Cümə axşamı , Aprel 18 2024
azfa

Kiçik kənddə böyük Vətənin bölgüsü – Türkmənçay müqaviləsi

GADTB: Tarixçilər müqavilənin qüvvədən düşdüyünü, hüquqşünaslar isə əksini iddia edirlər

Türkmənçay müqaviləsi XIX əsrdə Azərbaycan coğrafiyasının ikinci dəfə bölünməsinin Qacar İranı ilə Çar Rusiyası arasında birdəfəlik təsdiqi idi. Bu zaman ölkəmiz xanlıqlara bölünmüşdü. Hər xanlıq şimaldan və cənubdan gələn işğalçılara qarşı ayrı-ayrılıqda mübarizə apararır, yaxud da müharibəsiz təslim olub, digərinin işğalına yol açırdı.

Vahid birliyin olmaması böyük ayrılığın, ədalətsiz müharibənin əsasını qoydu ki, iki əsrdir xalq olaraq bu ədalətsizliyə son qoya bilmirik. Rusiya imperiyası cənub sərhədlərini möhkəmləndirir, sərvət ələ keçirir, İngiltərənin müstəmləkələrinə yol açır, Qacar xanədanı isə özünü bu torpaqların sahibi hesab etdiyi üçün ruslarla müharibə aparırdı.

Hazırda bu müqavilədən 193 il keçir. Bəzi tarixçi ekspertlər müqaviləni qüvvədən düşmüş saysalar da, hüquqşünaslar bunu inkar edirlər. Tarixçilər fikirlərini bununla əsaslandırılar ki, 1917-ci ildə Birinci Dünya müharibəsindən tələsik qərar verib çıxarkən, bolşevik hökuməti bəyan etdi ki, Çar imperiyasından qalan heç bir borcun və müqavilələrin öhdəliyini üzərinə götürmür. Bu zaman müqavilə qüvvədən düşmüşdü.

Lakin 1921-ci ildə bu müqavilə yenidən Qacar İranı ilə Sovet Rusiyası arasında təsdiqləndi. Sovet İttifaqı da dağıldı və tərkibindəki dövlətlər müstəqil oldu. Bu, o deməkdir ki, Sovet İttifaqının bağladığı müqavilələr qüvvədən düşüb. İndi biz İran dövləti ilə özümüz rəsmi danışıqlara gedirik, Sovet dövlətinin bir respublikası kimi deyil. Azərbaycanı birləşdirmək haqqımız var.

Hüquqşünaslar isə beynəlxalq ərazi və sərhədlərin müəyyən edilməsi hüquq prinsipindən çıxış edərək bildirirlər ki, buna hüququmuz çatmır. Beynəlxlaq təşkilatlar hazırda mövcud olan müəyyən sərhədlərdən cənubdakı torpaqları İran dövlətinin ərazisi kimi tanııyıb. İndi bizim torpaq iddiamız işğalçılıq siyasəti kimi qarşılana bilər.

İmzalı, möhürlü. ey cansız varaq,

Nə qədər böyükmüs qüvvətin, gücün.

Əsrlər boyunca vuruşduq, ancaq

Sarsıda bilmədik hökmünü bir gün.

(B.Vahabzadə)

Tarixi arayış

1813-cü ildə bağlanan Gülüstan müqaviləsindən sonra Rusiya imperiyası və İran şahlığı arasında diplomatik münasibətlər heç də ürəkaçan deyildi. Baxmayaraq ki, müqavilənin əsli Çar I Aleksandr tərəfindən imzalanmışdı. İran tərəfi belə bir əhəmiyyətli müqavilənin nəşr edilməməsi və bəyan edilməməsini əsas gətirərək, hərəkətə keçmişdi. Diplomatik yolla onu ləğv etdirəcəklərini və 1801-ci ilə aid olan sərhədlərə yenidən geri dönüləcəyini düşünürdülər.

Rusiya tərəfdə isə vəziyyət başqa idi. Sənədləri nəzərdən keçirən Çarlığın xarici işlər naziri N.Rumyantsev orada Qarabağ və Gəncə xanlıqlarının adının olmadığını gördü. Çox güman ki, Qarabağ xanlığı öz razılığı ilə müharibəsiz təslim olduğu, Gəncə xanlığı isə I Rusiya-İran müharibəsindən əvvəl işğal edildiyi üçün adı müqaviləyə əlavə edilməmişdi. Gəncə xanlığı kimi strateji əhəmiyyətli xanlığın adının maddələrə əlavə edilməməsi İmperiyada bağışlanmaz səhv idi. Beləliklə, 1818-ci ilə kimi müqavilə yenidən işlənildi və hər iki tərəf təsdiq etdi. Həm də İmperiyanın qəzetlərində dərc olunaraq bəyan edildi.

Bu dövrdə beynəlxalq vəziyyət də Rusiyanın xeyrinə dəyişmişdi və Avropada öz mövqeyini gücləndirmişdi. Napoleon Bonapartın məğlubiyyəti, “Vyana konqresi”, Vaterlo döyüşü və müttəfiqlərin onun dövlətini parçalayaraq yeni Avropa xəritəsi cızmaları ilə nəticələnmişdi. Rusiya İmperiyası bu işdə xüsusi canfəşanlıq göstərirdi. Çünki məğlubedilməz Napoleonu hələ 1812-ci ildə ağır məğlubiyyətə uğratdığı üçün müttəfiqlərindən bir addım öndə idi.

Картинки по запросу

Paralel olaraq, həm Cənubi Qafqazda İran ilə, həm də Osmanlı İmperiyası ilə vəziyyət gərginləşirdi. Hələ Gülüstan müqaviləsinin 2-ci maddəsində yer alan sərhədlər məsələsində İran tərəfi ilə razılaşa bilmirdilər. Ruslar Ənzəlidən Ərdəbilədək sərhədlərin uzanmasını istəyərkən, Qacarlar isə Şimali Talışı, (indiki Şimali Azərbaycanın cənub rayonları) Talış xanlığının şimalını tələb edirdi.

Belə bir vaxtda Gürcüstanın Rusiyadan ayrılmasını istəyən Aleksandır İraqleviç adlı gürcü şahzadəsi Abbas Mirzəyə dəstək oldu. Abbas Mirzə, oğlu Məhəmməd Mirzənin rəhbərliyi ilə qoşun göndərərək Şəmkiri tutdu və burada ordugah qurdular. Az sonra isə Rusiyaya tabe olmaq istəməyən Azərbaycan bəylərini və xanlarını toplayaraq, müzakirələrə başladı.

1826-cı ilin ortalarında Azərbaycanda Qarabağ, Gəncə, Şəki və Talış xanlıqlarının əhalisi ruslara qarşı “Ümummüsəlman üsyanı”na qalxdı. Ruslar pərən-pərən düşdülər. Abbas Mirzə Şuşanı mühasirəyə aldı. Şuşa 48 gün mühasirədə qaldı. Professor Kərim Şükürov əsərində qeyd edir ki, əgər Abbas Mirzə mühasirəni dayandırıb, rusları əzməyə davam etsəydi, Rusiya imperatoru vaxt qazanıb, etibarlı adamı Paskeviçi yenidən Cənubi Qafqaza göndərməzdi.

Paskeviç Tiflisə gəldi və burada general Yermolovla görüşdü. Qüvvələri cəmləşdirib Abbas Mirzənin üzərinə hücuma keçməyə qərar verdilər.

1826-cı ilin 3 sentyabrında Şəmkirdə qərar tutan İran ordusuna qarşı ruslar hücuma keçdilər və qalib gəldilər. Bununla da, ikinci Rusiya-İran müharibəsi başlandı. Bu zaman erməni əsilli general Valerian Mədətov rəhbərlik etdiyi polkla Gəncəyə yerləşmişdi. Tiflisdən Paskeviçin də qoşunları Gəncəyə yeridildi. Abbas Mirzə Şuşadan ordunu ayırıb, Gəncəyə gəldi. Nizaminin məqbərəsi önündə, 13 sentyabr tarixində ikinci döyüş baş verdi. Burada da ruslar qalib gəldilər.

Bundan sonra ilk olaraq ruslar Gəncə üsyanını vəhşicəsinə boğdular və xeyli üsyançı öldürüldü. Məğlubiyyətdən sonra artıq İran elçisi sülh haqqında danışıqlar üçün Tiflisə yola düşmüşdü. Bu, rusların da ürəyincə idi. Çünki Paskeviç düşünürdü ki, məğlub olmuş İran istənilən şərti qəbul edəcək. Onların planında İrəvan və Naxçıvanı da tutmaq vardı. Yermolov və Paskeviç bir-biriləri ilə yola getməsələr də, İrana qarşı ərazidə güclü mərkəz dayaq yaradılmasının tərəfdarı idilər. Bu mərkəz dayaq gələcəkdə erməni dövləti olacaqdı.

1827-ci ilin 20 aprelində ruslar Xudafərini tutdular, bir korpus İrəvana doğru yola çıxdı. 5 iyunda Cavanbulaqda Abbas Mirzə məğlub oldu. Sonuncu Naxçıvan xanı Ehsan Xan Kəngərli isə Abbasabad qalasını ruslara təslim etdi. Həmin ilin 26 sentyabrında ruslar İrəvan qalasına hücuma keçdilər, qala mühasirəyə alındı və 1 oktyabrda təslim oldu. Bundan ardınca ruslar sərhədi keçib cənuba doğru hücuma keçdilər. Əvvəl Mərəndi, oradan da Təbriz işğal etdilər. Təbrizin idarəsi ləğv edildi və burada xüsusi idarə yaradıldı.

Картинки по запросу

(General Paskeviç)

İran dövləti ilə Rusiya imperiyası arasında sülh müqaviləsi üçün “Dehqarqan” danışıqları başlandı. Kərim Şükürov yazır ki, burada Paskeviç İran şahlığından Naxçıvan, İrəvan xanlıqları və Ordubad dairəsi ilə bərabər 10 gurur əvəzinə 15 gurur (Hindistan pulu-1 gurur 500 min manat) təzminat istədi. Əgər xanədan bu təzminatı ödəməsəydi, rus qoşunları cənubi Azərbaycandan çıxmayacaqdılar. Bu vaxt ingilis nümayəndə Makdonald araya girərək şaha gururların hazırlanmasına kömək etmək istədiyini bildirdi. Çünki rusların Təbrizdə qalması Tehrana və daha sonra Hindistana yol açırdı.

İngilislərin də vasitəçiliyi ilə 21 noyabr tarixində barışıq aktı imzalandı və danışıqlar nəticəsində təzminat 12 gurura endirildi. Beləliklə təzminatın 8 güruru ilə rus qoşunları 1828-ci ilin 1 yanvarınadək Təbrizdən çıxmalı idi. Növbəti təzminat isə 1829-cu ilin may ayına kimi ödənilməli idi.

Lakin yanvar ayında təzminat məsələsində yenidən anlaşmazlıqlar oldu və bundan hirslənən Paskeviç razılaşma aktında heç bir dəyişiklik etməyəcəyini bildirərək qoşuna əmr verdi ki, Ərdəbil, Miyanə və Urmiya tutulsun. Bu şəhərlər də rus ordusu tərəfindən mühasirəyə alınandan sonra tərəflər arasında yenidən danışıqlar başlandı.

1828-ci il 6-10 fevral tarixlərində Təbrizdən üç verst aralıqda yerləşən, kiçik kənd olan Türkmənçayda Paskeviç, onun nümayəndələri və Abbas Mirzə ilə nümayəndələrinin qatılımı ilə danışıqlara başladılar. 10 fevral 1828-ci il tarixində Azərbaycanın taleyi həll olundu. 16 maddəlik müqavilə tərtib edildi və imzalandı.

Müqavilənin maddələri (ixtisarla):

I maddə – Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq olacaq;

II maddə – Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hörmətlə qəbul edirlər ki, razılığa gələn yüksək tərəflər arasında baş vermiş və indi xoşbəxtlikdən qurtarmış savaş ilə Gülüstan traktatının qüvvəsi üzrə qarşılıqlı təəhhüdlər də başa çatıb;

III maddə – İran şahı həzrətləri öz adından, öz vərəsələri və varisləri adından Arazın o tayı və bu tayı üzrə İrəvan xanlığı ilə Naxçıvan xanlığının Rusiya İmperiyasının tam mülkiyyətinə güzəşt edir. Şah həzrətləri bu güzəşt nəticəsində, hazırkı müqavilənin imzalanmasından sayılmaqla altı aydan gec olmayaraq, yuxarıda adları çəkilən hər iki xanlığın idarə edilməsinə aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisliyinə verməyi vəd edir;

Sonuncu sərkərdə, naibiüssəltənə, tacsız şah

IV maddə – Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır: Sərhəd xətti Osmanlı torpaqlarının ucundakı kiçik Ağrı dağın zirvəsindən aralıda, düz istiqamətə ən yaxın nöqtədən başlayaraq, o dağların zirvəsindən keçir. Sərhəd xətti oradan başlayan çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir. Sərhəd Araz çayı üzrə davam edir və sərhəd Cikoir yüksəkliyi zirvəsindən Talışı Ərş dairəsindən ayıran dağlar üzrə Qəmərkuhun zirvəsinədək keçir. Beləliklə, adıçəkilən dağın zirvəsindən əks tərəfdə yerləşən hissəsi istisna olmaqla, Zuvand dairəsi Rusiyaya birləşir;

V maddə – İran şahı həzrətləri bütün Rusiya imperatoru həzrətlərinə öz səmimi dostluğuna sübut olaraq, bu maddə ilə həm öz adından, həm də öz vərəsələri və İran taxt-tacının varisləri adından, yuxarıda göstərilən sərhəd xətti arasında, Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və bütün adaların, bununla bərabər həmin məmləkətlərdə yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanadək Rusiya İmperiyasına məxsus olduğunu təntənə ilə tanıyır;

VI maddə – İran şahı həzrətləri hər iki dövlət arasında yaranmış savaş ilə Rusiya İmperiyasına vurulmuş xeyli ziyana, həmçinin Rusiya təbəələrinin düçar olduğu qurbanlara və itkiyə hörmət əlaməti olaraq, onların əvəzini pul təzminatı ilə ödəməyi öhdəsinə götürür. Müqaviləyə qoşulan hər iki yüksək tərəf o mükafatın məbləğini on gurur tümən raicə, ya iyirmi milyon gümüş manat qərarlaşdırıb. Onun vaxtı, ödəniş qaydası və təminatı sözbəsöz hazırkı traktata daxil edilə biləcək qüvvəyə malik olan xüsusi müqavilədə qərarlaşdırılıb;

VII maddə – İran şahı həzrətləri öz əlahəzrət oğlu şahzadə Abbas Mirzəni öz vərəsəsi və taxt-tacın varisi təyin etmək iltifatında bulunan kimi, Bütün Rusiya imperatoru həzrətləri İran şahı həzrətlərinə varislik qaydasının təsdiqinə kömək etmək arzusunu açıq-aşkar sübut etməkdən ötrü, bundan sonra şahzadə Abbas Mirzə həzrətlərinin simasında İran taxt-tacının vərəsəsi və varisini, onun taxta çıxmasından sonra isə onu o dövlətin qanuni hökmdarı hesab etməyi öhdəsinə götürür;

VIII maddə – Rusiya tacir gəmiləri, əvvəlki qayda üzrə, Xəzər dənizində və onun sahilləri boyunca azad üzmək və bununla bərabər onlara yaxınlaşmaq hüququna malikdir. Gəmi qəzası hallarında İranda onlara hər cür kömək edilməlidir. Bu üsulla İran ticarət gəmilərinə də Xəzər dənizində əvvəlki qayda ilə üzmək və Rusiya sahillərinə yan almaq hüququ verilir ki, orada gəmi qəzası hallarında onlara qarşılıqlı surətdə hər cür vəsaitlə kömək göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə, qədimdə olduğu kimi, yalnız Rusiya hərbi bayrağı altında olan hərbi gəmilər Xəzər dənizində üzə bilər;

IX maddə – Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hər vasitə ilə onlar arasında bu qədər xoşbəxtliklə bərpa olunmuş sülh və dostluğu bərqərar etməyi arzulayaraq, müvəqqəti tapşırıqların icrası və ya daimi qalmaq üçün bu və ya o biri dövlətə göndərilən səfirlərinin, nazirlərinin və işlər müvəkkillərinin, onların dərəcəsinə, razılığa gələn yüksək tərəflərin şərəfinə, onları birləşdirən səmimi dostluğa və yerli adətlərə uyğun olaraq, ehtiramla və (hər birinin) ayrılıqda qəbul edilməsini qarşılıqlı surətdə rəva bilirlər;

