Çərşənbə axşamı , Mart 19 2024
azfa

İlhami Cəfərsoy: Ukraynanın türk əsilli kobzarı…

Ukraynanın böyük şairi Taras Şevçenko türkcə Kobzar titulu daşıyırdı. Taras da, sebçi də, kobzar da türk sözləridir. Ukrayna və türk xalqları yeni dünya düzənində yalnız strateji tərəfdaş deyillər, qan qohumlarıdır. Biz millətin ziyalı kəsimi olaraq bu tarixi bağları elmi tədqiqatın obyektinə çevirməli, bizi sevənləri sevindirməli, bizi sevməyənlərə qarşı ortaq mövqe ortaya qoymalıyıq.

Tokmak şəhərindən 1212-ci ildə ölən bir qopuzçu ozanın məzarı tapılmışdır. Sinə daşına Suriya əlifbası ilə yazılıb: – Bu qəbir Kobzar Menqu Taşındır. Menqu Taş nestorian türk idi (Слуцкий 1889.s.31). Nestorianlıq yarı xristian, yarı yevrey məzhəbində olan bir təriqətdir.

Kobzar qopuzçu ər deməkdir. Kobzarlar çaldıqları qopuzun sədaları altında mahnılar oxuyar, dastanlar danışardılar.

Kobzar və qopuz sözlərinin kökündə türk dillərindəki qu sözü durur. Türklərin və ukraynalıların əcdadları göylərdən gələn sehirli səslərə qu deyirdilər. Buna uyğun olaraq Azərbaycan dilində “qu desən, qulaq tutular” deyimi vardır.

Mahmud Kaşğari yazır ki, oğuzlar saza, Abakan tatarları kamançaya bənzəyən musiqi alətinə qopuz deyirlər (Mahmud Kaşğari IV.2006.s.337; Радлов 1989.s.226).

Sevçenko soyadının kökündəki sebçi də türk sözüdür. Ukraynada ruslardan qabaq yaşayan Dnepr kazakları, uzlar, peçeneqlər, berendeylər yalnız şairlərə yox, həm də peyğəmbərlərə sebçi deyirdilər. Çünki onlar Tanrının sebini, yəni sözünü insanlara çatdırırdılar.

Sebçi eyni zamanda cadugərlərə, falçılara deyilirdi. Çokan Valixanov yazır ki, qazaxlar ulduzlara baxıb taledən xəbər verən falçıları sebçi adlandırırdılar (Чокан Валиханов 1984.s.213).

Ukraynalıların slavyanlaşana qədərki adı xaxol da türk sözüdür. Dnepr, Dnestr kazakları saçların kənarlarını qırxar, ortasının tükünü uzadıb, saç kimi hörərdilər. Həmin hörük axaxol adlanırdı. Azərbaycan dilindəki kəkil sözü xaxol etnik adının azca dəyişilmiş formasıdır.

Ləqəbi xaxol olan türklərin bir oymağı islamiyyətdən əvvəl Güney Qafqazda yurd salmışdı. Albaniya ilə İveriya arasında Xaxol və Xatun monastırlarının varlığı (Амиранашвили 1959.s.41; Меликсетбеков 1938.s.66,73) fikrimizi təsdiq edir.

Şevçenkonun Taras adı da türkcədir. Türk dillərinin tarixi leksikasında ona Taras, Talas, Taraz və Tiras formalarında rast gəlirik.

Göytürklərin Ongin abidəsində belə bir cümlə var. Moçjo deyir ki, o, Al Taras Kavan elində doğulmuşdur (Rəcəbov, Məmmədov 1993.s.44). El tayfa ittifaqıdır. Ancaq hər tayfa ittifaqına türk dillərində el deyilmirdi. Elə hərbi-siyasi birliklərə el, elat deyilirdi ki, onun etnik qrupları oturaq əhalidən ibarət olmasın, köçəri tərəkəmə oymaqlardan ibarət olsun. Ongin abidəsindəki yazı göstərir ki, Al Taras tərəkəmə icması VIII əsrdə Kavan elinin tərkibində olmuşdur.

VIII-XI əsr ərəb tarixçiləri türkləri həm də Tiras adlandırırlar (Асадов 1993.s.23). Tiras adlı türk tayfalarından biri IX-X əsrlərdə Xəzər xaqanlığının ərazisində yurd salmışdılar. Bundan qabaq onlar bulqarların arasında yaşayırdılar (Коковцев 1932.s.74).

Xəzər xaqanı İosifin Kordova xəlifəsinin vəziri Xasday ibn-Şafruta məktubunda tirasların adı t-r-s hərfləri ilə yazıya alınmışdır (Коковцев 1932.s.74; Плетнева 1986.s.5-6). Ona görə də bəzi mətnşünaslar onu Taras, bəziləri Tiras kimi oxuyurlar.

Taras türklərinin ayrı-ayrı qolları Ukraynadan əlavə Qazaxıstanda və Qırğızıstanda yaşayırdı. IV əsrdə Qazaxıstanda Taras adlı şəhər var idi (Гумилев 1967.s.148; Шопен 1852.s.85).

Mahmud Kaşğarinin divanında Taras şəhərinin adı Taraz formasındadır (Mahmud Kaşğari I. 2006.s.400, 444; Гаджиева 1979.s.221). Bundan başqa Talas vadisinin adı da bəzi mənbələrdə Taraz şəklində yazıya alınmışdır.

Ukraynadakı Dnestr çayı Qazaxıstandakı Taras şəhəri salınandan – IV əsrdən çox qabaq Tiras adlanırdı (Описание Бессарабской области 1867.s.178). Herodot yazır ki, kimerlər döyüşdə ölən yoldaşlarını Tiras çayı sahilində torpağa tapşırıb, Kiçik Asiyaya köçdülər.

Bibliyanın birinci kitabının beşinci fəslində verilən məlumata görə Tiras Kimerin oğlu, Yafəsin nəvəsidir. Başqa bir yevrey əfsanəsinə görə Tiras Yafəs və Toqarma nəslindən olub, xəzərlərin əcdadlarından biridir (Плетнева 1986.s.5-6). Moiseyin Tövratında isə Tiras Yafəsin oğludur (Bakıxanov 1951.s.35). Bessarabiyada Dnestr çayı boyundakı Tiraspol şəhərini (Дьяконов 1958.s.19) onlar salıblar.

Tiraspol Tiras şəhərinin yunanca adıdır. Yunan dilində pol, polis şəhər, yaşayış məskəni deməkdir.

Kimerlər Kiçik Asiyaya köçəndən sonra Tiras xalqının bir hissəsi Albaniyada yurd saldı. Musa Kaqan Katuklu yazır ki, Tiraz xalqının patriarxı 488-ci ildə keçirilən Alban kilsə məclisində iştirak etdi və öz qəbiləsi adından məclisin qərarını imzaladı (Albaniya tarixi 1993.s.75).

Mətndəki “öz qəbiləsi adından” deyiminə diqqət yetirək. Tiras xalqının bir hissəsi xrsitian dininin qəbul etmiş, albanlarla qaynayıb-qarışmışdır.

Tirasların başqa bir xristian icması Şərqi Anadoluda Tirasxan şəhərini salmırdır. Ermənilər həmin şəhərin adını öz məqsədlərinə uyğun olaraq Drasxanakert yazırlar. Xan erməni sözüdürmü?

Tirasxanların xristian qanadının nəslinin VI əsrdə Uvan adlı tarixçisi olmuşdur. Ermənilər onu İovannes Drasxanakertsi adlandırırlar (Шопен 1866.s.183; Драсханакерци Иованнес 1986. giriş). Tiras da, uvan da teonim mənşəli türk etnik adlarıdır.

Tirasların ən döyüşkən alpları cənuba doğru hərəkət edərək Finikiyanı tutdular. Aralıq dənizində donanma yaratdılar. Ancaq illər keçəndən sonra özlərindən dəfələrlə çox olan samilərə məğlub oldular. Aramey, ivri salnamələrində onlar Finikiyanın kölə kastası kimi xatırlanırlar.

Gene D. Matlock yazır ki, onlar kölə olsalar da, ağalar kimi yaşayırdılar. Çünki atdan düşsələr də, qılıncı qına qoymamışdılar. Öz silahları ilə özlərindən güclülərin xidmətində olub, hərbi qənimətdən pay alırdılar (Gene D. Matlock 2015.s.278).

Bibliyada bildirilir ki, Tiras dörd böyük Yafəs xalqından biridir. Onlar şimal torpaqlarından köçüb gələrək Finikiyanı tutmuş, çar Solomonun zamanında eradan əvvəl 950-ci ildə Siciliya, Korsika, Sardiniya adalarına köçüb getmişlər (Мюлештейн 1933.s.54,58).

Taras Şevçenkonun əcdadları Qafqazda, Ön Asiyada, Aralıq dənizi adalarında yad xalqlar arasında əriyib itdilər. Öz tarixi vətənlərində Dnepr və Dnestr çayları arasında rus işğalına qədər qismən də olsa, öz etnik kimliklərini qoruyub saxlaya bildilər.

Əgər Taras Şevçenkonun şeir dilinin 60 faizi türk sözlərindən ibarət idisə (Мурад Аджи 1997.s.139), deməli Ukraynanın Kobzar titullu saz və söz sahibləri rus işğalına qədər tamassimilyasiya olunmamışdır.

Murad Adcı yazır ki, Taras Şevçekonun dilinin türk dili, ruhunun türk ruhu olduğunu bildiklərinə görə onun kitablarının Rusiyada çap olunmasına imkan vermirdilər (Мурад Аджи 1997.s.139).

Biz AMEA Nəsimi adına Dilçilik İnstitutunda Ukraynalı Kobzarın şeirlərinin dilini türkoloji tədqiqatın obyektinə çevirməliyik. Ədəbiyyat İnstitutunda obrazlarının türk xarakterini öyrənməliyik. Tarix İnstitutunda Ukrayna – Azərbaycan etnogenetik bağlarını aşkara çıxarmalıyıq. Coğrafiya İnstitutunda toponimik xəritələrini hazırlamalıyıq. Əlyazmalar İnstitutunun xəttilə əsərlərinin ilkin nüsxələrinin surətini əldə etməliyik.

Nəticədə dövlət orqanlarımızın səmərəli fəaliyyəti üçün elmi zəmin hazırlamalıyıq.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı fəala atası ilə görüşə icazə verilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, iqrçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı sənətçi və …

Güney Azərbaycanda insan haqları ilə bağlı Cenevrədə aksiya keçirdi

GADTB: Martın 18-də BMT-nin İnsan Haqları Şurasının Cenevrədəki qərargahı qarşısında bir qrup Güney Azərbaycandan olan …