
GADTB: İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaşlıq Dairəsi İdarəsi 73 gündür ki, azərbaycanlı ailənin Öykü adlı yeni doğulmuş körpəsinə doğum haqqında şəhadətnamə verməkdən imtina edir. Bu da onların ciddi problemlər yaşamasına səbəb olub.
Körpənin anası Balamın Adı kampaniyasına bu barədə deyib: “Qızımız 2025-ci il avqustun 6-da dünyaya gəlib və biz onun üçün Öykü adını seçmişik. Ancaq Təbriz Vətəndaşlıq Dairəsi İdarəsi fərqli bəhanələrlə bu ada doğum haqqında şəhadətnamə verməkdən imtina edib. Bizim adı dəyişmək istəyimiz olmadığından idarənin qərarında məhkəmyə şikayət etməli olduq. Həyat yoldaşım vəkil olsa da və məhkəmə iclasında bütün qanuni müddəaları təqdim etsə də, təəssüf ki, hakim qanunsuz bəhanələrlə vəsatətimizi rədd etdi. Artıq 73 gündür ki, övladımızdoğum haqqında şəhadətnamə olmadan yaşayır və biz bir çox problemlərlə üzləşmişik.”
Qeyd edək ki, İranda mövcud qaydalara görə, doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, o cümlədən, peyvənd, süd tozu payından yararlana bilmirlər. Nəticədə ailələr bütün bu xərcləri öz ciblərindən qarşılamaq məcburiyyətində qalırlar. Bu da indiki sosial şəraitdə ailələri olduqca böyük çətinliklərə salır. Bundan başqa, bir çox hallarda xəstəxanalar da sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə rejim bu məhdudlaşdırıcı təzyiq vasitələrindən istifadə edərək ana-ataları uşaqlarına türk olmayan adlar seçməyə yönləndirməyə çalışır.
Oktyabrın 6-ı Şərqi Azərbaycan hakiminin müavini Əhməd Moqarinin türk adlarının qeydiyyatına qoyulan qadağanın məhkəmə sisteminin müvafiq qurumlarla qarşılıqlı əlaqəsi nəticəsində aradan qaldırıldığını iddia etməsinə baxmayaraq Vətəndaş Qeydiyyatı idarələri hələ də türk adlarına qarşı çıxmaöa davam edirlər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi