Cümə , Aprel 19 2024
azfa

Səadət Şixiyeva: Sultan şairlərə örnək şəxsiyyət

GADTB: Şəxsiyyətinin şöhrəti Balkan ölkələrindən Hindistan və ərəb torpaqlarına qədər yayılan, bu böyük coğrafiyada söz ustalarının özlərinə bir nümunə saydığı Seyid İmadəddin Nəsiminin adı çəkildikdə ilk olaraq gözümüz önünə bir şair, sufi və mütəfəkkir gəlir. Amma Azərbaycanın bu dahi şairinin şəxsiyyəti, indiyədək mövcud təsəvvürlərin hüdudlu çərçivəsindən fərqli olaraq, çoxyönlüdür.

Nəsimi həm də Quran təfsirçisi, arif, nasir, tərcüməçi, poetika və musiqi elminin bilicisi, şahmatın fəlsəfəsinə bələd olan nadir şəxsiyyətlərdəndir. Bundan başqa, Nəsimi hürufilik təriqətinin şeyxi və fəaliyyətinin ictimai-siyasi xarakterliliyi baxımından bir ictimai xadimdir. Mütəfəkkir şairin şəhidliyi ona təkcə əzabkeş deyil, həm də bir qəhrəman statusu verdi. Biz bu yazıda yalnız Nəsiminin ictimai xadim kimi fəaliyyətinin xarakteri və ədəbi şəxsiyyətinin sultan şairlərə təsirindən qısaca bəhs edəcəyik.

Nəsimi Şah İsmayıl Səfəvidən daha öncə öz mürşidi Fəzlullahın yolunu davam etdirərək, özəl səciyyəli dini-ideoloji əsaslar üzərində bir dövlətin qurulması təşəbbüslərində olmuş, dövrünün hökmdar və siyasi iqtidar sahibləri ilə sazişə can atmışdır. Şairin həyat yoluna dair azsaylı tarixi və avtobioqrafik məlumatları təhlilimiz nəticəsində onun müttəfiq axtarışı zamanı Sultan Əhməd Cəlayir, Qaraqoyunlu Qara Yusiflə danışıqlar aparması, Zülqədər bəyləri (Nəsrəddin bəy, qardaşı Əli bəy) və Hələb hakimi Yaşbəklə dostluq münasibətləri qurduğu qənaətinə vardıq. Orta çağın ərəbcə mənbələrində şairlə yaxın münasibəti olan bəylər arasında Şah İsmayılın babası Ağqoyunlu Qarayölük Osmanın da adı çəkilir və onun da hürufilik əqidəsini qəbul etdiyi bildirilir.

Bu bəylər içərisində Nəsimi ilə dostluğun nəticəsində onun hürufilik əqidəsini qəbul edən Zülqədər bəyləri Nəsrəddin bəy və Əli bəyin adları xüsusi vurğulanmalıdır. Nəsimi Misirin çərkəz-məmlük sultanı əl-Məlik əl-Müəyyəd Şeyx əl-Mahmudinin hakimiyyətini türk hakimiyyəti ilə əvəz etmək yolunda Zülqədər bəylərinin müttəfiqi idi. Onların siyasi gücü ilə Nəsiminin təriqət rəhbəri kimi kütlələr üzərində nüfuzunun birləşməsi Misir sultanını ciddi təşvişə salır. Nəsiminin edamı əslində Misir sultanının siyasi rəqiblərini qorxutmaq üçün icra olunan siyasi bir akt idi və Şeyx əl-Müəyyəd bu məşum edam hökmü ilə istəyinə nail olur: illər boyunca Misir sultanına qarşı vuruşan Əli bəy Zülqədər 1417-ci ildə – məhz Nəsiminin edam olunduğu ildə sultana üzrxahlıq məktubu yazır, onun qardaşı Nəsrəddin bəy isə 1419-cu ildə Ramazan oğullarına qarşı müharibədə sultanın müttəfiqi olur…

Bir sıra tədqiqat əsərlərində Nəsiminin söz sənətindən bəhrələnən şairlər içərisində onun müasirlərindən olan, mərkəzi Sivas olan bəyliyin hökmdarı Qazi Bürhanəddin də yer alır. Tanınmış türkiyəli alim Z.V.Toqan dil xüsusiyyətləri baxımından Azərbaycan ədəbiyyatının nümayəndəsi sayılan Qazi Bürhanəddin haqqında yazır: “(Qazi Bürhanəddin – S.Ş.) …olduqca çox olmaqla öz müasiri olan Nəsimini yad edir. Nəsimi onun bəzi şeirlərinin vücuda gəlməsində ilham mənbəyi olmuşdur”. V.M.Kocatürk və Ə.Səfərliyə görə isə, Nəsimi Qazi Bürhanəddinin xələfidir. Bu mübahisəli bəhsə hər iki şairin yaradıcılıq üslubu və ədəbi zövqündəki yaxınlığı göstərən, qafiyə baxımından da səsləşən eyni rədifli şeirlərin mövcudluğunu qeyd etməklə yekun vururuq. Qazi Bürhanəddinin “Dedilər, gerçəkmi?” rədifli şeiri ilə Nəsiminin “Dedilər, gerçəkmiş” rədifli qəzəlinin müqayisəsi belə bir təsəvvür yaradır ki, sanki Nəsimi iqrar şəklində və hökm tərzində söylədiyi poetik düşüncələrini Qazi Bürhanəddinin elə siyasət adamına xas dolayısı ilə verdiyi şairanə suallara cavab olaraq qələmə almışdır.

Sağlığında şəxsi nüfuzu ilə siyasi iqtidar sahiblərinin bir qismini özünün müttəfiqinə çevirməyi bacaran Nəsimi edamından sonra poetik-fəlsəfi sözünün qüdrəti ilə siyasi güc sahiblərinin düşüncəsinə təsir etməyə davam edir. Belə ki, hürufilərin müttəfiqi Qaraqoyunlu Qara Yusifin oğlu, Qaraqoyunlu dövlətinin ən qüdrətli hökmdarı Cahanşah Həqiqi də atası kimi hürufilik düşüncəsi və bu əqidənin daşıyıcıları ilə sıx əlaqəsini qoruyub saxlayır. Və zənnimizcə, bu bağlılıq Nəsiminin sözü vasitəsilə mümkün olur. Çünki Cahanşahın məhz türkcə divanında hürufiliklə yaxından səsləşmələr mövcuddur və şeirlərdə sələfin düşüncə tərzinə o qədər bağlılıq vardır ki, bəzən onun bir sıra əsərləri yanlış olaraq Nəsiminin divanına daxil edilmişdir. Ümumiyyətlə, Cahanşahın ana dilindəki divanının mütaliəsi hökmdar şairin hürufilik təriqətinə mənsubiyyəti təsəvvürünü yaradır.

Ağqoyunlu dövlətinin hökmdar nümayəndələrinin şeir yaradıcılığı ilə məşğul olub-olmaması barədə qaynaqlarda məlumat verilmir. Amma artıq qeyd etdiyimiz kimi, Ağqoyunlu bəylərindən Qarayölük Osmanın da hürufilik, xüsusilə Nəsimi ilə dostluq münasibəti olmuş, onun təsiri ilə hürufiliyə meyillənmişdi. Qarayölük Osmanın bu təmayülü onun nəvəsi, Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin bədii yaradıcılığı və fəlsəfi görüşlərində yeni cilvədə üzə çıxdı. Söz sənətində sələfinin ənənəsini yaşatmaqla ona müəyyən anlamda ikinci həyat qazandıran Xətai Nəsimi ədəbi məktəbində xüsusi yer tutur. Onun şeirlərində Nəsimi “Hüseyni” və “Seyid Nəsimi” təxəllüsləri ilə yad olunur. Xətainin:

Könlünə gətirmə şəkk ilə güman,

Seyid Nəsimiyə de, ol oldu şan,

Tanrı ilə min bir kəlam söyləşən

Əli Mədinədə, Musa Turdadır, –

kimi misralardan aydın olur ki, şairin nəzərində Nəsimi mötəbər söz sahibidir. Xətai sələfinin “Kimsə gümanü zənn ilə olmadı Həqq ilə biliş” misrasına istinadla “Könlünə şəkk, güman gətirmə, inanmırsansa, bunu Seyid Nəsimidən soruş, o bu yolda şöhrət (“şan”) və nüfuz sahibidir”.

Qeyd etməliyik ki, hürufilər Fəzlullah həyatda ikən can atdıqları siyasi himayəyə daha çox Şah İsmayıl Səfəvinin hakimiyyəti illərində nail oldular və bu, hürufilik cərəyanının siyasi istiqamətli fəaliyyətinin uğurlarından sayıla bilər.

XVI yüzillikdə Nəsimi sözünün təsiri təkcə hürufiliklə yaxın görüşlərə malik Səfəvilərin ədəbi mühitində deyil, Şah İsmayılın siyasi rəqibi, Şeybanilər sülaləsindən olan özbək xanı Şeybani xanın şeir yaradıcılığında da nəzərə çarpır. Maraqlıdır ki, Nəsiminin ən cazibəli əsərlərindən olan “Sığmazam” rədifli şeirinə az sayda nəzirə yazılmışdır və bu azsaylı şeirlər içərisində Şeybani xanın eyni rədifli qəzəli də yer alır. Halbuki ondan sonra eyni ləhcə ilə divan bağlayan Məşrəb (XVII əsr) artıq Nəsiminin təsiri ilə yazdığı şeirlərinin rədifini cığatay türkcəsinin təbiətinə uyğunlaşdırır: “Sığmadim” və “Sığmamdur”.

Nəsiminin nüfuz sahəsinə XV-XVI yüzilliklərdə Mavəraünnəhr və Xorasanda yaşayıb-yaradan söz ustalarının böyük əksəriyyəti (Lütfi, Ətayi, Hafiz Xarəzmi, Səkkaki, Nəvai və b.) kimi Teymuri hökmdar şairlərindən Sultan Hüseyn Bayqara da daxildir.

Misirin çərkəz əsilli məmlük sultanlarından Qansuh əl-Quri (Qavri) (XVI əsr) də siyasi müttəfiqi Şah İsmayıl kimi, Nəsimi şəxsiyyətinə dərin rəğbət bəsləmiş, türkcə divanında bir neçə dəfə onun poetik irsinə müraciət etmiş, hürufi şairin şeir yaradıcılığını özünə örnək bilmişdir. Bu sultanın özünün bir qələbəsi şərəfinə içərisində Nəsiminin məzarı da yerləşən məscidi bərpa etdirməsi isə onun hürufiliyə meylindən artıq Nəsiminin şəxsiyyətinə ehtiramının göstəricisidir.

Nəsiminin hökmdar xələfləri silsiləsində Osmanlı şahzadə və sultanları da yer alır. Ədirnəli Nəzminin “Məcməün-nəzair” adlı məcmuəsində, M.F.Köksalın da qeyd etdiyi kimi, Nəsimiyə nəzirə yazanlar içərisində “Ədni” təxəllüslü Mahmud Paşa, “Cəm” təxəllüslü Şahzadə Cəm (2 şeir), “Avni” təxəllüslü Sultan Mehmed Fateh (2 şeir), “Muhibbi” təxəllüslü Sultan Süleyman (11 şeir) kimi paşa, şahzadə və sultan şairlərin adlarına rast gəlinir.

Sultan Mehmed Fateh “ənəlhəq” nidasını eşq ilə əlaqələndirərək onu Nəsiminin fədakarlığının da əsas təkanverici qüvvəsi olaraq şərh edir: “Ol sədadır yüzdirən cildi-Nəsimi münkirə…” Sultan şairin Nəsiminin dərisini soyduranı “münkir” (inkarçı, kafir) adlandırması da maraq doğurur. Belə ki, fərmanda Nəsimini etiqadi görüşlərinə görə edam etdirdiyini qeyd edən sultanın – əl-Məlik əl-Müəyyəd Şeyx əl-Mahmudinin Fateh tərəfindən bu tərzdə təqdimi onun hürufi şairin tarixi şəxsiyyəti barədə məlumatlı olduğunu və hadisələrin iç üzündən xəbərdarlığını göstərir.

Qeyd etməliyik ki, türkcə divan şeirində xitabi qəzəllərin ilk nümunələri Nəsiminin qələminə məxsusdur (“Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım, Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım”) və onun bu qəzəlləri bir çox şairlər kimi, Sultan Süleyman Qanuninin də diqqətini cəlb etmişdir:

Cəlisi-xəlvətüm, varum, həbibüm, mahi-tabanum,

Ənisüm, məhrəmüm, varum, gözəllər şahı sultanum.

Krımın məşhur xanı, şairi və qəhrəmanı Bora Gazi Giray (XVI əsr) da Nəsimiyə bir neçə nəzirə yazmışdır və Sultan Süleyman kimi, o da qəzəllərindən birinə Nəsiminin bəhsini etdiyimiz şeirini örnək olaraq seçmişdir:

Həbibim, munisim, yarım, dərdə dərmanım,

Ənisim, yari-dilxahım, lətifim, məhrəmim, canım.

Əslində çox mürəkkəb fəlsəfi düşüncə sahibi olaraq əsrarəngiz mütəfəkkir, ənənəvi şeir qəlibində belə fərdiyyətin ifadəsi ilə səmimi şair olaraq tanınan Nəsiminin bir tarixi və ədəbi şəxsiyyət kimi sözünün təsir dairəsi daha geniş və çoxyönlüdür. Burada yalnız Nəsimi sözü və şəxsiyyətinə müxtəlif dövrlər və coğrafiyalarda rəğbət və məhəbbəti yığcam xatırlatmalarla ifadə etməyə çalışdıq.

Səadət Şixiyeva,

filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi

 

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın