
GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı səsləndirilən irqçi şüarlara, eləcə də İran Futbol Federasiyasının və siyasi rəsmilərin bu hallara laqeyd yanaşmasına etiraz olaraq ayrı-ayrı bəyanatlar yayıblar. Onlar azarkeşləri komandanın cümə axşamı Abadanın Sənət Neft komandası ilə keçirəcəyi oyunda kütləvi şəkildə iştirak etməyə çağırıblar.
Azarkeş qrupları bəyanatlarında Traxtur tərəfdarlarından Təbrizin Səhənd stadionuna çoxsaylı şəkildə gəlməyi və üzərində “İranda türklərə qarşı irqçiliyə yox!” və “No to racism against Turks in Iran” şüarları yazılmış plakatlar tutmağı istəyiblər. Bildirilib ki, bu yolla türklərə qarşı səsləndirilən irqçi şüarlara və belə hallara qarşı təsirli tədbirlərin görülməməsinə etiraz ifadə olunacaq.
Traxtur və Abadanın Sənət Neft komandaları arasında oyun oktyabrın 22-si, cümə axşamı, saat 17:00-da Təbrizin Səhənd stadionunda keçiriləcək.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi