul anlamındadır.
U R N A Y R – (IV əsr Alban çarı) URUN “yaraşan; “uyğun gələn” və Ər “igid” sözündəndir. Urnayr adının qədin hay dilində “ayr” hissəsi həmin dildəki Ayr “kişi” sözünə uyğunlaşdırılmışdır. Əslində bu ad URUNƏR olmuşdur.
Q A Z A N – (V əsr) bir sıra qədim və müasir türk xalqlarında geniş yayılmışdır. Kazan adlı türk tayfaları da olmuşdur. S A T O. (V əsr) qədim türkcə Satay, Saday “sevimli” “yaxın” sözündəndir. VII əsr Uyğurların başçısının adı da Sato olmuşdur.
D Ə V D Ə K – (VII əsrdə alban çarı Cavanşirin ölümünə elegiya yazmış alban şairi). Qədim türkcə Day “ananın qardaşı” və Tək “onun kimi” “sanki” sözündəndir. Bütövlükdə Dayıtəkin , dayı kimi mənasındadır. Dəvdək adında “y” əvəzinə ” v” yazılmasə təəccüblü deyil. Belə əvəzləməyə çox rast gəlmək olur .
Nəhayət, XII əsrdə Dağlıq Qarabağda Xaçın kinyazlığının hakimi HƏSƏN CƏLAL haqqında. Bu alban hakimin adındakı “Cəlal” sözü orta əsrlərdə Şərqdə geniş yayılmış ” Cəlal-üd-Dövlə” titulunun qısaldılmış formasıdır. Lakin ermənicə Hasan kimi verilmiş bu hakimin ərəbmənşəli Həsən adı ilə heç bir əlaqəsi yoxdur. Cəlal Həsənin adı ermənicə əvvəlinə əlavə olunmuş “h” hərifindən və türkcə Əsən.
ESƏN – “sağlam”, “gümrah” sözündən ibarətdir. Həsən Cəlalın anasının adı Arzu Xatun oğlu Ağbuğa; nəvəsinin adı Tursun, Aytin adlanması
məlumdur.
Beləliklə 1000 ildən artıq mövcud olmuş Qafqaz Albaniyasının türkdilli etnosların əzəli vətənləri olduğuna heç bir şübhə qalmır.
Son zamanlar bu mövzuda dəyərli alimlərimiz Firudin Cəlilov və Bəxtiyar Tuncayın apardığı tədqiqatlar albanların türkdilli qıpçaklar olduğunu bir daha təsdiqləyir.
Şahlar Hacıyev,
Tarixçi Alim.