Çərşənbə axşamı , Aprel 23 2024
azfa

M.Ə.Rəsulzadə: Avropa məktubları, rusların əndişəsi – Nəsiman Yaqublunun təqdimatında

GADTB: Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin irsi olduqca zəngin və bu günümüz üçün öyrəniləsidir, aktualdır. Çağdaş dünyamızda  baş verən proseslər, Rusiya-Ukrayna münasibətlərinin müharibə addımlığında olması, ABŞ və digər dünya dövlətlərinin Rusiya ilə kəskin münasibətlər yaşaması, xalqlara münasibətdə Rusiyanın keçmiş sovet düşüncə sistemindən xilas ola bilməməsi  bu məqalədə qoyulan müəyyən məsələlərin əhəmiyyətliliyini göstərir. M.Ə.Rəsulzadənin İstanbulda 1928-ci ildə  nəşr edilən “Azəri-Türk” jurnalının , 27 aprel  (№7) sayında çap olunmuş yazısını oxuculara təqdim edirəm.

M.Ə.Rəsulzadə: Avropa məktubları II, rusların əndişəsi

İkinci məktubu da rus məsələsinə təxsis ediyoram. Bu məsələ Parisdəki rus mətbuatının bu günlərdə ən ziyadə məşğul olduğu bir mövzudur. Əvvəlki məktubumda təlxis etdiyim “Dni” idarəxanasındakı “mübahisə” xitama irdi. Son ictimada Kerenski kəndisi bəyanatda bulundu. Kerenski biliyormuş ki, hal-hazırda kəndisi ilə mübahisəyə gələn rusdan qeyri-millətlərlə Rusiyadan ayrılmaq istəyən siyasi təşəkküllərin müməssilləri millətçilik “çocuq xəstəliyi” ilə məluldurlar. Kerenski sabiq gürcü nazirlərindən Gekeçqorinin bəzi natiqlərin “tərzi-ifadələrinə” nəzərən bütün mübahisənin nəticəsiz qaldığı haqqındakı mülahizəsini qəbul etmiyor. Ona görə Rusiya nə “cahan məşəli”, nə də Baltik sahilindən Qafqasiya hüduduna qədər kəndisinə qarşı bir ehtiyat çənbəri çəkiləcək “vəhşət səltənəti”dir. Kerenskiyə görə “bizim”lə “onlar”ın anlaşa bilməsi üçün əsas bir şərt var ki, bu da “kiçik millətlərin hürriyyət və istiqlallarını kəsbdə kəndilərini Rusiyaya düşmən əsgəri əcnəbi təşkilatları ilə ittifaqa sövq edən yola sapmamalarından ibarətdir”.

Kerenski raportor Vişnyakın “ya Rusiya xalqı, ya marşal Pilsudski, ya de-mokrasi, ya da Mustafa Kamal Paşa” formulu tərzində vəz etdiyi məsələnin digər bir şəklini təşkil edən bu formulunu bəyan edərkən kəndisinə “millətlərin kəndi müqəddəratlarını təyinə səlahiyyətdar olduqlarını qəbul ediyormusunuz?” deyə sormuşlardır. O, bu suala “əvət, qəbul ediyoram” deyə cavab vermişsə də, bu “qəbul”un nədən ibarət olduğununun izahını da unutmamışdır. Anlaşılıyor ki, Kerenski bu haqqı yalnız “federasyon” mənasında qəbul və bu şəkli bilxassə tərvic ediyor, fərzən “millətlər cəmiyyətində Gürcüstan müməssilinin səsi rus müməssilinin səsi ilə birlikdə yüksəlirsə, şimdidən daha zəif olmaz ya?!..”

“Dni” idarəxanasında cərəyan edən bu mübahisə, heç şübhəsiz, hal-hazırda Rusiya ilə əlaqədar siyasi məhfilləri, bilxassə rus məhfillərini ciddiyyətlə məşğul edən bir mövzu təəllüq ediyor. Rusiya böhranı gerdikcə vahimləşiyor. Daxili tənaqüslər bir tərəfdən, xarici təzyiqlər də digər tərəfdən Rusiya bünyəsini sarsıyor. Məsələnin həlli yaxlaşıyor. Yaxlaşan bu “həll”də ən böyük və “Böyük Rusiya birliyi” məfkurəsini daşıyan imperialist zehniyyətli ruslar nəzərində ən möhlik bir amil varsa, o da Rusiyadakı milliyyət cərəyanlarıdır. Rus siyasiləri 19-cu əsrdə Avropayı istila edən və nəhayət həllini bulmadıqca heç bir dövlətə rahət verməyən bu müzic məsələnin Rusiyaya da rahət verməyəcəyini görüyorlar. Fəqət ilticaən Avropada yaşadıqları halda bu məsələnin həllini avropalıca deyil, yenə növlərinə məxsus bir qafa ilə, yəni rusca düşünüyorlar. Tarixin cərəyanına uyaraq millətlərin kəndi müqəddəratlarını həllə tərəfdar olmaqdansa, bu haqqı təhdid edəcək manevra və nəzəriyyələrə qapılıyorlar.

Millətlər haqlarını istiyorlar. Bu istək gündən-günə qüvvətləniyor. Qızıl qalpağın Sovetlər İttihadı üzərindən qalxdığı gün Rusiya imperatorluğu deyil, onun yerində bir çox müstəqil məmləkətlər peyda olacaq. Bu mənzərə dünkü və yarınkı rus imperyalistlərini qorxutuyor. Bu qorxu qarşısında onlardan bir qismi qarşılarındakı “bolşevik düşmənini” belə unuduyorlar. Məruf Milyukovun “komsomol vətənpərvərliyi” ilə iftixar etdiyi mərufdur. “Dni” mübahisəsinə iştirak edən rus natiqlərin əksərisində rus olmayan millətlərə qarşı “vahid bir cəbhə”nin nəfərlərinə məxsus müştərək bir hiss vardı. Şimdi də general Denikin nəşr etdiyi bir məktubla nəzəri-diqqəti cəlb etmişdir.

General Denikinə “ora”dan (yəni Rusiya daxilindən) bir məktub gəlmiş. Bu məktubu ona əskidən tanıdığı və bəlkə də nəzdində xidmət etdiyi bir zabit yazmışdır. Bu, çar zamanında ərkani-hərb zabitanından imiş. Bu ərkani-hərb sövqi-qədrlə qızıl orduda qalmış. “Qızıl komandan” olmuş. Bu komandan vaxtilə istəmişsə də, bəyazlar tərəfinə keçəməmiş. Fəqət şimdi qızıl orduyu qüvvətləndirməyi böyük bir vətən vəzifəsi sayıyor. “Çünki – o diyor, – bəyaz ordular getsə də, Rusiya qalmışdır. Çünki – diyor – şimdiki halda Rusiyayı əcnəbi düşmənlərdən qoruyacaq başqa bir qüvvət yoxdur. Düşmənlər isə çoxdur və qüvvətlidir. Onların istədiyi şey tərzi-idarə deyil, Rusiyanın zəfidir. Onlar yalnız Sovet Rusiyayı deyil, ələlümum Rusiyayı yıxmaq istiyor: şu və ya bu bəhanə ilə bizdən Ukraynayı, Belorusiyayı və sairəyi ayırmaq, ərzaq, kömür və neft yerlərini qoparmaya çalışıyorlar. Didilmiş, qırpılmış Rusiya səfil bir həyat ilə qalır və burada ələləbəd komunistlər hökmran olurlarsa, onların tək bir qılı da tərpənməz!”

Denikin “ora”ya yazdığı cavabını da nəşr eləmişdir. Məktub kibi cavabı da uzundur. Fəqət biz o cavabdan mövzumuza təəllüq edən sətirləri nəql ediyoruz. Denikin qızıl orduda qalıb da bəyaz ordu tərəfinə keçəməyən rus zabitanının böyük bir faciə yaşadıqlarını və bu faciənin artıq tarixə keçdiyini təsbit etdikdən sonra sözü Rusiyanın bugünkü vəziyyətinə nəql ilə diyor ki:

“Əvvəlcə Avropada Rusiyayı xilas etmək planları düşünülürdüsə, şimdi açıq surətdə kəndisini bölüşmək fikri ağılları məşğul etməkdədir. Bu məqsədlə də kabinələrdə və nəzarətlərdə milli şovinizmlərlə iqtisadi rəqabətlər üzündən hüsulə gələn çatlaqlar sıvanıyor, intiqam planlarının tətbiqi təxir ediliyor, intizarın xaricində qeyri-təbii rabitələr peyda oluyor. Bu məqsədlə böyük bir dövlətin parasına, digər böyük bir dövlətin müvafiqətilə, üçüncü kiçik bir dövlətin ərazisi daxilində Rusiyaya düşmən qüvvətlərin təmərküzü və hazırlanmaları üçün bir “baza” təşkil olunuyor. Ukraynayı, Krımı, Şimali Qafqasiyayı, Mavərayi-Qafqasiyayı, Türküstanı ayıranlara bərəkətli əfəndi süfrəsindən bolluca yemək veriliyor. Hətta zavallı kazak qırıntıları belə “hürr kazaklıq” namilə çıxardıqları vərəqparə ilə vətənlərini təhqirdə başqalarından geri qalmıyorlar. Bunlar da kəndilərinə məxsus “istiqlalçı böyük kazak milləti” yaradıyorlar. Dünyanın hər tərəfindən buraya cəlb olunan dəliqanlılara əsgəri məktəblərdə hərb və zərb fənni öyrədilərək kəndilərinə Rusiyaya qarşı nifrət hissi təlqin olunuyor”.