X maddə – Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hər iki dövlət arasında ticarət əlaqələrinin bərpa olunmasına və genişlənməsinə, sülhün bərqərar olmasına tam qarşılıqlı razılıq əsasında hökm verdilər. İran şahı həzrətləri qabaqlar olduğu kimi, Rusiyaya ticarətin xeyrinə tələb olunan hər yerə konsullar və ticarət agentləri təyin etmək hüququ verir və öhdəsinə götürür. Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran şahı həzrətlərinin konsul və ya ticarət agentlərinə münasibətdə tam qarşılıqlığa əməl etməyə vəd verir;

XI maddə – Qarşılıqlı surətdə təbəələrin bütün tələbləri və savaş ilə dayandırılmış başqa işlər sülh bağlandıqdan sonra ədalətlə bərpa olunacaq və həll ediləcək. Qarşılıqlı surətdə təbəələrin öz aralarında bu və ya o biri hökumətin xəzinəsinə müqavilə təəhhüdləri dərhal və tamamilə təmin edilməlidir;

XII maddə – Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin ümumi razılığı üzrə qarşılıqlı surətdə qərara alır. Onlardan Arazın hər iki tərəfindən tərpənməyən əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər. Lakin Rusiya imperatoru ona aidiyyəti olduğuna görə, keçmiş İrəvan sərdarı Hüseyn xanı, onun qardaşı Həsən xanı və keçmiş Naxçıvan hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir;

XIII maddə – Axırıncı və ya bundan qabaqkı döyüşlərin gedişində əsir alınmış hər iki tərəfin bütün hərbi əsirləri, bununla bərabər hər iki hökumətin nə vaxtsa qarşılıqlı əsir düşmüş təbəələri azad edilməli və dörd ay ərzində qaytarılmalıdır. Onlar azuqə və digər tələbatlarla təmin edilməli, onları qəbul etmək və sonrakı yaşayış yerinə yollamağa sərəncam vermək üçün hər iki tərəfdən ayrılmış komissarlara təhvil vermək üçün Abbasabada göndərilməlidirlər;

XIV maddə – Razılığa gələn tərəflərdən heç biri axırıncı savaşın başlanmasınadək və ya o vaxtı digərinin təbəəliyinə keçmiş olan satqınların və fərarilərin verilməsini tələb etməyəcək;

XV maddə – Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırkı müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış döyüşdə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Tərpənməyən mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir.

(Qeyd: Məhz bu maddəyə əsaslanaraq onminlərlə erməni ailəsi İran ərazisindən Şimali Azərbaycan ərazisinə köçürülüb);

XVI maddə – Müvəkkillər bu sülh müqaviləsi imzalandıqdan sonra, qarşılıqlı surətdə təxirə salınmadan təcili olaraq, hərbi əməliyyatların dayandırılması haqqında bütün yerlərə xəbər və lazımi fərman göndərməlidir. Eyni məzmunda iki nüsxədə tərtib edilmiş, hər iki tərəfin müvəkkilləri tərəfindən imzalanmış, onların gerbli möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı olaraq bir-birinə verilmiş bu sülh müqaviləsi bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri tərəfindən təsdiq edilməli və onların imzaladığı təsdiq mətnləri təntənəli şəkildə hər iki tərəfin müvəkkilləri tərəfindən dörd ay ərzində və ya mümkün olduqca daha tez dəyişdirilməlidir.

Müqavilə bu sözlərlə yekunlaşdı: Fevral ayının 10-da, İsanın anadan olmasının 1828-ci ilində Türkmənçay kəndində bağlanıb.

Əslini imzaladı:

İvan Paskeviç, A.Obrezekov

Beləliklə, Azərbaycan rəsmi olaraq iki dövlətin işğalçılıq siyasətinin qurbanı oldu. Burada öz xanlarımızın, bəylərimizin də rolu böyük oldu. İki əsrdə nəinki birləşə bildik, hətta, dəfələrlə həm Arazın o tayında, həm bu tayında qırğınlara məruz qaldıq.

Amma mədəniyyət, dil, ədəbiyyat, ürəklər 193 ildir ayrı qalsa da, yenə də bir hədəfə vurur: Yaşasın Azərbaycan!

AYNA

Müəllif: Şəhla Cabbarlı

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta SEPAH terror təşkilatı ilə bağlı Avstralıyanın xarici işlər naziri Penny Vonga məktubla müraciət edib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Rus sülhməramlıların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edilib

GADTB: 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş …