
GADTB: İranın bir çox şəhərini genişmiqyaslı etiraz aksiyaları bürüyüb. Dünən Şimali Xorasan vilayətinin mərkəzi Bocnurd şəhərində etirazçılar geniş tərkibdə küçələrə çıxaraq aksiyaları davam etdiriblər. Çərşənbə günü Bocnurdda baş verən etirazlara dair yayımlanan iki ayrı videoda çoxsaylı etirazçıların anti-hökumət şüarları səsləndirdiyi görünür.
Rəşt şəhərində də 17 dey tarixində böyük etiraz yürüşü keçirilib. Məlumatlara görə, aksiya Rəşt bələdiyyə meydanı, bazar ərazisi və şəhərin bir sıra küçələrini əhatə edib.
Tehranın müxtəlif bölgələrində də etiraz aksiyaları təşkil olunub. Çərşənbə günü, 17 dey, Nazıabad rayonundan yayılan məlumatlar paytaxtda etirazların davam etdiyini göstərir. Sosial şəbəkələrdə paylaşılan videolara əsasən, etirazçılar «Xameneiyə ölüm» şüarı səsləndiriblər.
Kerman şəhərində isə etirazlar zamanı xalqla təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalar davam edib. Yayımlanan görüntülər şəhərdə qarşıdurmaların getdikcə artdığını və vəziyyətin gərginləşdiyini göstərir.
İsfahanın Məlikşəhr məhəlləsində etirazlar zamanı etirazçının ayağına yaxın məsafədən atəş açıldığı müşahidə olunub. Alınan videoda, 17 dey 1404-cü il tarixində rejimin təhlükəsizlik qüvvələrinin bir gənc etirazçının ayaqlarına yaxın məsafədən atəş açdığı əks olunub.
Şimali Xorasanın Aşxana şəhərində isə çərşənbə günü baş verən etirazlar zamanı Aşxana icra hakimiyyətinin binası etirazçılar tərəfindən yandırılıb.
Nişapur şəhərində də dünənki etirazlar zamanı polisə məxsus şəhər köşkünün yandırıldığı bildirilir. Yayımlanan görüntülər küçələrdə kütləvi insan axınını göstərir.
Borucerd şəhərində xalqla SEPAH qüvvələri arasında toqquşmalar qeydə alınıb. Məlumatlara görə, 17 dey 1404-cü il tarixində bu qarşıdurmalar SEPAH-a məxsus obyektlərdən birinə edilən hücum zamanı baş verib.
Abdanan şəhərində də etirazlar davam edib. Bildirilir ki, gənc etirazçıların müqaviməti nəticəsində xüsusi təyinatlı qüvvələr geri çəkilib və ərazini tərk etmək məcburiyyətində qalıblar.
Bundan əlavə, Əligüdərz, Abadan, Məşhəd, Şiraz, Kaşan, Firuzabad (Qaşqay bölgəsi) və digər şəhərlərdə də etiraz aksiyaları və qarşıdurmaların davam etdiyi bildirilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi