Şənbə , Aprel 20 2024
azfa

Azərbaycanın Zəfər Günü münasibətilə Osloda rəsmi ziyafət verilib

GADTB-nin Mətbuat Mərkəzinin AZƏRTAC-a istinadən yaydığı məlumata görə, Zəfər Günü münasibətilə Osloda rəsmi ziyafət verilib.

Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatı tərəfindən Azərbaycan Diasporuna Dəstək Fondu və Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan və türk diasporlarının üzvləri, habelə Azərbaycan, Türkiyə, Pakistan, Şimali Makedoniya və Əfqanıstanın bu ölkədəki səfirləri, Osloda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Müharibə qurbanlarının və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə çıxış edən “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur, ölkəmizin İsveç və Norveçdəki səfiri Zaur Əhmədov, Türkiyənin səfiri Fazlı Çorman 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi barədə danışıblar. Qeyd olunub ki, bir il əvvəl Azərbaycan mülki vətəndaşlarının və hərbçilərinin növbəti dəfə erməni təxribatının hədəfinə çevrilməsinə cavab olaraq işğalçıya qarşı əks-hücum əməliyyatına başlanılıb. Nəticədə 44 gün davam edən müharibədə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı işğal altındakı ərazilərini geri qaytarmağa nail olub.

Azərbaycanın birgəyaşayış və dinlərarası dialoq mərkəzi, eyni zamanda, multikultural dəyərlərə malik ölkə olduğunu bildirən natiqlər Vətən müharibəsini dinlərarası münaqişə kimi qələmə verən Norveç və bir sıra digər ölkələrin media orqanlarının qeyri-obyektiv və yalan informasiya yaymasından təəssüflərini ifadə ediblər. Vətən müharibəsinin işğalçı qüvvələrlə mübarizə xarakteri daşıması bir daha vurğulanıb.

Tədbirdə azad olunmuş ərazilərdə uzun illər işğalçılar tərəfindən dağıntıya məruz qalan minlərlə kənd, qəsəbə və şəhər barədə də ətraflı danışılıb. Dağıntılarla yanaşı, bu ərazilərdə yüz minlərlə mina və partlamamış sursat olduğu qeyd edilib, Azərbaycana qarşı törədilmiş etnik təmizləmə, soyqırımı və dağıntıların miqyası bir daha diqqətə çatdırılıb. Bildirilib ki, bütün bunlara rəğmən, həmin ərazilərdə genişmiqyaslı təmizləmə və tikinti işləri başlayıb. Artıq yeni hava limanı, yollar tikilib, qəsəbələr salınır.

Sonra Gənc Politoloqlar Mərkəzinin rəhbəri İlkin Əliyev, Azərbaycan əsilli isveçli fəal Siyavuş Dərəxti, habelə Norveçdə Nizami Gəncəvi ədəbiyyatının tədqiqi ilə məşğul olan yazıçı Ragnhild Thori ölkəmizlə bağlı maraqlı çıxışlar və təqdimatlar ediblər.

Qeyd edək ki, tədbir çərçivəsində “Baku Media Center” və Azərbaycan Mədəniyyət Nazirliyinin hazırladığı videomateriallar nümayiş olunub, qonaqlara hədiyyələr təqdim edilib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …