Cümə axşamı , Dekabr 2 2021
azfa

Səfəvi qorçuları – Bakı qoçuları

GADTB: “Qorçu” adlı bölüklər və vəzifələr Qaraxanlı və Monqol imperiyalarında da mövcud olmuşdur. Monqol qorçuları xaqanı mühafizə edirdilər. Eyni vəzifəni Cəlairi qorçuları da yerinə yetirirdilər. Qaraqoyunlularda qorçu vəzifəsinin olduğunu bilsək də, qorçulardan ibarət qoşun növünün mövcudluğu barədə informasiyaya malik deyilik.

Ağqoyunlu qorçuları haqqında məlumata isə bu dövlətin süqutundan təxminən 150 il sonra yazılmış bir əsərdə rast gəlirik. Buna görə də tədqiqatçılar onun doğruluğuna şübhə ilə yanaşırlar. Lakin Sultan Uzun Həsənin salnaməçisi Əbu Bəkr Tehrani ağqoyunlularla qaraqoyunlular arasında baş vermiş döyüşlərdən birini təsvir edərkən Ağqoyunlu sərkərdəsi Ağabəy Qorçunun adını çəkmişdir.

Haşiyə: Bəzən bu sözün etimologiyasını monqol dilindəki “xorçin” (zireh) sözü ilə izah edirlər.

Lakin, fikrimizcə, istər “xorçin” sözünün, istərsə də italyan dilindəki “guardia” (mühafizə), ingilis dilindəki “guard” (mühafizə), “church” (kilsə), rus dilindəki “хранить” (qorumaq), “хоронить” (basdırmaq), “охрана” (mühafizə) sözlərinin mənşəyi türk dilindəki “qoru”, “qoruq” sözləri ilə, o isə, öz növbəsində, “qor” (işıq), “xur” (günəş) sözləri və müqəddəslik simvolları ilə birbaşa bağlıdır.

Səfəvilər imperiyasının “Qorçular” təsisatı yerinə yetirdiyi funksiyalara və keyfiyyətinə görə Monqol imperiyasının qorçularından daha üstün idi. Onların sayına gəlincə, bu təşkilatın 4.500, 5.000, 6.000, 6.700 və ya 10.000 döyüşçüdən ibarət olduğunu göstərən məlumatlar mövcuddur. Səfəvi qorçuları yüksək döyüş hazırlığı keçir, o dövrün bütün silah növlərindən məharətlə istifadə etməyi, at üstündə və piyada vuruşmağı bacarırdılar. Qorçular çox uzun bığları və fiziki göstəriciləri ilə seçilirdilər. İsgəndər bəy Münşi yazır ki, “yüz qorçu hərb meydanında min digər döyüşçüyə bərabər sayılırdı”. Ən şücaətli özbək xanlarından olan Ubeydullah Xorasan uğrunda döyüşlərdən birində Şah I Təhmasibin cəmi bir qorçusunu qarşısında görən kimi, qaçmağa üstünlük vermişdi. Halbuki ölkə başçısı kimi fiziki mühafizəsi, sözsüz ki, müəyyən səviyyədə təmin olunmuşdu.

Yəqin ki, mühafizəçilər də anlayırdılar ki, qorçu ilə döyüşdən sağ çıxmayacaqlar. Sonra nə baş vermişdi, bunu bilmirik. Onlar xanı xilas etmək üçün fədakarlıqla irəli atılmış və həlak olmuşdular, yoxsa döyüş meydanını tərk edib qaçmışdılar?! Bəlli olan budur ki, qızılbaş bahadırı vahimə içində aradan çıxmağa çalışan xanı təqib edib qılınc zərbəsi ilə onu yaralamışdı. Yalnız atının daha sürətli olması Ubeydullah xanı son anda ölümün cəngindən qurtarmışdı. Qorçuların mənəvi və fiziki hazırlığının hansı səviyyədə olduğu bu epizoddan aydın görünür.

P.S. İctimai təzahür kimi XIX əsrin ortalarından yayılmış “qoçu”luq, zənnimizcə, “qorçu”dan yaranmışdır.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …

Azərbaycanlı fəalı Əkbər Mohacerinin həbsi üçün İran məhkəməsinin əməkdaşları onun evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı prokurorluğu Azərbaycan Milli Hərəkatının …