
GADTB: Təbrizdə bir neçə ay nümayiş etdirilərək şəhərin teatr tarixində tamaşaçı iştirakına görə görünməmiş rekorda imza atan türkcə “Koroğlu” tamaşası bir neçə gün sonra Tehranda səhnəyə qoyulacaq. Tamaşanın Tehranda da Təbrizdə olduğu kimi böyük maraqla qarşılanacağı gözlənilir.
Tamaşanın rejissorunun paylaşdığı hekayədəki məlumata görə, Tehran tamaşaçılarının da əsərə marağı böyükdür. Nümayişə 12 gün qalmış biletlərin satış sayı təxminən 2 minə çatıb.
Tamaşa 2026-cı il oktyabrın 20–21-də Tehrandakı Bəhman Mədəniyyət Mərkəzində, Avini Beynəlxalq Konfrans Mərkəzində nümayiş etdiriləcək. Biletlər TIWALL.COM saytı vasitəsilə satışa çıxarılıb.
Yəqub Seddiq-Cəmalinin rejissorluğu ilə böyük bir türk sənətçilər qrupunun zəhməti nəticəsində ərsəyə gələn möhtəşəm “Koroğlu” meqalayihəsində Azərbaycanın mədəniyyəti, tarixi və folklor ədəbiyyatının dəqiq və dolğun şəkildə əks olunmasına xüsusi diqqət yetirilib. Tamaşa əvvəlki nümayişlərində də geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.
Tamaşanın son nümayiş mövsümündə Təbrizin 29 Bəhmən kompleksinin açıq amfiteatrında keçirilən 30 nümayişə təxminən 20 min tamaşaçı qatılıb. “Koroğlu” müxtəlif illərdə Təbrizdə keçirilən altı nümayiş mövsümü ərzində ümumilikdə təxminən 130 min tamaşaçı toplayıb. Bu göstərici tamaşanı Azərbaycan teatr tarixinin ən çox izlənilən səhnə əsərinə çevirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi