Çərşənbə axşamı , Mart 19 2024
azfa

Azərbaycan səfirliyinə hücumla bağlı yeni təfərrüatlar ifşa edildi

GADTB: Xəbər verdiyimiz kimi İran Xalq Mücahidləri Təşkilatına yaxın olan “Rejimi devirmək üçün inqilab” haker qrupu İran prezidentinin internet resurslarını sındıraraq 120 serverdə məlumat əldə edib. Sənədlər qrupun öz Telegram kanalında dərc edilib.

Qeyd etmişdik ki, sənədlərin içərisində Azərbaycanla bağlı mühüm məqamlar var. Dərc olunmuş sənədlərin birində Kəşfiyyat Nazirliyinin İran – Azərbaycan münasibətlərinə dair hesabatı əks olunur. Söhbət İran İslam Respublikasının İnformasiya Nazirliyi tərəfindən hazırlanmış və bu il mayın 30-da prezident administrasiyasına göndərilmiş geniş hesabatdan gedir.

“Radiopfərda” xəbər verir ki, İnformasiya Nazirliyinin Kəşfiyyat və Xarici Təhlükəsizlik Təşkilatı bu hesabatı “tam məxfi” qrifi ilə hazırlayıb, üç gün sonra xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Xarici İşlər Nazirliyinin yeni katibi Məhəmməd Əhmədian tərəfindən Ali Milli Təhlükəsizlik Şurasına eyni təsnifatla təqdim edilib.

Hesabatda Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı ümumi məlumatlar, hücum edənin şəxsiyyəti və tarixi, onun “çeçenlərlə” “ideoloji əlaqələri”, dindirilməsi, qardaşı, Urmiyadakı bacısı və atışma başlayan kimi patrul polisinin hadisə yerindən qaçması haqda hələ heç bir yerdə dərc olunmayan yeni təfərrüatlar var.

O zaman İran KİV-i məlumat yaymışdı ki, Kalaşnikov avtomatı ilə silahlanan şəxs Azərbaycan Respublikasının səfirliyinə hücum edib və binaya soxularaq səfirliyin “təhlükəsizlik işçisi”ni öldürüb, daha iki nəfəri yaralayıb. Hesabatda həlak olan “Azərbaycan səfirliyinin diplomatı”, yaralılar isə səfirliyin “iki mühafizəçisi” adlandırılıb. Bu məlumat ona görə vacibdir ki, hesabatda mərhum rəsmi olaraq “diplomat”, İranın hökumət mediasında isə yalnız “təhlükəsizlik məmuru” kimi xatırlanır.

Etiraf edilir ki, “polis hadisə yerinə təxminən 20 dəqiqə gecikmə ilə gəlib” və “bundan əlavə, polis patrulu hücumçunun atəş açdığını görərək hadisə yerini tərk edib”.

Hesabata görə, hücum edən şəxs Bakıda hüquq tələbəsi olub və iki ildən sonra təhsilini yarımçıq qoyaraq İrana qayıdıb. Hesabatda qeyd edilir ki, hücum edən Yasin Hüseynzadə Mərənd əsilli Urmiya sakinidir, işi də “azad fəaliyyətdir (kənd təsərrüfatı və heyvandarlıq, valyuta qaçaqmalçılığı)”. Bakıda Bakı Telekommunikasiya İdarəsinin işçisi olan Gülnaz Əliyeva ilə tanış olub və evlənib.

Hücum edən şəxsin atışmaya başlamaq üçün “geniş imkanları” olub və “güllələri bitdikdən sonra” benzin tökərək səfirliyin qarşısındakı diplomatik avtomobili və öz paltarını da yandırıb. Amma yanğınsöndürən maşınları görəndə praktiki olaraq təslim olub. Hesabata görə, o, “qaçmaq və ya polislə döyüşmək niyyətində olmadığını, sadəcə olaraq azərbaycanlılara zərər vurmaq və qisas almaq niyyətində olub.

Hesabatda mühüm məqam hücumçunun Azərbaycanda “çeçenlərlə” “ideoloji əlaqələrinin” olmasının vurğulanmasıdır. İddia olunur ki, Azərbaycan Respublikasının hakimiyyət orqanları Çeçenistanın ekstremist qüvvələri ilə əlaqədə ittiham olunan Yasin Hüseynzadə haqqında məlumatın dərcinə istinad edərək, bu hücumun “terrorçuluq” xarakterini vurğulayır.

Hesabatda iddia olunur ki, təcavüzkarın həyat yoldaşının Azərbaycan Respublikasında “gizli mərkəzlərdə qohumları var”; “Təqsirləndirilən şəxsin ifadəsinə görə, həyat yoldaşının iki qohumu düşmən kəşfiyyatının əməkdaşı, iki qohumu isə təhlükəsizlik sektorunda əsgər olub”. İdarə bu məlumatın hücumçunun dindirilməsi zamanı əldə edildiyini iddia edir. Guya 22 il əvvəl təcavüzkar “Azərbaycan zabitləri tərəfindən oteldə təxminən yeddi dəfə ziyarət edilib. Hesabatda təcavüzkarın arvadının ailəsi tərəfindən “ təhrik edildiyi” yenidən vurğulanır. Belə ki, hücum edənin qardaşı “dindirmələr” zamanı bildirib ki, Yasinin “20 ildən artıqdır” “ailə problemləri” olub və “o, arvadının pasportunu götürüb və Azərbaycana bir dəfə də olsun (hətta xanımın valideynləri vəfat edəndə) səfərə icazə verməyib”. O əlavə edib ki, “ ilin əvvəlində Gülnaz Əliyevanın qardaşı və əmisi İrana gələrək onu Azərbaycana aparıblar”, lakin təcavüzkar “arvadının Tehrandakı Azərbaycan səfirliyinin ikinci mərtəbəsində saxlanıldığını zənn edib.

İnformasiya Nazirliyi “tam məxfi” hesabatında qeyd edir ki, iki ölkə arasında “nəinki münasibətlərin yaxşılaşmasına ümidlər var”, əksinə “iki tərəf arasında gələcək münasibətlərin istiqaməti pisləşməyə və kəskinləşməyə doğru gedir. “

Göründüyü kimi, hadisəni məişət zəmini ilə bağlamağın mümkünsüzlüyü anlaşılandan sonra İran xüsusi xidmətləri Y.Hüseynzadənin Azərbaycan kəşfiyyatının adamı olmasını sübut etmək üçün xeyli zəhmət sərf etmiş, onun və qohumların üzərində öz metodları ilə ( hesabatda bu metod “yavaş-yavaş” adlandırılır) istintaq qurmuşlar. Bu da mümkün olmadıqda hadisədə “çeçen izi” tapmaq “qərarına gəlmişlər”. Lakin bu iz də tapılmır, çünki son 20 ildə İrandan xaricə çıxmamış şəxsin çeçenlərlə necə əlaqə saxlaması aydın deyil, üstəlik, çeçenlərin Tehrandakı Azərbaycan səfirliyinə hücum təşkil etmək üçün hər hansı motivləri də yoxdur.

Nazirlik öz hesabatında Azərbaycanla necə davranmaq haqda təkliflər də irəli sürüb. Təkliflərdə qeyd edilir ki, İslam Respublikası mediası təbliğatda aşağıdakı təlimatlara əməl etməlidir:

-Azərbaycan cəmiyyətini bu ölkənin hökumətindən ayırmaq

-Rusiya hökumətinin diqqətini Azərbaycanın hərəkatlarına cəlb etmək və bu ölkənin Rusiyanın cənubunda NATO plasdarmına, ikinci Ukraynaya çevrilmək olduğuna inandırmaq.

-Bütün bunları İlham Əliyevin “sionist məsləhətçiləri”nin təsiri ilə əlaqələndirmək.

İslam Respublikası mətbuatının və hakimiyyət orqanlarının son aylarda Azərbaycan Respublikası ilə bağlı apardığı təbliğat göstərir ki, onlar bu təklifləri tam şəkildə gündəmə gətiriblər və həmişə Bakını İsrailin təsiri altında olmaqda ittiham ediblər.

İran mediasının ekspert qismində təqdim etdiyi şəxslər vaxtilə Qasim Süleymaninin davrandığı kimi Rusiyanı Azərbaycana qarşı birgə mübarizə aparmağa, bu məqsədlə Azərbaycanda NATO, Türkiyə və İsrailin mövcudluğuna, bu mövcudluğun

Rusiya üçün yaratdığı risklərə inandırmağa çağırışlar edirlər. İndi həmin ekspertlərin başının hara bağlı olduğu aşkarlanır; İran kəşfiyyatı Rusiyanı Azərbaycana qarşı təhrik etmək üçün həm kulis arxası danışıqlarda, həm təbliğat resurslarında planlı iş aparır.

Həmçinin yoxlayın

Bu gün Çanaqqala Dəniz Zəfərinin 109-cu ildönümüdür

GADTB: Birinci Dünya Müharibəsi zamanı 18 mart 1915-ci ildə Osmanlı İmperiyasının qələbəsi ilə başa çatan …

Molla rejimi Əbdüləziz Əzimi Qədimin həbs müddətini uzatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi azərbaycanlı fəal Əbdüləziz Əzimi Qədiminin həbs …