Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Ramin Əlizadə: İran-Turan müharibəsi və Azərbaycan

GADTB: XVIII-XIX əsrlərdə Qərbi Avropada mxitaristlərin təhrif etdikləri xeyli sayda qədim yazılı qaynaqlar yayınlandı. Burada ermənilərin yerli xalq olması hər cür uydurma faktlarla əsaslandırılmağa başlandı. Erkən Orta əsrlər dövrünə aid yazılı qaynaqlara nəzər saldıqda məlum olur ki, Qafqazda erməni dövlətçiliyi heç vaxt mövcud olmamışdır. Erməni təbliğat maşını türkləri də Qafqazda yerli xalq hesab etmirdi. İsveçdə yaşayan erməni əsilli diplomat A.K. Muradcı de Ohson (1779-1851) “Qafqaz xalqları, Xəzər dənizi və Qara dənizin şimalındakı ölkələr: və ya X əsrdə Əbül-Qasımın səyahətnaməsi” adlı əsərində regionun yerli sakinləri olan türk tayfalarını gəlmə hesab edir. O, İstanbulda doğulsa da sonradan Osmanlı dövlətinin əleyhinə Qərb dövlətlərinin kəşfiyyat orqanlarına xidmət etmişdir. Avropaya mühacirət etdikdən sonra isə topladığı anaxronik məlumatların kompilyasiyasından ibarət bir neçə kitab yazmışdır. O, heç bir dəlil göstərmədən oğuzların XI əsrdə tarix səhnəsinə çıxdığını irəli sürür. Bu barədə yazır:

“Ce furent les Turcs Gouzes, ou Ogouzes, qui, sous la conduite des petits-fils de Seldjouc, conquirent, dans la première moitié du onzième siècle, la Perse et l’Asie mineure, où ils furent communément désignés par le nom de Turkmans, et trois siécles plus tard, leurs descendants fondérent la monarchie othomane, dont les souverains sont issus du chef d’une petite tribu de Turcmans qui, à l’époque de l’invasion de Tchinguiz-Khan en Perse, émigra du Khorassan vers l’Asie mineure”(fransızcadan tərcüməsi: “Bu oğuz türkləri və ya oğuzlar, Səlcuğun kiçik oğlunun rəhbərliyi altında XI əsrin birinci yarısında Persiya (İran nəzərdə tutulur – R.Əlizadə) və Kiçik Asiyanı fəth etdilər, onlar adətən türkman adı ilə tanınırdılar, və üç əsr sonra Çingiz xanın Persiyanı işğalı etdiyi zaman onların başçıları, türkmanların lideri Xorasandan Kiçik Asiyaya gəldi, onların nəvələri Osmanlı xanədanlığını təsis etdilər”) [D’Ohsson M.C. Des peuples du Caucase et des pays au nord de la mer Noire et de la mer Caspienne: dans le dixième siècle, ou Voyage d’Abou-el-Cassim. Paris, Chez Firmin Didot père et fils, 1828, p.284].

Ümumiyyətlə, istər Qərbi Avropada, istərsə də Rusiya imperiyasında oğuzların tarixi və mədəniyyəti ilə bağlı araşdırmalarda onların ilk dövlətinin klassik feodalizm dövrünün başlanğıcında meydana gəlməsi və Cənubi Qafqaza XI əsrdə gəlməsi haqqında yanlış konsepsiya əks olunmuşdur (T.Nöldeke, V.Minorski). Halbuki oğuzların Azərbaycan coğrafiyasında qədim dövrdən yaşadığını sübut xeyli sayda faktlar mövcuddur. Oğuzların ən qədim eposu olan “Kitabi Dədə-Qorqud” boylarında Azərbaycan və Şərqi Anadolu bölgələrini əhatə edən Oğuz dövlətindən bəhs edilir. “Bəkil oğlu İmranın boyu”nda konkret olaraq bu dövlətin qərb sərhədləri açıq-aydın göstərilir. Onun ərazisi Trabzondan Xəzər dənizinədək geniş ərazini əhatə edirdi. Hələ e.ə. IX əsrin əvvəllərində oğuzların Cənubi Qafqazın qərb hissəsini əhatə edən qüdrətli İşquqeli dövlətinin mövcud olması barədə Urartu qaynaqlarında məlumatlar əks olunmuşdur. Yazılı qaynaqların verdiyi məlumatlardan aydın olur ki, eramızın V əsrinin başlanğıcında isə onoqur, yəni oğuz boyunun başçılıq etdiyi hun-bulqar hərbi birləşməsi Cənubi Qafqazın yerli türk tayfaları ilə birlikdə Bizans və Sasani imperiyalarının işğalçı siyasətinə qarşı vahid qüvvə halında mübarizə aparmışlar. Oğuz süvarilərinin qarşısını almağın çətinliyini dərk edən Sasani şahənşahı II Yezdəgerd Xəzər dənizinin cənub-şərqindən keçən Böyük İpək yoluna nəzarət edən ağ hunlarla ağır şərtlər daxilində müqavilə imzalamışdır. Müqaviləyə görə, Sasani imperiyası Ağ hunların tabeçiliyi altına keçdi. İran-Turan müharibələri kimi tanınmış məşhur əfsanə məhz bu hadisələrdən sonra meydana gəlmişdir. Sasanilər İranı, Ağ hunlar isə İranın şərqindəki bütün torpaqları, yəni müasir Əfqanıstanı, Orta Asiyanı və Şimali Hindistanın böyük bir hissəsini idarə edirdilər. Erkən Orta əsrlər dövrünün əvvəllərində türklərin ən güclü dövləti məhz Turan dövləti idi. II Yezdəgerd oğuzların hücumlarından qorunmaq üçün Azərbaycanın şimalında – Abşeron yarımadasından Dərbəndə qədər uzanan geniş ərazidə sədlər inşa etməyə başladı. Lakin onun bu tədbiri yeni türk boylarının Azərbaycan ərazisində məskunlaşmasının qarşısını ala bilmədi. Qeyd edək ki, Azərbaycanın mühüm bölgələrindən biri olan Zəngəzur (Sünik) uzun müddət xaqan titulu daşıyan hökmdarlar tərəfindən idarə olunmuşdur [The History of the Caucasian Albanians by Movsēs Dasxurancı. Translated by C.J.F.Dowsett. London Oriental Series. Vol.8. London, Oxford University Press, 1961, p.217: III, 20].

Ət-Təbərinin verdiyi məlumatlardan aydın olur ki, V-VI əsrlərdə Azərbaycan türk tayfalarının yadelli qüvvələrinə qarşı başlıca mübarizə meydanı idi. Türk xaqanı Əfrasiyabın (Alp Ər Tonqa) farslarla döyüşmək üçün Azərbaycanı özünə son iqamətgah yeri kimi seçməsi ət-Təbərinin “Millətlər və hökmdarlar tarixi” adlı əsərində əks olunmuşdur. O, öz əsərinin Keyxosrovun fəaliyyəti dövründən bəhs edən hissəsində İran-Turan müharibəsinin son mərhələsinin Azərbaycanda yekunlaşdığını qeyd edir [Taberi. Milletler ve Hükümdarlar Tarihi. Çeviren Z.K.Ugan, A.Temir. Cilt: I. Kısım II. İstanbul, Milli Eğitim Basımevi, 1991, s.745]. Keyxosrov dedikdə o, Sasani şahənşahı I Xosrov Ənuşirəvanı nəzərdə tutur. Sonradan Firdovsinin “Şahnamə” əsərinin leytmotivinə çevrilən farslarla türklər arasında baş vermiş qanlı döyüşlər haqqında əfsanələr şübhəsiz ki, yazılı qaynaqlarda əks olunmuş anaxronik məlumatlara əsaslanır. Ət-Təbərinin verdiyi məlumatlardan aydın olur ki, Keyxosrovun ata babası Keykavus Yəmən hökmdarı Zu əl-Əzar ibn Əbrəhə Zi əl-Mənar ibn Ər-Raiş ilə eyni dövrdə yaşamışdır [Taberi. Milletler ve Hükümdarlar Tarihi, Cilt: I. Kısım II., s.734]. Zu əl-Əzarın atası Əbrəhənin Kəbə üzərinə fillərlə böyük hücum təşkil etməsini nəzərə alsaq, bu hadisənin V əsrin ortalarında baş verdiyini söyləmək olar. Ola bilsin ki, İran-Turan müharibəsi haqqında rəvayətlərin fars versiyasından başqa türk versiyası da mövcud olmuşdur. Lakin ət-Təbəri mənşəcə fars olduğundan öz əsərində türk versiyasını yox, məhz Sasani səltənətəni vəsf edən fars versiyasını əks etdirmişdir.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …