Çərşənbə , Oktyabr 14 2026
azfa

Azərkosmos Nigeriyada ödənişli televiziya yayımı təşkil edəcək

GADTB: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb.

13-16 sentyabr tarixlərində Niderland Krallığının Amsterdam şəhərində keçirilən “IBC 2024” beynəlxalq sərgi-konfransında sözügedən əməkdaşlığa dair müqavilə imzalanıb.

Bu əməkdaşlıq sayəsində Azərkosmos “ABS” şikətinə məxsus peyk vasitəsilə Nigeriya ərazisində öz müştərilərinə “Pay TV” (ödənişli televiziya yayımı) xidmətini təqdim edəcək. Qeyd edək ki, “Pay TV” xidməti yalnız peyk və ya kabel televiziyası şirkətinə abunə olaraq aktiv edilən xidmətdir.

Eyni zamanda qlobal peyk operatoru ilə tərəfdaşlıq Azərkosmos üçün yeni biznes xətlərini genişləndirmək imkanı yaradır. Belə ki, Azərkosmos təkcə öz peyk resurslarının satışı ilə deyil, qlobal partnyorlara məxsus peyk xidmətlərinin kommersiyalaşdırılması ilə də gəlir əldə edir və Afrika bazarında video xidmətlərinin həcmini artırır.

“Bir neçə istiqamətdə yeni kommersiya imkanları yaradan bu əməkdaşlığımız Azərkosmosun xidmətlərini Afrika regionunda daha da artıracaq. “ABS” ilə birgə görüləcək işlərin təməlində keyfiyyət, müştəri məmnuniyyəti və xidmət davamlılığımız dayanır”, – deyə Azərkosmosun İdarə heyətinin sədr müavini Fuad Aslanov bildirib.

“ABS” şirkətinin baş kommersiya direktoru Ramsi Hanfur (Ramsey Khanfour) əlavə edib: “Bu tərəfdaşlıq Qərbi Afrika bazarında həm əhatə dairəmizi, həm də xidmət təkliflərimizi genişləndirmək fürsəti verir. Biz regionda etibarlı və yüksək keyfiyyətli ödənişli televiziya yayımı xidmətləri sayəsində təcrübəmizi birləşdirəcəyik”.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …