Şənbə , May 30 2026
azfa

Tramp iki saatlıq iclasdan sonra da Tehranla razılaşma barədə qərar verməyib

GADTB: ABŞ Prezidenti Donald Trampın Ağ Evdəki Vəziyyət Otağında İran İslam Respublikası ilə mümkün razılaşma mövzusunda keçirdiyi iclas təxminən iki saat davam etdikdən sonra başa çatıb. Lakin Tramp Tehranla yeni sazişin təsdiqlənməsi ilə bağlı yekun qərarını hələ açıqlamayıb.

“Vaynet” nəşrinin “Nyu-York Tayms” qəzetinə istinadən verdiyi xəbərə görə, ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib ki, Prezident Tramp iclası İranla yeni razılaşmanın təsdiqi barədə son qərar vermədən tərk edib. Bununla belə, Vaşinqton atəşkəsin uzadılması ilə bağlı razılaşmanın əldə olunmasına yaxın olunduğunu düşünür.

Həmin mənbənin sözlərinə görə, bəzi məsələlər hələ də həll edilməmiş qalır. Bunlardan biri də İranın dondurulmuş aktivlərinin bir hissəsinin mümkün şəkildə azad edilməsidir.

İclas Trampın son açıqlamalarında İranla razılaşma istiqamətində irəliləyiş olduğunu bildirməsindən sonra keçirilib. O, bu məsələ ilə bağlı yekun qərarın Vəziyyət Otağında keçiriləcək toplantıda müzakirə olunacağını söyləmişdi.

“Röyters” agentliyinin yaydığı məlumata görə, Tramp razılaşmanın əsas istiqamətlərinin İranın nüvə silahı əldə etməmək öhdəliyi götürməsi, Hörmüz boğazının açıq saxlanılması, dəniz minalarının təmizlənməsi və zənginləşdirilmiş uran ehtiyatlarının taleyinin müəyyənləşdirilməsi olduğunu bildirib.

Bununla yanaşı, digər məlumatlar tərəflər arasında fikir ayrılıqlarının davam etdiyini göstərir. “Tayms” qəzetinin yazdığına görə, müzakirə olunan layihədə ABŞ Hörmüz boğazının açılmasını, yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsini, iyirmi il müddətində uranın zənginləşdirilməsinin dayandırılmasını və İranın nüvə silahı əldə etməyəcəyini rəsmi şəkildə bəyan etməsini tələb edir.

Tehran isə Hörmüz boğazı üzərindəki mövqeyi, zənginləşdirilmiş uran ehtiyatlarının gələcəyi və sanksiyaların ləğvi məsələlərində sərt mövqeyini qoruyur.

Təhlilçilərin fikrincə, iclasın yekun qərar olmadan başa çatması göstərir ki, Donald Tramp hələ də təzyiq siyasəti ilə razılaşma yolu arasında seçim etməyə çalışır. Bir tərəfdən Ağ Ev razılaşmanın yaxın olduğunu və Tehranın mühüm güzəştlərə yaxınlaşdığını nümayş etdirmək istəyir, digər tərəfdən isə dondurulmuş vəsaitlər, zənginləşdirilmiş uran ehtiyatları və Hörmüz boğazı ilə bağlı təminatlar kimi məsələlərin həll olunmaması tərəflər arasında hələ də ciddi fikir ayrılıqlarının qaldığını göstərir.

Həmçinin yoxlayın

CENTCOM Hörmüz boğazında hərbi əməliyyatlar keçirəcəyi barədə xəbərdarlıq edib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dənizçilərə və hava qüvvələrinin şəxsi heyətinə Hörmüz boğazında hərbi əməliyyatlar …

“Traxtur” klubu Çempionlar Liqasında iştirak edə bilər

GADTB: Cənubi Azərbaycanın “Traxtur” klubunun növbəti mövsümdə Asiya Çempionlar Liqasının Elit mərhələsində iştirakı böyük ölçüdə …