Azərbaycan Ermənistanın öhdəliklərinə əməl etmədiyini bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyinin UNESKO missiyalarının bölgəyə səfərinə dair şərhində qeyd olunub ki, məlum olduğu kimi, cari ilin fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə UNESKO-nun Azərbaycana və Ermənistana ayrı-ayrı missiyalarının göndərilməsinə dair razılıq əldə olunub.

“Lakin Ermənistan Xarici İşlər Nazirliyi UNESKO missiyalarının Azərbaycana və Ermənistana səfərləri ilə bağlı əldə olunmuş razılığı təhrif etməyə çalışır. Ermənistan XİN-in bu dövlətin üzərinə götürdüyü öhdəliklərindən növbəti dəfə yayınmaq cəhdini qınayırıq.

Azərbaycan Respublikasına həyata keçirilməsi nəzərdə tutulan UNESKO texniki missiyasına gəldikdə, Azərbaycan tərəfi ilk gündən bu missiyanın həyata keçirilməsini alqışlayıb və qısa müddət ərzində missiyanın baş tutması üçün bütün hazırlıq işləri Azərbaycan və UNESKO arasında ikitərəfli formatda razılaşdırılıb.

Azərbaycan Respublikası bu missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq bir müddət ərzində israrlı şəkildə UNESKO-ya müxtəlif çağırışlar edib, bununla bağlı çoxsaylı məktublar ünvanlayıb. Təəssüflər olsun ki, belə bir missiya həyata keçirilməyib və bunun yeganə səbəbkarı Ermənistan olub. UNESKO təşkilat olaraq, özü də bu faktı 2005-ci il tarixli hesabatında qeyd edib. Belə ki, UNESKO Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğunu vurğulayaraq, səfərin məhz Ermənistan tərəfindən qarşısının alındığını etiraf edib.

UNESKO-nun Ermənistana missiyasına gəldikdə isə, Azərbaycan tərəfi dəfələrlə Ermənistanda Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması faktlarını UNESKO və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Ölkəmizin QHT-ləri bu yaxınlarda həmin dağıntılara dair ətraflı məlumatı UNESKO-ya təqdim edib. Bu dağıntılara dair məlumatlarda fotoşəkillər və digər sübutlar öz əksini tapıb.

Hesab edirik ki, Azərbaycan tərəfinin UNESKO-ya təqdim etdiyi faktların araşdırılması məqsədilə Ermənistana missiyanın göndərilməsi zəruridir. Ümid edirik ki, Ermənistan keçmişdə işğal altında saxladığı ərazilərə beynəlxalq missiyanın səfərlərinin qarşısının almaq siyasətindən fərqli olaraq, bu dəfə missiyanın təşkilinə şərait yaradacaq”, – şərhdə bildirilib.

Həmçinin yoxlayın

Azərbaycanlı baş məşqçi: Azərbaycanla bağlı azərbaycanlılar qərar verməlidir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı baş məşqçi Rəsul Xətibi Tehranın Azərbaycan …

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …