Cümə axşamı , Aprel 25 2024
azfa

Rusiya Türkiyənin “Bayraktar”larını vura bilən silah hazırlamağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın hərbi-sənaye dairələrində “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin Suriya, Liviya və daha sonra Qarabağ müharibəsində oynadığı rol hələ də müzakirə olunmaqdadır. Çünki bu pilotsuz döyüş təyyarələri hər üç münaqişə zonasında Rusiya hərbi sənayesinin məhsullarını, o cümlədən vəzifəsi məhz PUA-lara qarşı mübarizə olan radioelektron mübarizə vasitələrinə və zenit-raket komplekslərinə qalib gəlib. Suriyada və Liviyada “Bayraktar TB2”lər tərəfindən vurulan çoxsaylı “Pantsir” zenit-raket kompleksləri isə Rusiyada böyük pərtliyə səbəb olmuşdu. Çünki məhz “Pantsir”lər “Bayraktar” kimi PUA-ların “qənimi” olaraq təbliğ edilirdi. Qarabağda isə Azərbaycan ordusunun “Bayraktar”ları digər zərbə PUA-ları ilə birlikdə Ermənistan ordusunun S-300, “Osa”, “Buk” və “Tor” zenit-raket komplekslərini bir-birinin ardınca məhv edib. Və nəticədə Rusiya hərbi sənayesinin istehsalı olan zenit-raket komplekslərinin PUA-lara qarşı effektivliyi barədə suallar yaranıb.

İndi Rusiya hərbi sənaye çevrələrində bu sualları aradan qaldırmağa çalışırlar və iki istiqamətdə işləyirlər: Rusiya hərbi sənayesinin “Bayraktar”lardan daha üstün göstəricilərə malik zərbə PUA-ları istehsal etməyə başlaması təbliğ olunur və əslində “Bayraktar”ların adları çəkilən zenit-raket kompleksləri üçün “asan hədəf” olduğu iddia edilir. Yəni belə qənaət formalaşdırılır ki, Rusiya silahları effektivdir, amma erməni ordusunda peşəkarlıq aşağı olub.

Turkustan.az xəbər verir ki, S-300, S-400, S-500, “Buk”, “Tor” kimi zenit-raket komplekslərinin istehsalçısı olan “Almaz-Antey” korporasiyasının baş konstruktoru Pavel Sozinov “RİA Novosti”-ə müsahibəsində Türkiyənin “Bayraktar TB2” pilotsuz uçan aparatlarının əslində zenit-raket kompleksləri üçün “asan hədəf” olduğunu deyib.

“Ümumiyyətlə götürəndə, “Bayraktar” zenit-raket kompleksləri üçün tipik hədəfdir. Bu, böyük hədəfdir, faktiki olaraq 650 kiloqram ağırlığında təyyarədir. Olduqca əlçatandır, çünki kifayət qədər yavaş uçur. “Bayraktar”larla onun daşıdığı raketlərin mənzilindən daha uzaq mənzilə malik vasitələrlə mübarizə aparmaq lazımdır. Yəni onu vaxtında görmək lazımdır, hansı ki, bunda problem yoxdur, və öz silahını tətbiq etməzdən əvvəl onu vurmaq lazımdır”,-Sozinov deyib.

Qeyd edək ki, “Bayraktar TB2” Türkiyənin “Roketsan” şirkətinin istehsal etdiyi MAM-C və MAM-L (4 ədəd) “ağıllı” raketləri ilə silahlanıb. Bu raketlərin mənzili 8 kilometrdir, lakin 2021-ci ilin əvvəllərində “Roketsan” MAM-L raketinin mənzilinin 15 kilometrə qədər artırıldığını açıqladı. Nəticədə “Bayraktar”lar aşağı və orta mənzilli zenit-raket komplekslərinin əhatə dairəsinə daxil olmadan hədəfə zərbə endirə bilər.

Qarabağ müharibəsi zamanı da belə idi və “Bayraktar”lar erməni ordusunun çoxsaylı OSA-M və “Tor” zenit-raket komplekslərini, o cümlədən radioelektron mübarizə komplekslərini vurmuşdu. Yəni “Bayraktar”lar Sozinovun dediyi kimi, bu cür “asan hədəf”dirsə bəs 44 günlük müharibə zamanı vurulan və elə Sozinovun baş konstruktoru olduğu müəssisədə istehsal edilən zenit-raket kompleksləri necə olsun?

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …