Çərşənbə axşamı , İyul 28 2026
azfa

Azərbaycan Rusiyaya nota verdi

GADTB: Rusiya səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iyulun 5-də axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

Görüşdə sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb.

Dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət etdiyi qeyd olunub.

Görüşdə həmçinin Azərbaycanın Kiyevdəki səfirliyinin və Xarkov şəhərində yerləşən Fəxri Konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib, Vyana Konvensiyalarına uyğun olaraq diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması üzrə öhdəliklərə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.

Rusiya tərəfi qeyd olunan bütün faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş vermiş hallarla bağlı müvafiq izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırılıb.

Həmçinin yoxlayın

ABŞ rəsmiləri Axios-a deyiblər ki, sanksiyalar İslam Respublikasına bombardmandan daha çox zərər vura bilər

GADTB: Axios saytının yüksəkvəzifəli ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Donald Tramp administrasiyası hesab edir …

“Elyar”ın valideynlərinin hüquqi mübarizəsi nəticə verdi

GADTB: Miyana bölgəsinin Sülh Məhkəməsinin 4-cü şöbəsi bu şəhərin Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsini azərbaycanlı …