İştə bu şərait daxilində vətənpərvər bir rus zabitinə qızıl ordu təchizatını qüvvətləndirmək üzərində çalışmaq,Denikinə görə,günün görüləcək ən vətən-pərvəranə işidir.

Vaxtilə general Brusilov eyni motivlə bolşeviklərə iltihaq eləmiş, Rusiyayı qızıl ordu ilə müdafiə etmək istəmişdi. Gərçi onun bu “həmasəti” rus ordusunu Varşava altında yediyi zərbədən xilas edəməmişdi. Fəqət,bizcə,bu hadisədə şayani-diqqət olan cəhət general Denikinin ibraz etdiyi bu “brusilovçuluq” deyil, onun Rusiyadakı milli hərəkətlər haqqında bəslədiyi “kor qənaət”dir. Rus generalına görə Rusiyadan ayrılmaq istəyən millətlərin hərəkəti ancaq Rusiyayı parçalamaq istəyən əcnəbi dövlətlərin bir intriqasıdır. Mövqeyi-iqtidarda bulunan müstəbidlərlə imperyalistlər daima qarşılarında bulduqları hürriyyət və istiqlal hərəkətinə bu töhməti vurmuşlardır. Şimdi biz bu töhməti sırf əcnəbi kisəsindən keçinən bir generaldan eşidirsək, qəribmi olur?… Qərabət burasındadır ki, çar generalı Denikinin qabaca ifadə etdiyini çar müxalifi rus sosialistləri belə “demokratik bir əda” ilə ifadə ediyor: “ya rus demokrasisi və ya marşal Pilsudski!” deyə qarşımıza bir “dilem” atıyorlar (Vişnyakın raporundan).

Halbuki həddi-zatində böylə bir “dilem” yox,olduqca sərih bir məsələ vardır: millətlər ayrılıyor, istiqlallarını dava ediyorlar. Qərbdən Şərqə doğru gedən bu böyük hərəkət şimdi gəlmiş, Rusiya deyilən millətlər küməsini kəndi cərəyanına almışdır. Bu təbii cərəyana qarşı denikinlərin təsəvvür etdiyi süni çarələrlə durulamaz. Ən doğru çarə Kerenskidən Denikinə qədər bütün rus ricalının “millətlərin kəndi müqəddəratlarını təyinə səlahiyyətdar olduqları haqqını” bilaşərt və qeyd təslim etmələridir.

* * *

Denikinin məktubu millətçi rus mətbuatında pək böyük bir münaqişəyi tövlid etmişdir. General Denikinin qızıl orduyu bugünkü halı ilə bir rus ordusu kibi görmək təmayülündə bulunuşu bəyaz rus zabitlərini quşqulandırmış, bir çox dedi-qoduyu mucib olmuşdur. Bunun üzərinə Qranduq Nikola ərkani-hərbinə mənsub general “Vozrojdeniye” qəzetəsi vasitəsilə “mülaqat”lar nəşr eləmiş, əcnəbi təhlükəsi qarşısında komunist Rusiyayı müdafiə etmək məsələsinin mövzui-bəhs olamayacağını iləri sürmüşlərdir. Bu generallarla bərabər “Vozrojdeniye” qəzetəsinin baş mühərriri ilə “Rossiya” qəzetəsinin mühərrirləri dəxi Rusiya parçalanmaq təhlükəsinə məruz qalsa belə, bugünkü rejimi müdafiə niyyətində olmadıqlarını söyləmişlərdir. Generallar o fikirdədirlər ki, hər şeydən əvvəl şimdiki rejim devrilməli, ondan sonrası isə kolaydır. Yeni təşəkkül edəcək rus ordusu əcnəbi düşmənlərin haqqından gələcək kibi iftiraqçı milliyyətləri də təkrar tədib edər. Fəqət Milyukov və Kerenski kibi siyasi mühərrirlər bu “bəyaz cərəyan” məfkurəsi ilə razı olamı-yorlar. Onlarca, şimdi Rusiyanın daxili məsələsi şəklində olan milliyyət məsələsi ilə Rusiya yarın beynəlmiləl birər məsələ kibi qarşılaşa bilir ki, bu təqdirdə sadə hərb və istila ilə iktifa olunamaz!

Paris, 1 nisan 1928

 “Azəri-Türk”, 27 nisan 1928, №7

Müzic – usandırıcı

Sərih – açıq,aşkar

İktifa – kifayətlənmə

Red: 27 nisan 1928 – 27 aprel 1928

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …