İran adlanan ölkəyə sanksiyaların ikinci dalğası: Azərbaycana mümkün təsirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ İrana qarşı növbəti sanksiyalara start verib.

Ötən il tətbiq olunan sanksiyalardan fərqli olaraq, bu dəfəki qadağalar təşkilatlara və şəxslərə ünvanlanıb. ABŞ tərəfindən iki İran təşkilatına və bu təşkilatlarla əlaqəsi olan 10 şəxsə sanksiya tətbiq edildiyi açıqlanıb. ABŞ Xəzinə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İran İnqilab Keşikçiləri Qvardiyasına tabe olan Qüds qüvvələrinə dəstək verən və ABŞ rəsmilərinə qarşı kiber fəaliyyət göstərən iki təşkilatı və  bu təşkilatlarla əlaqəsi olan 10 şəxsi sanksiya siyahısına daxil etdiyini açıqlayıb.

OFAC-dan verilən yazılı açıqlamada Tehran mərkəzli “New Horizons” (Yeni Üfüqlər) kimi də tanınan “Müstəqil Ziyalılar və Sənətkarlar İnstitutu” adlı qeyri-hökumət təşkilatının və təşkilatla əlaqəsi olan 4 nəfərin İran İnqilab Keşikçilərinin məşğulluq və kəşfiyyat toplama işlərinə dəstək vermək məqsədilə beynəlxalq konfranslar təşkil etdiyi üçün sanksiya siyahısına salındığı bildirilir.

Açıqlamada yenə İran mərkəzli “Net Peygard Samavat” şirkəti və bu şirkətlə əlaqəsi olan 6 nəfərin də ABŞ kəşfiyyatı və ordusunun sabiq və hazırkı işçilərinə qarşı kiber hücum fəaliyyətlərinə görə sözügedən sanksiya siyahısına əlavə olunduqları qeyd edilib. Açıqlamaya görə, ABŞ-ın Xəzinə naziri Stiven Mnuçin (Stiven Mnuchin) sanksiyalarla bağlı:

“Xəzinə Nazirliyinin sanksiyaları pis niyyətli İran kiber təcavüzkarlarına, ölkə daxilindəki və xaricdəki amerikalıları hədəf alan gizli əməliyyatlara, İran rejiminin kiber hücumlarına qarşı olan səylərimizin bir hissəsidir” ifadəsini işlədib. Məlumdur ki, İran Azərbaycanın iqtisadi əməkdaşlığı olan ölkələrdəndir. Bu dövlətlə ticarət dövriyyəsinin həcmi təxminən 300 milyon dollara yaxındır. Cənub qonşumuz olan bu dövlətlə həm ixrac, həm idxal münasibətləri mövcuddur. Həm də ikitərəfli investisiya qoyuluşları mövcuddur. Son illər ərzində isə statistik göstəricilərə görə, İrandan ölkəmizə turist sayında böyük artım müşahidə olunub. Qeyd edək ki, ötən il İrana iki sanksiya dalğası tətbiq olunarkən bunun Azərbaycan iqtisadiyyatına təsirlərinin olacağı gözlənilirdi. Eləcə də, İranın milli valyutasının dollar qarşısında dəyər itirməsinin Azərbaycan manatına da təsir edəcəyi, manatın dəyərinin düşəcəyi proqnozlaşdırılırdı. Belə ki, ölkəmizdən bu ölkəyə, eləcə də həmin ərəfədə sanksiyalara məruz qalan Rusiya və Türkiyəyə dollar axının başlanacağı ehtimalının ölkəmizdə də dolların qiymət artımına səbəb olacağı istisna edilmirdi. Amma ötən sanksiyaların ölkəmizin iqtisadiyyatına təsirsiz ötüşdüyünü demək olar.

Bəs, İrana növbəti sanksiyalar Azərbaycan iqtisadiyyatına  – turizm, idxal, ixrac sektorlarına təsiri gözlənilə bilərmi?

İqtisadçı alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, İrana qarşı sanksiyaların Azərbaycan iqtisadiyyatında hər hansı mənfi təsiri gözlənilmir:

“Əksinə, İrana tətbiq olunan sanksiyaların nəticəsində onların işgüzar mühitinə zərbə dəyir. Sahibkarlıq sinfi isə mövcud vəziyyətdə fəaliyyətini dayandıra bilməz. Bu baxımdan, hazırda Azərbaycan iqtisadiyyyatına məhz İran tərəfindən investisiyaların artması müşahidə olunur. Eyni zamanda, turist sayında da artım olur. Bu da, həm ziyarət, həm ticarət prinsipi üzərində olan səfərlərin sayının artmasıdır. Onlar həm turist olaraq gəzib Azərbaycanı görmək istəyirlər, həm də burada sahibkarlıq perspektivləri ilə maraqlanırlar”.

Fuad İbrahimov deyir ki, son zamanlar İrandan Azərbaycan vəkillərinə müraciətlər də çox olur:

“İran iş adamları Azərbaycan bazarında iştirakçı olmağın qanuni yolları ilə maraqlanırlar. Ümumiyyətlə, İrana qarşı sanksiyaların Azərbaycan iqtisadiyyatına təsiri müsbət dinamikada özünü göstərir”.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın