“Koroğlu” Azərbaycan və Türkmən variantlarında ortaq dəyərimiz

GADTB: “Koroğlu” dastanı türk xalqlarının epik yaradıcılığında geniş yayılmış dastanlardan biridir. Bu gün “Koroğlu” dastanı türk, qazax, qırğız, özbək, türkmən, tatar, başqırd, qaqauz, Azərbaycan, qaraqalpaq, uyğur və s. xalqlar arasında öz həyatını davam etdirir. Koroğluşünas alimlərdən B.Qarrıyevə və P.N.Boratava görə “Koroğlu” dastanı türkmən mənşəlidir. Bir çox sovet və Azərbaycan alimlərin ortaq fikrinə görə isə dastan Cənubi Qafqazda və Azərbaycanda ortaya çıxmış, oradan Anadoluya və yaxın bölgələrə yayılmışdır. Bu dastanının Mərkəzi Asiyada yayılmış variantları içərisində türkmən xalqının “Goroğlu” dastanı xüsusi yer tutur. Dastanın həcmi böyükdür və qollarının sayı etibarilə zəngindir. Azərbaycan və türkmən variantlarında “Koroğlu” dastanının tipoloji xüsusiyyətləri kifayət qədər fərqlilik göstərir. Bu sahədəki araşdırmalar ortaq və fərqli tərəflərini üzə çıxarmaqla dastanın variantlarını daha dərindən anlamağa xidmət edir. Bu araşdırmalar həm epik yaradıcılığın etnik təfəkkür və mədəniyyətlə əlaqəsinin, həm də qardaş xalqlar arasında epik yaradıcılıq mübadiləsinin öyrənilməsinə yardım edir.

Türk dastançılıq gələnəyimim ölməz söz abidəsi olan “Koroğlu” dastanının Qafqaz versiyaları öz daxilində bir necə varianta bölünür. “Koroğlu” dastanının bəzi qol və məslislərinə XVII-XVIII əsrə aid edilən cünglərdə, əlyazmalarda, rast gəlinir. İlk dəfə 1830-cu ildə “Tiflissjie vedomosti” dərgisində dastandan kiçik bir hissə çap olunmuşdur. Koroğlu dastanının Azərbaycan versiyalarını əsasən iki əsas variant və bu variantlara bağlı bölgəsəl fərqlilik göstərən qollar olaraq ələ almaq mümkündür. Parisin Milli Kitabxanasında və G.Kekelidze adına Tibilisi Əlyazmalar İnstitutunda qorunan variantlar Koroğlunun ən qədim əlyazmaları hesab olunur. Bunlar, eyni zamanda, dastanın dəyişməz, abidələşmiş forması, söz abidəsidir.

Təbrizli tacir İlyas Muşeqin 1721-ci ilə Azərbaycan dilində, lakin erməni əlifbasında tərtib etdiyi cüngdə topladığı şeirlər “Koroğlu” dastanına aid olan qoşma və gəraylılardan ibarətdir. 13 şeirdən ibarət olan və “Nəğmələr kitabı” adlanan cüng Təbriz aşıqlarından toplanmışdır. Bu cüng “Koroğlu”ya məxsus ilk böyük həcmli yazılı mənbədir.

Həmçinin Əhərli şair Əndəlib Qaracadağinin 1804-cü ilə aid “Şeirlər məcmuəsi” adlı əlyazmasında də “Koroğlu” dastanından şeirlərin yer aldığını bilirik. Hal-hazırda “Şeirlər məcmuəsi” əlyazmasının orijinalı Rusiyda, Sankt-Peterburq şəhərinin Asiya Muzeyinin arxivində saxlanılır. Bu əlyazmadakı

Koroğluya məxsus hissəsindəki şeirlər dastanın 1956-cı il nəşrinə əlavə olaraq verilmişdir.

XIX əsrin ortalarına aid edilən, Təbrizdə yazıya alınmış 28 məclisli bir “Koroğlu” nüsxəsi də Gürcüstanda Q.Kekelidze adına Əlyazmalar İnstitutunun fondunda aşkar edilmişdir. Həmin nüsxə L.Q.Claidze, X.Koroğlu, D.Əliyeva, H.İsmayılov, E.Tofiqqızı, F.Bayat kimi alimlər tərəfindən tədqiq olunmuşdur. Alimlərin ortaq fikrinə görə, dil və üslub baxımından əlyazma eposun Azərbaycan versiyasına aiddir. Bu əlyazma “Koroğlu” dastanının ən orijinal variantı hesab olunur.

“Koroğlu” dastanının Paris nüsxəsinin söyləyicisi Aşıq Sadıq adı ilə ün qazanmış Sadıq bəy olmuşdur. Dastanı Mirzə Əbdülvahab qələmə almış, Mirzə İsgəndərin nökər və qulluqçuları – Mirzə Mehdi Gilani, Həzrətqulu bəy və Yaqub bəy isə bu işə şahidlik etmişlər. Qələmə alınma tarixi: çərşənbə günü, rəbiüləvvəl ayının 15-i, hicri-qəməri 1250-ci il. Əlyazmanın müəllifindən soraq verən son qeyd isə belədir: “Bu nüsxəni əvvəldən axıra qədər Mahmud xan Dünbüli Dircuy toplamışdır. Mətn düzgündür, lakin türki rəsmül-xəttində bir neçə səhv gedibdir. Ulu Mirzə İsgəndər bunu qeyd etsə də, onları düzəltməyə fürsət olmadı“.

“Koroğlu” dastanının Paris nüsxəsini tədqiq etmiş E.Abbasov yazır: “Koroğlu” eposunun Paris əlyazma nüsxəsi elmi ədəbiyyatda bir çox adlar altında məlumdur. Görkəmli koroğluşünaslardan P.N.Boratav ondan “Paris rəvayəti”, B.Qarrıyev “Cənubi Azərbaycan versiyası”, M.H.Təhmasib, F.Fərhadov, A.Nəbiyev “Xodzko variantı” və “Xodzko nəşri”, X.Koroğlu “Xodzko nəşri” və ya “Xodzko versiyası” kimi bəhs etmişlər. Paris nüsxəsi ifadəsi eposun bu variantının 1997-ci ildə Bakı çapını hazırlamış İ.Abbaslı tərəfindən Azərbaycan elmi ədəbiyyatına gətirilmişdir. Bu ifadə digər sadalananlardan daha dəqiq və elmi olduğu üçün son dövr Azərbaycan folklorşünaslığında daha aktiv işlədilməyə başlamışdır. Paris nüsxəsi 13 məclisə bölünüb, məclislər bir-birindən xətt çəkilməklə ayrılıb, xüsusi adlar daşımasalar da əksər halda əvvəldə neçənci məclis olduğu göstərilir. Mətnin yurd (nəsr) hissəsi farsca, şeirləri Azərbaycan türkcəsindədir.”

Londonda ingilis dilində nəşr olunan nəşr 1834-cü ildə Təbrizdə yazıya alınmış Paris (Təbriz) nüsxəsinin tərcüməsi idi. Bundan sonra dastan fransız, alman, polyak və rus dillərində çap olundu. Paris nüsxəsi 1834-cü ildə Təbrizdə Nigarıstanlı Aşıq Sadıqdan yazıya alınmış, sonra A.Xodzko tərəfindən İngiltərəyə aparılaraq 1842-ci ildə Londonda ingilis dilində çapdan çıxmışdır. Ardından həmin variant Fransada (üç nəşr – 1843, 1846, 1852-ci illərdə), Almaniyada (1843), Rusiyada (1856), Amerika Birləşmiş Ştatlarında (1971, Nyu York) çap olunub. Həmin variantın müəyyən qolları polyak (1849,

Varşava) və gürcü dillərində də (1887, 1908, Tiflis) işıq üzü görüb. Bu əsər Bakıda 1997-ci ildə kirill, 2005-ci ildə latın qrafikalı əlifba ilə nəşr olunmuşdur.

Sovet dövründə “Koroğlu”nun aşıq repertuarında olan qolları toplanmağa və nəşr edilməyə başlandı. Bu sahədə V.Xuluflu, H.Əlizadə, S.Mümtaz, M.Təhmasib və s. alimlərin əməyi böyükdür. S.Mümtaz dastanın bütün varyant və versiyalarını tədqiq etmiş, sovet və Azərbaycan alimləri ilə fikir mübadiləsində bulunmuş, əldə etdiyi qənaətlərini belə ümumiləşdirmişdir: “Koroğlu” motivlərinin təhlili bizə bu nəticəni verir ki, bu dastan çox işlənmiş, çox dağılmış, çox təhriflərə uğramış və içinə növ-növ ünsürlər qarışmışdır”.

Dastanının Mərkəzi Asiyada yayılmış variantları içərisində türkmən xalqının “Goroğlu” dastanı xüsusi yer tutur. Dastanın həcmi böyükdür və qollarının sayı etibarilə zəngindir. Şifahi xalq yaradıcılığında söyləyicilik prinsipinə bağlı olaraq bu epik əsərin girişi ilk qoldan başlayır.

Azərbaycan qaynaqlarında da “Goroğlu” dastanı haqqında qısa məlumatlara və tənqidi qeydlərə rast gəlinir. M.Təhmasib, P.Əfəndiyev, A.Nəbiyev, F.Fərhadov, Y.İsmayılova və s. koroğluşünas alimlər “Koroğlu” dastanının tarixi kökləri, yayılma arealı haqqında yazarkən dastanın türkmən versiyaları haqqında da öz fikir və mülahizələrinə yer vermişlər. Professor A.Nəbiyevin fikincə dastan Zaqafqaziya məkanında yaranmış, şaxələnmiş və buradan da Türküstan coğrafiyasına keçmişdir: “Qafqaz-Anadolu versiyasının “Koroğlu” süjetinin türkmən hafizələrinə, oradan da bütün Türküstana yayılmasında mühüm rolu olmuşdur. Türkmən hafizələrinə “Koroğlu” improvizəsi bütövlükdə Azərbaycandan keçmişdir. Təbriz koroğluxanlarının repertuarını bəzəyən eposu türkmən baxşıları Türküstanda yaymış, çox keçmədən burada versiya öz yeni improvizə həyatını yaşamışdır. Baxşılar ənənəvi süjetdəki “kor edimliş kişinin oğlunun göstərdiyi qərəmanlığı” gorda dünyaya gələnin qəhrəmanlıq sücaəti ilə əvəz etmişlər”.

Bu gün türkmən xalqı Koroğlunu öz əcdadı kimi qəbul edir və dastana böyük ehtiramla yanaşır. Bunun bariz nümunələrindən birini də Türkmənistanın ilk Prezidenti Saparmırat Türkmənbaşının “Ruhnamə” adlı kitabında görürük. Türkmənbaşı öz əsərində türkmən tarixindən bəhs edərkən bunu “Oğuzxan, Qorqud Ata, Koroğlu, Mahtumqulu və Türkmənbaşı” olmaqla beş dövrə bölür. “Ruhnamə”də “Koroğlu əyyamı” kimi bəhs edilən türkmən tarixinin üçüncü dövrü X- XVI əsrlər arasını əhatə edirr. Bu zaman dilimi əsərdə türkmən xalqının parlaq dövrü olaraq xüsusi olaraq qeyd edilir.

Türkmənistanın müxtəlif bölgələrindən baxşılardan Koroğlunun şəcərəsi ilə bağlı məlumatlar əldə edilmişdir. Daşhavuz vilayətinin Kalinin kəndindən Qurbanqılıc Çaxanoğlu bunu Dağxan bəy, İnər bəy, Arslan bəy, Əzbər bəy,

Zaman bəy, Ağa bəy, Qaba bəy, Aman bəy, Cığalı bəy, Adı bəy, Rövşən-Göroğlu kimi sıralamışdır.

XIX əsrin ortalarından başlayaraq “Goroğlu” dastanı və dastan haqqında olan bilgilər alimlərin, bölgəyə gələn və yaxud müəyyən səbəblərdən burada yaşayan səyyahların diqqətini çəlb etmiş və dastanın bəzi hissələri nəşr edilmişdir. Əslində, dastan haqqındakı məlumatlar daha qədimlərə gedir. XVII-XVIII əsrlərdə yaşayan türkmən şairlərinin əsərlərində dastanın adı çəkilir və haqqında məlumatlara yer verilir. Lakin bu məlumatlar çox ötəri olub ciddi informasiya daşımır.

1917-ci ildə ilk dəfə Daşkənddə və Kazanda türkmən “Qoroğlı” dastanının bəzi qolları çap olunmuşdur. Nisbətən təkmilləşmiş mətn 1941-ci ilədə çap olundu. Məşhur folklor toplayıcısı Ata Çepov tərəfindən toplanmış mətni Aşıq Pelvan (Pelvan baxşı) söyləmişdir. 13 qoldan ibarət olan kitabı Ata Qovşudov nəşrə hazırlamışdır. Bundan sonra dastandan 1958-ci ildə 14 qol, 1980-ci ildə 15 qol, 1990-cı ildə 20 qol toplanaraq nəşr edilmişdir. Ən mükəmməl nəşr isə 1983-cü ildə akademik B.Qarrıyevin toplayıb çap etdirdiyi variant hesab olunur. Bu variant Aşıq Pelvandan (Pelvan baxşı) yazıya alınmış rus, türkmən dillərində Moskvada işıq üzü görmüşdür. 1996-cı ildə Əhməd Yəsəvi Universitetinin hazırladığı dastan türk və türkmən dillərində 8 cild olaraq 30 qol həcmində Ankarada nəşr edildi.

“Goroğlu” dastanı haqqında bir neçə məqalə və toplama işlərini nəzərə almasaq, demək olar ki, araşdırmalar əsasən sovet dövründə başlamışdır. İstər toplama, nəşr işləri, istərsə də dastanın təhlili, öyrənilməsi bu dövrdə geniş vüsət almışdır. V.M.Jirmunski, H.T.Zaripov, P.Kiçikulov, A.Qovşudov, N.Aşırov B.A.Qarrıyev, M.Koseyev, B.Memmedyazov və başqaları tədqiqat işləri apraraq dastanın dövrü, mənşəyi, dili, yayılma coğrafiyası, əhəmiyyəti və s. haqqında fikirlər söyləmiş, öz mülahizələrini SSRİ və ya Türkmənistan miqyasında məcmuələrdə, kitablarda rus və türkmən dillərində çap etdirmişlər. Türkmənistanda bu işlər bu gün də davam etdirilir və türkmən xalqı “Goroğlu” dastanını öz milli mədəni söz abidəsi hesab edir. Təsadüfi deyildir ki, dastan 2015-ci ildə Türkmənistanda YUNESCO-un dünya irsi siyahısına daxil edilmişdir.

“Koroğlu” dastanı Xəzər dənizindən şərqdə yaşayan Oğuzlar arasında məşhur olmuş, zamanla dildən-dilə yayılaraq özbəklər və qazaxlar arasında da yayılmağa başlamışdır. Oradan da bütün Orta Asiya coğrafiyasına yayılaraq böyük bir ərazidə və çox sayda xalqlar arasında məşhur olmuşdur.

Nəticə olaraq bildirmək mümkündür ki, “Koroğlu” dastanı ümumtürk dastançılıq ənənəsindən doğulmuş, mövzusunu klassik qəhrəmanlıq motiflərindən götürmüş, daha çox şaxələndikcə məhəbbət mövzularının da yer aldığı, qədim olduğu qədər də gənc, yayılma arealı çox geniş, poetik olarak kamil söz abidələrimizdən biridir. “Koroğlu” dastanı türkün yaşadığı bütün coğrafiyada mövcud olmuş və hələ də həyatını davam etdirir.

Nailə ƏSKƏR

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın