GADTB: Bu gün 31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan Azərbaycan türkləri ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.
Qeyd edək ki, 1991-ci ilin 16 dekabrında Azərbaycan xalqınının ümummilli lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib . 1991-ci ilin dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edilib. Amma bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə Azərbaycan prezidenti Əbülfəz Elçibəyin (o, həm də AXC sədri kimi SSRİ-İran sərhədlərinin dağıdılmasının təşəbbüskarı olub) göstərişi ilə baş tutub. O vaxtdan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü olaraq bayram edilir.
1992-ci ildə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsi ilə bağlı Əbülfəz Elçibəy hökuməti qərar qəbul edib. Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir, Azərbaycan Respublikasında isə dövlət bayramıdır.
Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar müxtəlif tədbirlərlə bu birlik və həmrəylik bayramını qeyd edirlər. Azərbaycan Respublikasında isə dövlət bayramıdır.
dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Müxtəlif mənbələrin məlumatlarına görə, Güney Azərbaycanda 35-40 milyon azərbaycanlı var. O cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.