Cümə axşamı , Mart 28 2024
azfa

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)

GADTB: Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan Çar Rusiyası da Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. Əsarət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasəti yeridən Rusiya imperiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli qanlı qırğın meydanına çevirmişdi. Bu qəddar siyasətin son məqsədi Cənubi Qafqazı Azərbaycanın türk-müsəlman əhalisindən “təmizləmək”, bundan sonra İran və Türkiyəni aradan qaldırıb rahatca isti dənizlərə çıxmaq, bununla da Rusiyanın tarixi arzusuna – Hindistana yetişmək niyyətinə nail olmaq idi. Məhz bu məqsədlə də bir tərəfdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülüb gətirilir, digər tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Daha dəhşətlisi isə bu idi ki, həmin qanlı siyasəti daha uğurla həyata keçirmək üçün erməni-müsəlman qırğınları törədilirdi. Ölkənin şimal-qərb hüdudlarında isə Azərbaycan və gürcü xalqları arasına nifaq salmaq siyasəti yeridilirdi. Bir sözlə, Azərbaycan Çar Rusiyasının milli-müstəmləkəçilik siyasətinin ən dəhşətli sınaq meydanına çevrilmişdi.

Buna görə də bütün Rusiya imperiyası ərazisində məhz qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan çarizmin qəddar milli-müstəmləkə rejiminə qarşı milli müqavimət hərəkatının əsas mərkəzinə çevrildi. İdarə olunmağa deyil, idarə etməyə vərdiş etmiş Azərbaycan xalqı özünün qabaqcıl ziyalılarının başçılığı altında bütün Rusiyanın türk-müsəlman xalqlarının milli azadlıq hərəkatının önünə keçdi.

XX yüzilliyin əvvəllərində Rusiya imperiyası dərin hərbi-siyasi və iqtisadi böhrandan xilas olmaq üçün islahatlar dövrünə qədəm qoyduqda böyük xeyriyyəçi H.Z.Tağıyev tərəfindən himayə olunan Azərbaycan ziyalıları hələ 1905-ci ildən başlayaraq, bütün başqa tələblərlə bərabər, ölkənin türk-müsəlman əhalisinin imperiyanın mərkəzi hakimiyyət orqanlarında təmsil olunmasını, yerli idarəçiliyə və məhkəmə orqanlarında fəaliyyətə cəlb olunmasını tələb edir, bu sahədə ayrı-seçkiliyin, məhdudiyyətin aradan qaldırılması uğrunda mübarizə aparırdılar.

Görkəmli hüquqşünas Əlimərdan bəy Topçubaşov, Şəmsi Əsədullayev, Əhməd bəy Ağayev, Ədil xan Ziyadxanov, Əli bəy Hüseynzadə və bir çox digər milli ruhlu Azərbaycan ziyalıları bu hərəkatın önündə gedirdilər.

Şimali Azərbaycan çarizmə qarşı öz azadlığı uğrunda ayağa qalxan bütün məzlum şərq xalqlarının mübarizə simvoluna çevrilmişdi. Heç də təsadüfi deyil ki, Rusiya imperiyasının bütün türk-müsəlman əhalisini çarizmə qarşı birləşdirmək və bu məqsədlə vahid siyasi təşkilat yaratmaq ideyası da məhz Azərbaycanda doğulmuşdu.

1905-ci ildə ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilmiş I qurultayında “Rusiya imperiyasında türklərin vəziyyəti və problemləri”nə həsr olunmuş əsas məruzə ilə məhz Azərbaycanın nümayəndəsi Əlimərdan bəy Topçubaşov çıxış etmişdi. Yeni yaradılmış Ümumrusiya Müsəlmanları İttifaqının (“İttifaqi-Müslimin”) Nizamnamə və Proqramının yazılmasında da azərbaycanlı nümayəndələr fəal iştirak etmişdilər.

Mürəkkəb və çətin şəraitdə aparılan gərgin mübarizə nəticəsində Azərbaycanın tanınmış ziyalıları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Tağı Əliyev, Əsədulla bəy Muradxanov 1906-cı ildə Rusiyanın ilk parlamentinə – I Dövlət Dumasına deputat seçilmişdilər. Xalqımızı Rusiya parlamentində təmsil edən yüksək təhsil görmüş bu ziyalıların ikisi ixtisasca hüquqşünas idilər: Əlimərdan bəy Topçubaşov Peterburq Universitetini, İsmayıl xan Ziyadxanov isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdilər.

Rusiya Dövlət Dumasının ən böyük fraksiyalarından birinə – Müsəlman fraksiyasına sədr Əlimərdan bəy Topçubaşov seçilmişdi. Azərbaycanlı deputatlar Duma tribunasından çıxış edərək Rusiya imperiyasının Cənubi Qafqazda yeritdiyi milli qırğın siyasətini, xalqımıza qarşı yol verilən ayrı-seçkiliyi, köçürmə siyasətini, bütöv bir xalqın hüquqsuzluğunu, kölə halına salındığını bütün açıqlığı və kəskinliyi ilə tənqid edir, yalnız azərbaycanlıların deyil, bütün Rusiya müsəlmanlarının mənafeyini müdafiə edirdilər.

Belə ki, azərbaycanlı deputatı İsmayıl xan Ziyadxanov duma iclaslarından birində çıxış edərkən son dərəcə qətiyyətlə bildirmişdi: “Biz (Azərbaycan) bir əsr əvvəl işğal edilmişik. Bizə heç bir hüquq verilməmişdir. Kölə halına salınmışıq. Milli varlığımıza təcavuz edilmişdir. Bir sıra ali məktəbə qəbul olunmağımıza qadağa qoyulmuşdur. Dövlət idarələrində türk məmurlarına rast gəlmək mümkün deyildir. Torpaq azlığından əziyyət çəkirik. Lakin buraya Rusiyadan axın-axın kəndilər köçürülür. Bilavasitə dövlətin əli ilə törədilən milli qırğın zəminində qana boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini quracaqsınız. Bu, hökumətin gizli surətdə hazırlayıb həyata keçirdiyi “parçala və hökmranlıq et” idarə tərzindən başqa bir şey deyildir. İki ildən bəri qan dəryasında boğulan Vətənimdə insan cəsədlərinin üstündən keçirik. Artıq səbrimiz tükənmişdir”. II Dövlət Dumasının üzvləri Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov da, öz sələfləri kimi, çarizmin bütün sahələrdə, o cümlədən dövlət idarəçiliyində yeritdiyi milli və dini ayrı-seçkilik siyasətinə kəskin etirazlarını bildirirdilər.

Azərbaycanlı deputatların bütün Rusiyanın türk-müsəlman əhalisinin hüquqsuzluğuna qarşı kəskin çıxışları və bunun güclü oyadıcı təsirinin çarizmi vahiməyə salması, başqa səbəblərlə yanaşı, I və II Dövlət Dumalarının buraxılmasında az rol oynamamışdı. Məhz buna görə də III Dumaya seçkilər zamanı türk-müsəlman əhalisinin yaşadığı Mərkəzi Asiya, Sibir və digər regionlar seçki hüququndan məhrum edilmiş, Bakıya isə öz nümayəndəsini irəli sürmək hüququ verilməmişdi.

Elə həmin səbəbə görə də, əvvəlkilərdən fərqli olaraq, III Dövlət dumasında bütün Cənubi Qafqazın müsəlman əhalisini yalnız bircə nəfər deputat – Xəlil bəy Xasməmmədov təmsil edirdi. IV Dövlət Dumasında isə bütün Cənubi Qafqaz müsəlmanlarının yeganə nümayəndəsi Məm məd Yusif Cəfərov idi.

AzərbaycanRusiyanın Dövlət Dumalarına seçilmiş azərbaycanlı deputatların, demək olar ki, hamısı milli hərəkatımızın ən qabaqcıl nümayəndələri idilər. Duma deputatları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov peşəkar hüquqşünaslar idilər.

Məhəmməd ağa Şahtaxtinski isə Sarbonna universitetinin dinləyicisi olmuş, Leypsiq universitetinin fəlsəfə fakültəsini bitirmişdi.

Beləliklə, Birinci dünya müharibəsinin gedişində “xalqlar həbsxanası” olan Rusiya imperiyasının dağılması üçün real tarixi şərait yaranarkən Azərbaycan xalqı həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət halında yaşamağa hazır idi.

Ölkənin qacarlar sülaləsi tərəfindən idarə olunan və İran şahlığının tərkibində qalmış cənub rayonlarından fərqli olaraq Şimali Azərbaycan Rusiya ağalığı dövründə Rusiyanın və Rusiya vasitəsilə Qərbin yeni – demokratik dövlət quruculuğu ənənələri ilə – parlament mədəniyyəti ilə yaxından tanış ola bilmişdi.

Azərbaycan ziyalılarının mühüm bir hissəsi, o cümlədən Əlimərdan bəy Topçubaşov başda olmaqla peşəkar hüquqşünaslar Rusiyanın Dövlət Dumalarında zəngin parlamentçilik təcrübəsi qazanmışdılar. Onlar nifrət etdikləri və qəddar milli müstəmləkə zülmünün hökmranlıq etdiyi Rusiya mütləqiyyətindən tamamilə fərqlənən, bütün hüquq və azadlıqların təmin olunduğu ən demokratik respublika sistemi yaratmağa hazır idilər. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumalarında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi formalaşması tarixi reallıqdan doğurdu. Çarizmin devrilməsindən sonrakı hadisələrin real inkişafı da işi buna doğru aparırdı.

1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə Zaqafqaziya Parlamentini yaratdılar.

Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi.

Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi.

Maraqlı və eyni zamanda qanunauyğun hal idi ki, Dövlət Dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı.

Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün – mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

AzərbaycanMayın 27-də Seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində ilk Azərbaycan parlamenti yarandı və Azərbaycanda ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu.

Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi.

Yusifbəyli Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əskər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibini də təsdiq etdi.

Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.

Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulmuşdu. Bakıda hakimiyyəti S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik güruhu ələ keçirmiş və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı. Çar generalları tərəfindən silahlandırılmış erməni quldur dəstələri Şərqi Anadolunun və Qərbi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı qanlı qırğını – soyqırımını davam etdirirdilər. Azərbaycan xalqının cəlladları olan Şaumyan və Andronik əlbir fəaliyyət göstərirdilər. Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi qarşısında idi. Neft Bakısını ələ keçirməyə çalışan xarici qüvvələr arasındakı rəqabət sona çatmaqda və bütün Cənubi Qafqaz üçün yeni təhlükə – bolşevik Rusiyasının təcavüzü təhlükəsi yaxınlaşmaqda idi. Azərbaycan xalqı öz tarixinin ağır yolayrıcında qalmışdı: ya Milli qurtuluş, ya da ki, məhv edilərək Cənubi Qafqazın etnik-siyasi xəritəsindən tamamilə silinib götürülmək. Azərbaycanı müstəqil dövlət elan etmiş Cümhuriyyət xadimləri məhz belə bir tarixi şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın önünə keçdi.

1918-ci il iyunun 16-da Milli Şura və hökumət özünün fəaliyyət mərkəzini Gəncəyə köçürdü. Ölkədə yaranmış real vəziyyəti nəzərə alan Azərbaycan Milli Şurası iyunun 17-də Gəncədə iki mühüm qərar qəbul etdi: öz fəaliyyətini müvəqqəti olaraq dayandırdı; bütün hakimiyyəti (həm qanunvericilik, həm də icra hakimiyyətini) Müəssislər Məclisi çağırılanadək F.Xoyskinin sədrliyi ilə yaradılmış yeni – ikinci Müvəqqəti hökumətə həvalə etdi.

Hökumətin tərkibi belə idi: Nazirlər Şurasının sədri – Fətəli xan Xoyski; nazirlər – Məmməd Həsən Hacınski, Nəsib bəy Usubbəyov, Əlimərdan bəy Topçubaşov, Behbud Ağa Cavanşir, Xəlil bəy Xasməmmədov, Xosrov Paşa bəy Sultanov, Xudadat bəy Rəfibəyov, Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov, Əbdül Əli bəy Əmircanov, Musa bəy Rəfiyev.

AzərbaycanAzərbaycan Milli Şurası çətinliklə əldə olunmuş istiqlalın itirilməsindən ehtiyat edərək o zaman həm də qərara almışdı ki, qısa müddət ərzində Müəssislər Məclisi çağırılmalıdır və o vaxta qədər F.Xoyski hökuməti hakimiyyəti öz əlində saxlamalı, heç kimə güzəştə getməməlidir. Azərbaycan Milli Şurası, eyni zamanda, F.Xoyski hökumətinin hüquq və səlahiyyətlərini də konkret şəkildə müəyyənləşdirmişdi. Hökumət Azərbaycanın dövlət müstəqilliyini, mövcud siyasi azadlıqları ləğv edə bilməzdi və aqrar məsələ, həmçinin bunun kimi digər mühüm məsələlər barədə inqilabi qanunları dəyişdirmək hüququna malik deyildi. Qalan məsələlərdə isə hökumətə müstəqil hərəkət etmək səlahiyyəti verilirdi. Müvəqqəti hökumət altı aydan gec olmayaraq Müəssislər Məclisi çağırmalı idi.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamenti – Azərbaycan Milli Şurası özünün ilk addımlarını atmağa başladı. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 27-dən iyunun 17-dək davam edən və cəmi 20 gün sürən ilk fəaliyyəti dövründə cəmi 7 iclası keçirildi və bu iclaslarda başlıca olaraq iki mühüm qərar qəbul edildi: birincisi – Azərbaycanın istiqlalı elan olundu və İstiqlal bəyannaməsi qəbul edildi; ikincisi – Gəncədə Fətəli xan Xoyski başda olmaqla ilk Azərbaycan hökumətini formalaşdırdı və 1813-cü ildən sonra ilk dəfə olaraq Azərbaycanın müstəqil idarə olunmasına başlandı.

Azərbaycanın bir hissəsində – Şimali Azərbaycanda respublika quruluşu yaradıldı.

1918-ci il iyunun 17-də hakimiyyətə gələn F.Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox ağır bir beynəlxalq və daxili şəraitdə, faktiki olaraq, soyqırımı taleyi yaşayan Azərbaycan xalqını tarixin ən ağır qanlı burulğanından çıxarmaq məsuliyyətini öz üzərinə götürməli oldu.

Təcili olaraq müstəqil Azərbaycanın dövlət quruculuğuna başlandı. Hökumət yaranmış vəziyyətdən çıxmaq üçün ilk günlərdəncə qəti tədbirlərə əl atdı. İyunun 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan olundu. İyunun 24-də qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq azad Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul olundu. İyunun 26-da Müsəlman hərbi korpusu ayrıca Azərbaycan Korpusuna çevrildi və həmin korpusun komandirinə general rütbəsi verildi.

Diviziya komandiri səlahiyyətlərinə malik olan Azərbaycan Korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başladı ki, bu da faktiki olaraq Azərbaycan silahlı qüvvələrinin yaradılması demək idi. İyunun 27-də Azərbaycan-türk dili dövlət dili elan olundu. Dövlət quruculuğu daha da genişləndirildi.

Türkiyədən dərsliklər gətirmək və müəllimlər dəvət etmək barədə qərar qəbul olundu. Məktəblər milliləşdirildi. Yeni müəllim kursları və məktəblər açıldı. Yeli zavetpol və Karyagi nin tarixi adları bərpa olunaraq yenidən Gəncə və Cəb rayıl adlandırıldı. Milli orduya səfərbərlik keçirildi. İyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu. Komissiya Birinci Dünya müharibəsi dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımı vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi. Hökumətin bu qərarı ilə, əslində, müstəqil Azərbaycanın Milli Təhlükəsizlik sisteminin yaradılmasının əsası qoyuldu. Bundan əlavə, hökumətin nəzarəti altında olan ərazidə vəziyyəti sabitləşdirmək, nəqliyyat, poçt-teleqraf rabitəsi yaratmaq üçün də bir sıra mühüm tədbirlər görüldü. Avqu stun 11-də hərbi mükəlləfiyyət haqqında qərar qəbul olundu. Avqustun 23-də Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında fərman verildi. Lakin F.Xoyski hökumətinin başlıca vəzifəsi ölkənin bütün ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini bərqərar etmək, Bakını və onun ətraflarını Azərbaycan xalqının düşmənlərindən təmizləmək idi.

Azərbaycan1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad etdi. Şəhər S.Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak tör-töküntülərindən – “Sentrokaspi diktaturası”ndan təmizləndi.

1918-ci il sentyabrın 17-də F.Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.

Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. İctimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində quruculuq işləri daha da genişləndirildi. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan F.Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı: Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay keçməməsinə baxmayaraq, daha doğrusu hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda, F.Xoyskinin təşəbbüsü və müraciətinə əsasən 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü.

Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da M. Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Parlamentçiliyi tarixinin çox mühüm qərarları qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, Azərbaycanın əhalisi yalnız azərbaycanlılardan ibarət olmadığı üçün Azərbaycan Milli Şurasında qeyri millətlər də təmsil olunmalıdır, daha doğrusu Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurası ölkə əhalisinin (2 mln. 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün, parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürcülər və polyaklar da hərəsinə bir deputatla parlamentdə təmsil olunmalı idilər.

Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nümayəndələri yenidən seçilməli idi. Yeni Parlamentin formalaşdırılması 1918-ci il dekabrın 3-də başa çatdırılmalı idi.

Göründüyü kimi, 1918-ci ilin Mart soyqırımından hələ vur-tut yarım il keçməsinə baxmayaraq Azərbaycan parlamentində 21 nəfər erməni nümayəndəsinin iştirakına yol açılırdı. O zamankı tarixi şəraitdə atılan bu addım Azərbaycan xalqının demokratik təbiətinə, insan haqlarına nə qədər dərin hörmətlə yanaşmasına parlaq sübutdur.

Parlament demokratiyamızın bu parlaq faktı M.Ə. Rəsulzadənin yeni parlamentin çağırılması ilə bağlı olaraq 1918-ci il noyabrın 29-da xalqa etdiyi müraciətdə də əks olunmuşdu: “… bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər”.

M.Ə.Rəsulzadə Azərbaycan əhalisinə müraciətdə bildirirdi ki, azlıqda qalan millətlərin və məmləkətin vilayətlərinin də nümayəndələri təmsil olunacaq yeni parlament yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək.

Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin binası 1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.

Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söylədi.

Azərbaycan”Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca F.Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı.

1918-ci il dekabrın 26-da F.Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və F.Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərdi.

Azərbaycan Parlamentinin fəaliyyətə başladığı dövrdəki tariximizin çox mühüm ibrət dərslərindən biri də budur ki, Cümhuriyyət xadimlərinin, bütün xalqımızın ilk Azərbaycan Parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayırmasına baxmayaraq, onlar Parlamentin açılışında iştirak etmədilər. Bakıda fəaliyyət göstərən Rus Milli Şurası Azərbaycanın öz müstəqilliyini elan etməsilə “Vahid və bölünməz Rusiya”nın parçalanmasına yol açdığı üçün “Azərbaycanın Rusiyadan ayrılması faktını tanımadı” və Azərbaycan Parlamentini baykot etmək barədə qərar qəbul etdi.

Lakin Azərbaycanda yaşayan rus-slavyan əhalisinin təzyiqi ilə sonralar Rus Milli Şurası həmin qərarı ləğv etməyə məcbur oldu.

Həmin dövrdə Azərbaycanın müstəqilliyi ilə barışa bilməyən ermənilər də Rus Milli Şurasını müdafiə etdilər və iki aydan çox müddət ərzində Parlamentin iclaslarında iştirak etmədilər. Parlamentə qatıldıqdan sonra isə həmişə Azərbaycan dövlətçiliyinə xəyanət mövqeyindən çıxış etdilər.

Bundan əlavə, ölkədə ali hakimiyyəti öz əlində cəmləşdirmiş və sayı 100 nəfərə çatmayan Parlamentdə 11 fraksiya və qrupun fəaliyyət göstərməsi də olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə müstəqil dövlət quruculuğuna ciddi əngəl törədirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda özlərinin məhdud fraksiya və qrup mənafelərini ümummilli mənafedən üstün tuturdular. Məsələn, Parlamentin sosialist bloku “yoxsulların mənafeyini müdafiə etmək” pərdəsi altında, müntəzəm olaraq, Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəlik açılması barədə qərar qəbul edilməsinə nail olmuş, nəhayət, Qızıl Ordunun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da mahiyyətcə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq işi aparmaqdan başqa bir şey deyildi.

Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, o cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: Birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal bəyannaməsini qəbul etmişdir.

Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə-Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.

Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas – 1918-ci il mayın 27-də Tiflisdə, son iclas – 1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdir. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin-geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.

AzərbaycanAzərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək — cəmi 17 ay davam etmişdir. İlk >iclas – 1918-ci il dekabrın 7-də, son iclas — 1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun – qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.

Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və Ordu quruculuğu məsələlərinə yönəltmişdi. Qeyd olunmalıdır ki, Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq baxçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı.

Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və Parlamenti, vaxt itirmədən, bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Bu işə nə qədər böyük əhəmiyyət verildiyi ondan görünür ki, Parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün M.Ə.Rəsulzadənin başçılığı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndiyev) ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı. Komissiyanın qərarına əsasən ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada Vətəndaş müharibəsi başlandığı üçün təhsil almağa gedə bilməmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.M.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimi Ə.M.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da XI Qırmızı Ordunun Şimali Azərbaycanı işğal etməsilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.

Əliağa Şıxlinski Azərbaycan Parlamentinin və Cümhuriyyət hökumətinin fəaliyyətinin çox mühüm hissəsini daim özünə cəlb edən məsələlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan–Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur.

Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.

Səməd bəy Mehmandarov Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası vardı.

Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə – “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” əsasında idarə olunurdu.M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinə belə qiymət verirdi: “Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə – vəzifə yox idi. Parlament hakimi-mütləq idi”.

Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qırmızı Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiya tərkibinə qatılsa da Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.

Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırdı.

 

Həmçinin yoxlayın

Urmiya bələdiyyəsi voleybol üzrə Premyer Liqanın final mərhələsinə yüksəlmək ərəfəsindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,Urmiya Bələdiyyəsinin voleybol komandası bu axşam Premyer Voleybol Liqasının …

Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb

GADTB: Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb. Güclü külək Urmiya …

Bir cavab yazın