Cümə , Aprel 19 2024
azfa

Çindən uyğur türklərinə qarşı zülm, qətliam və assimilyasiya

GADTB: Əvvəlki illərdə Çinin uyğur türklərinə qarşı basqısı dünya ictimaiyyətinin diqqətini cəlb etməsə də, indi vəziyyət kökündən dəyişib.

Soyuq müharibənin bitməsi, Sovet İttifaqının və Yuqoslaviyanın dağılmasından sonra Çinin ölkədəki azlıqlara qarşı basqıcı siyasəti daha da gücləndi. Çin kommunist partiyası özünün “üç şər qüvvə” konsepsiyasını həyata keçirərkən, separatizm, terrorçuluq və fundamentalizmi nəzərdə tuturdu. Çinin Sincan Muxtar Bölgəsində yaşayan uyğurlara qarşı siyasəti daha çox kimlik ideologiyası üzərindən oxunmalıdır.

Çin rejimi təkcə uyğurlara qarşı deyil, eyni zamanda Tibet və daxili Monqolustandakı azlıqlara qarşı da sistematik basqı siyasəti həyata keçirir. Çinin hazırda 1,4 milyard əhalisi var. Bunun da təxminən 92%-ni xan irqindən ibarət olan çinlilər, yerdə qalan 8%-ni isə 55 fərqli etnik qrup təşkil edir.

Çin rəsmi statistikasında uyğurların sayı 9,5 milyon göstərilib. Lakin həqiqi rəqəmin 15 milyon olduğu deyilir. Uyğurların kompakt yaşadığı Sincan-Uyğur Muxtar Bölgəsi 1,65 milyon kv.km ərazini əhatə edir və Çinin ən böyük neft-qaz yataqları bu ərazidə yerləşir. Bundan əlavə, Sincan bölgəsi tarixi ipək yolunun keçdiyi qovşaqdadır. Ötən əsrin 50-ci illərində aparılmış siyahıalmaya görə, uyğurlar bölgə əhalisinin 75%-ni təşkil edirdilər. Xan çinlilər isə cəmi 6% idilər. Mao Tszedunun apardığı demoqrafik dəyişikliklərin nəticəsində, bölgədə uyğurların sayı 46%-ə qədər gerilədi. İndi bölgədə xan çinlilərin sayı az qala uyğurlarla eynidir. Uyğurlar imkan tapdıqca, Sincan bölgəsini kütləvi şəkildə tərk edirlər. Dediyim kimi, Çin höküməti bölgəni tamamilə uyğurlarlardan təmizləmək üçün sistemli assimlyasiya və demoqrafik dəyişikliklərə gedir.

Qeyd edim ki, uyğurlar indiyəcən iki dəfə müstəqillik qazanıblar.

Uyğurlar 1933-34-cü illərdə Şərqi Türküstan İslam Respublikası yaratdılar. Bundan başqa, 1944-49-cu illərdə də Sovet İttifaqının köməyi ilə Şərqi Türküstan Respublikası yaratdılar. Lakin hər iki cəhddə də Çin bölgəni işğal edərək uyğurlara qarşı etnik təmizləmə apardı.

1997-ci ildə Qulca hadisələri nəticəsində, Çin polisi uyğurlara qarşı işgəncə həyata keçirdi. Məhz Qulca hadisələri dünya ictimaiyyətinin, beynəlxalq insan haqları təşkilatlarının diqqətini cəlb etməklə, uyğur problemini diqqət mərkəzinə çəkdi.

Mao Tszedunun uyğur siyasəti.

Çindəki mövcud rejimin banisi Mao Tszedun kommunist partiyasının 1945-ci ildəki 6-cı qurultayında millətçi hökuməti qınayaraq, etnik azlıqların hüquqlarını tanımağa çağırmışdı. Mao, iqtidara gələcəkləri təqdirdə uyğurlara, Tibet və monqollara öz müqəddəratını təyin etmə hüququ verəcəyini elan etmişdi. Mao Tszedun hətta demişdi ki, uyğurlar istəyərsə Çindən ayrıla bilər və ya federativ sistemdə yaşaya da bilərlər.

Lakin, Tszedun uyğurları aldadır. O, hakimiyyətə gəldikdən sonra uyğurlara verdiyi sözə xilaf çıxır və uyğurların federasiya tələblərini “tarix və sosializm düşmənliyi” kimi ifadə edir. Mao, uyğurlara nə müstəqillik, nə də federasiya subyekti haqqını tanıyır. Hətta o, uyğurların Sincan əyalətinin adının dəyişdirilib Türküstan qoymasını da rədd edir. Gördüyünüz kimi, Mao Tszedun uyğurları aldadır və onlara verdiyi vədləri yerinə yetirmir. Ölkədə Mao ənənələrinə söykənən kommunist rejim qurulur. Beləliklə, 1955-ci ilin oktyabrında Mao Tszedunun kommunist rejimi bölgənin adını Sincan-Uyğur Muxtar Bölgəsi mənasını verən “Sincan Vey Vu Er Zi Ziçu” adını verir. Hərçənd, Mao Tszedun kommunist inqilabını həyata keçirməmişdən qabaq bölgəyə Uyğurustan adının da verilə biləcəyini vəd etmişdi.

Mao Tszedun rejimi uyğurların assimlyasiyasını da bir tərəfdən həyata keçirirdi. Belə ki, rejim Şərqi Türküstan xalqını uyğur, qazax, qırğız, tatar, tacik, sibo, solon, mançur, hui (Çinli müsəlman) monqol, kalmık kimi etniklərə bölüb, onları parçalamaq və dominant etnos olan xan çinlilərı assimlyasiya siyasətini aparırdı. Tszedunun “mədəniyyət siyasəti” Şərqi Türküstan əhalisini əritməyi öz məqsədi kimi görürdü. Hətta uyğurların min ildən artıq istifadə etdiyi ərəb əlifbasını qadağan edib, onun yerinə çin dilinin fonetikasına uyğun latın əlifbasını təsis etmişdi. Maonun kommunist rejimi bu yolla addım-addım uyğurları çinliləşdirmək istəyirdi.

Çinin uyğurlara qarşı diskriminasiya siyasətinin səbəbi.

Çinin uyğur siyasətinin səbəbi: bölünmək, parçalanmaq. Bu, birmənalı olaraq, belədir. Məsələ ondadır ki, Çin uzun illərdir tərkibindəki muxtar bölgələrlə problemlər yaşayır. Məsələn, son vaxtlar Çinə aid olan Honq Konqda rəsmi Pekinin siyasətinə qarşı ciddi etiraz aksiyaları keçirilir. Honq Konq 1997-ci ilə qədər Böyük Britaniyaya məxsus idi. Yəni, kapitalist Honq Konqluların kommunist xan çinlilərlə kültür, dünya görüşü kimi fərqləri var. Hərçənd, Çin kommunizmi özəl mülkiyyətə, bazar iqtisadiyyatı prinsiplərinə, rəqabətli iqtisadi sistemə üstünlük verir.

Çin rejiminə görə, Tibet bölgəsi də müstəqilliyə can atır. Başqa bir muxtar bölgə olan Daxili Monqolustan da müstəqil Monqolustana birləşmək istəyir. Üstəlik, Çin, 1950-ci ildə müstəqilliyini elan etmiş Tayvanı da öz əyaləti hesab edir. Tayvanda ABŞ-ın hərbi bazaları var və bu səbəbdən bu adaya birbaşa hərbi intervensiyaya risk eləmir.

Çinə görə, Sovet İttifaqının dağılmasından sonra onun da ərazi bütövlüyü təhdid altındadır. Rejim uyğurlara qarşı maksimum basqı siyasətini gücləndirir və onları “təhsil düşərgələri” adı altında daha bərbad və qapalı yerlərdə saxlayır. Artıq Niderland və Kanada hökumətləri Çinin uyğurlara qarşı soyqırım siyasətini parlament səviyyəsində tanıyıblar.

Qeyd edim ki, Çində dövlət sponsorlu milliyətçilik dalğası, anti-uyğur milliyətçiliyi və 2001-ci il 11 sentyabrdan sonra ortaya çıxan islamofobik atmosfer uyğurların dövlət tərəfindən yadlaşmasına səbəb olmuşdur. Eyni zamanda, düşünürəm ki, Çinin uyğur siyasətində geopolitik səbəblər də var. Bu, ondan ibarətdir ki, bölgənin iqtisadi və demoqrafik olaraq Çinin Mərkəzi Asiyadakı təsir arealının artırılması və müxalif düşüncəli uyğurların birdəfəlik aradan qaldırılmasına xidmət edir. Uyğur probleminin inkarı, onun terrorizm və separatçılıqla əlaqələndirilməsi, problemin sosial, iqtisadi, mədəni aspektlərini görməzdən gəlmək və bunları təşhis edib həll etmək əvəzinə, günah keçisi axtarmaq yüksəlməkdə olan Çin kimi dövlətdə daha qanqrena hallı problemlər yarada bilər. Dominant xan çinli etnosunu irəli çəkməklə, “üç şər qüvvə” siyasətini dövlətin ana ideologiyası kimi davam etdirməklə, etnik azlıqların kimliyini inkar etməklə Çinin bu problemlərin öhdəsindən gələcəyini zənn etmirəm. Xüsusilə, 1997-ci ildəki Qulca hadisələri uyğur problemini Çinin daxili problemi statusundan beynəlxalq arenaya çıxardı. Nəticədə, uyğur problemi avtoritar Çin üçün geopolitik və strateji mahiyyət daşımağa başladı.

KAİM

Siyasi ekspert Kamal Əliyev

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …