GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İngilis millət vəkilləri Şərqi Türküstanda baş verən soyqırımı əsas gətirərək 2022-ci il Pekin Qış Olimpiya Oyunlarını boykot etməyi tələb edir. Çində, xüsusilə Şərqi Türküstan bölgəsində, Uyğur müsəlmanlarına qarşı insan haqlarının pozulması getdikcə artmaqdadır.
Liberal Demokratlar Partiyasının lideri Ed Deyvi (Ed Davey) və Leyboristlər Partiyasının üzvü Kris Brayant (Chris Bryant) bununla bağlı hökumətin və Britaniya Olimpiya Assosiasiyasının hərəkətə keçməli olduğunu deyib. E.Deyvinin sözlərinə görə, bu gün Qərbi Çində baş verən soyqırımına dair dəlillər o qədər aydındır ki, İngiltərə və bütün dünya indi Pekinə qarşı çıxmalı və onu dayandırmaq üçün mövcud olan hər vasitədən istifadə etməlidir: “Vaxtilə insan hüquqlarının pozulmasını xatırlamalı və 1930-cu illərdəki İngiltərə futbol komandasının nasist salamları və 1980-ci illərdə Cənubi Afrikaya üsyançı kriket turları kimi idman tarixindəki kadrları xatırlamalıyıq”. O, daha sonra 20220-ci il Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarının “soyqırım edən bir rejim üçün” bir təbliğat vasitəsi olaraq istifadə ediləcəyini söyləyib. Onun fikrincə, Böyük Britaniya bu oynlara komanda göndərməyin doğru olub olmadığını düşünmək üçün mənəvi məsuliyyət daşıyır.
Bu yaxınlarda Kanadanın əsas müxalifət partiyası – Mühafizəkarlar Partiyası Baş nazir Castin Trüdonun rəhbərlik etdiyi hökuməti Çinin bir milyondan çox Uyğura qarşı soyqırım törətdiyini iddia edərək, 2022-ci il Qış Olimpiya Oyunlarını Pekindən çıxartması üçün Beynəlxalq Olimpiya Komitəsinə təzyiq göstərməyə çağırıb. Bu, 180 insan haqları qrupundan ibarət koalisiyanın dünya ölkələrindəki hökumətləri, Çinin azlıqlara qarşı insan haqları pozuntuları səbəbiylə gələn il üçün nəzərdə tutulan Pekin Qış Olimpiya Oyunlarını boykot etməyə çağırmasından sonra baş verib.
Gələn il keçiriləcək Qış Olimpiya Oyunlarını boykot etməklə bağlı çağırışlar ABŞ Dövlət katibi Antony Blinkenin keçmiş prezident Donald Tramp administrasiyasının Çində uyğurlara qarşı sui-istifadə hallarını soyqırım kimi xarakterizə etməsi ilə razılaşdığını söylədikdən sonra gündəmə gəlib. Dünyanın bir çox ölkələri uyğur müsəlmanlarını kütləvi həbs düşərgələrinə göndərməklə, dini fəaliyyətlərinə müdaxilə etməklə və icma üzvlərini bir növ məcburi təkrar təhsilə cəlb etməklə Çini ciddi şəkildə qınayır.
Digər tərəfdən Pekin, Sincanda (Şərqi Türküstan) uyğurlara qarşı insan haqlarının pozulmasında iştirakını qəti şəkildə rədd edir.