Şənbə , Aprel 20 2024
azfa

Qaraqoyunlular və Baharlı sülaləsi

GADTB: Azərbaycanın XV əsr tarixi qədimdən Azərbaycanda yaşayan oğuz türk boylarından olub, tariximizdə daha çox Baharlı və Bayandurlu kimi tanınan iki böyük nəslin siyasi hakimiyyət uğrunda mübarizəyə qoşularaq uğur qazanması,yarı türk,yarı monqol dövləti kimi tanınmış Hülakülərdən sonra Azərbaycanda tam bir türk dövlətçiliyinin bərpa olunması və inkişaf etdirilməsi ilə əlamətdardır.Özlərini türk və ya türkmən adlandıran bu iki nəslin kökü bir olub,Oğuz xana gedib çıxır.Bu boyların bir-birinə çox yaxın qohum olması Əbu Bəkr Tehraninin “Kitabi Diyarbəkriyyə“ əsərində verilmiş məlumatlarla bir daha təsdiqlənir. 1406-cı ildə Qara (Böyük) Yusif Baharlı ilə Qara Yuluq Osman Bayandurlu arasında tərəflərdən heç birinin üstün gələ bilmədiyi Mardin döyüşündən sonra sülh sazişi bağlayan Qara Yusif Qara Yuluq Osmana belə müraciət etmişdi: “Biz hər ikimiz türkmənik və bundan sonra bir-birimizə qarşı vuruşmamalıyıq.Daha düzgün və məqsədə uyğun olardı ki, sən,düşmənlərimiz olan Şam (Suriya) və Rum (Osmanlı) üzərinə get,mən isə Cığatayların (Teymurilərin) üstünə gedim.“

XIV əsrdə Baharlı oymağına başçılıq edən Bayram Xoca Şərqi və Cənub-Şərqi Anadolunun üç bölgəsində öz hakimiyyətini qurmuşdu və 1380-ci ildə onun ölümü ilə yerinə keçən oğlu Qara Məhəmmədin dövründə mərkəzi Van olan bu türk bəyliyinin siyasi fəaliyyət dairəsinə Azərbaycan da daxil edilmişdi.1387-ci ildə Çapaqçur döyüşündə Teymuru məğlub edən Qara Məhəmməd bir il sonra Təbrizə yiyələnmişdi.1389-cu ildə Van hakimi olan Qara Yusif Sultan Əhməd Cəlairi ilə birgə Əmir Teymura qarşı mübarizəyə başlasa da,1394-cü ildə Bağdad döyüşündə məğlub oldu.Qara Yusif Sultan Əhmədlə birlikdə öncə Osmanlıya sığınsa da,1402-ci il Ankara döyüşündən sonra Misir Məmlük dövlətinə pənah aparmışdı.Misir sultanı isə Teymurun təhdidi ilə onları həbs etmişdi.Həbsdə onlar əhd bağlayaraq azad olduqdan sonra Azərbaycanın Yusifə,Ərəb İraqının Sultan Əhmədə qalacağı ilə bağlı razılığa gəlmişdilər.Sultan Əhməd Yusifin oğlu Pirbudağı “oğulluğa“götürmüşdü.1406-cı ildə onların andlaşması Sultan Əhməd tərəfindən pozuldu,o Təbrizə daxil oldu.Lakin,o Teymuri Əbu Bəkrin yeni hücumu qarşısında şəhəri tərk etmişdi.

1406-cı ildə Qara Yusif Araz çayı sahilində Əbu Bəkrin ordusunu məğlub etmiş və 1408-ci ildə Sərdrud döyüşündə Teymuri Miranşahı məğlubiyyətə uğratmışdı.Bunun nəticəsində Teymurilər ölkədən qovulmuş və Azərbaycanın cənub torpaqları Qara Yusif Baharlının hakimiyyəti altına keçmişdi.1408-ci ildə öz adına pul kəsdirən Yusifin əsas məqsədi bütün Azərbaycanı birləşdirməkdən ibarət idi.1409-cu ildə Şəki və Şirvana qoşun göndərən Yusifin bu cəhdləri uğursuz olmuşdu.1410-cu ildə Sultan Əhməd Cəlairi Şənbi-Qazan döyüşündə Qara Yusif tərəfindən məğlub edildi.Bu qələbə nəticəsində Sultan Əhməd Azərbaycanda və İraqda hakimiyyətin rəsmən Yusifin oğlu Pirbudağa verilməsi haqda fərman imzalamağa məcbur olmuşdu.Beləliklə,1410-cu ildə paytaxtı Təbriz olan Azərbaycan dövləti rəsmən tarix səhnəsinə çıxmış oldu.Azərbaycanın Şirvanşahları istisna olmaqla,bütün qalan torpaqları,Ərəb İraqı,Əcəm İraqı,Anadolunun şərqi bu dövlətə tabe idi.

Dövlətin rəsmi hakimiyyəti Pirbudaqda olsa da,real hakimiyyət Qara Yusifin idi.Qara Yusif monqol ağalığından sonrakı dövrün ilk böyük türk hakimi kimi qiymətləndirilir.O Şirvanşahlığın yeni yaratdığı dövlətdən kənarda qalması ilə barışmırdı.Şirvanşah I İbrahimin 1406-cı ildə iki aylıq Təbrizdə hakimiyyətini qurması,Sultan Əhməd Cəlairini qanuni hökmdar kimi tanıması və 1410-cu ildə oğlu Kəyumərsi Sultan Əhmədə köməyə göndərməsi onlar arasındakı münasibətləri savaş həddinə çatdırdı.1412-ci ildə Kür çayı sahilində baş vermiş döyüşdə Qara Yusif qalib gəlmişdir.

I İbrahimin oğlu I Xəlilullah taxta çıxan kimi Baharlılardan formal asılılığa son qoyaraq Teymurilərlə yaxınlaşmışdır.Teymurun varisi Xorasan hakimi Sultan Şahrux 1420-ci ildə Azərbaycana hücum etmiş,Şirvanşah Xəlilullah da ona yardım etmişdir.Qara Yusif öldükdən sonra Sultan Şahrux Təbrizi döyüşsüz ələ keçirdi.1421-ci ildə Alaşkerd döyüşündə Qara İsgəndər Teymurilərə məğlub oldu.Şahrux Bayandurlu Əli bəyi Təbrizə hakim təyin edib ölkəni tərk etdi.Az sonra Qara İsgəndər Təbrizi geri alaraq hakimiyyətini bərpa etdi.O əsas diqqətini Şahruxun müttəfiqi Şirvanşahlığa yönəltmiş,1428-ci və 1434-cü illərdə Şirvana yürüşlər etmiş və hər iki yürüşdə Şahrux Xəlilullaha yardım etmişdir.

1435-ci il Təbriz məğlubiyyətindən sonra İsgəndərin yerinə onun oğlu Cahanşah gəlmişdir. O Şahruxun 1447-ci ildə ölümündən sonra onlardan asılılığı rədd etmişdir.1446-cı ildə Bağdadı ələ keçirərək Ərəb İraqını və Farsı da yenidən dövlətə qatmışdı.1458-ci ildə Teymurilərin paytaxtı Heratı ələ keçirmişdi.Cahanşahın Teymurilərlə və o zaman Diyarbəkr hakimi olan Uzun Həsənlə düşmən münasibətdə olması Azərbaycanla Osmanlının münasibətlərinin yaxşılaşmasına təkan verirdi.Cahanşahın hakimiyyətinin son illəri daxili çəkişmələr,iri qiyamlar və Bayandurlu Həsənlə mübarizə şəraitində keçmişdi.1467-ci il Muş döyüşündə Bayandurlu Həsən tərəfindən məğlub edilərək öldürülən Cahanşahın yerinə taxta Həsənəli çıxdı.Həsənəli Qara Yusif nəslinin Azərbaycan taxtında son nümayəndəsi oldu.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın