
GADTB: ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı, dünya ölkələrinə xəbərdarlıq edərək bildirib ki, bundan sonra İran İslam Respublikası ilə ticarət əlaqəsi olan hər bir ölkə, ABŞ-la apardığı istənilən ticarət və maliyyə əməliyyatı üzrə 25 faiz rüsuma məruz qalacaq.
Donald Tramp özünün sosial şəbəkəsi Truth Social-da yazıb ki, bu qərar “qəti və yekun göstərişdir”.
ABŞ prezidenti son iki həftə ərzində, İranda davam edən kütləvi etirazlarla paralel olaraq, İran rəhbərliyinə dəfələrlə xəbərdarlıq edib ki, əgər etirazçılar öldürülərsə, ABŞ İran xalqına yardım göstərəcək.
Mediada yayılan məlumatlara görə, Vaşinqton hazırda etirazların zorakılıqla yatırılması fonunda İrana qarşı həm hərbi, həm də qeyri-hərbi variantları dəyərləndirir. Yeni gömrük rüsumlarının tətbiqi isə bu istiqamətdə ABŞ-ın ilk praktik addımı ola bilər və İran üçün beynəlxalq ticarəti daha da çətinləşdirəcək.
Qeyd olunur ki, bu rüsumları ABŞ-a idxal edən şirkətlər ödəyəcək. OPEC üzvü olan İran uzun illərdir ABŞ-ın sərt sanksiyaları altındadır. İran neftinin əsas hissəsini Çinə ixrac edir; Türkiyə, İraq, BƏƏ və Hindistan isə İranın digər əsas ticarət tərəfdaşlarıdır.
Reuters agentliyi yazır ki, bu siyasətlə bağlı Ağ Evin rəsmi saytında heç bir sənəd dərc olunmayıb, həmçinin Trampın bu rüsumları hansı hüquqi səlahiyyətlə tətbiq edəcəyi və tədbirin İranın bütün ticarət tərəfdaşlarını əhatə edib-etməyəcəyi barədə məlumat yoxdur. Ağ Ev şərh sorğusuna cavab verməyib.
ABŞ-dakı Çin səfirliyi Trampın qərarını tənqid edərək bildirib ki, Çin öz maraqlarını qorumaq üçün “bütün lazımi addımları atacaq” və “qanunsuz, birtərəfli sanksiyalara və ekstraterritorial mühakiməyə” qarşıdır.
İran hökuməti bazar ertəsi ABŞ-la əlaqə kanallarının açıq saxlanıldığını bəyan edib. Mövcud vəziyyət İran İslam Respublikası üçün 1979-cu il inqilabından bəri ən ciddi böhranlardan biri kimi qiymətləndirilir.
Ağ Evin sözçüsü Karolin Levit 22 Dey tarixində bildirib ki, hava zərbələri Trampın masasında olan variantlardan biri olsa da, “prezident üçün diplomatiya hər zaman ilk seçimdir”.
Respublikaçı senator Lindsi Qrem isə Trampın qərarına reaksiya olaraq X platformasında yazıb:
“Cənab Prezident, bu rejimi iqtisadi cəhətdən təcrid etmək istiqamətində qəti liderliyiniz olduqca təsirlidir. Etirazçılara dəstək və rejimə ünvanlanan xəbərdarlıq bu fanatik rejimə qarşı onun qurulduğu gündən bəri ən böyük üsyana səbəb olub.”
Qrem əlavə edib:
“Məncə, İran rejimi artıq qırmızı xətləri keçib. Onlar çox sayda insanı qətlə yetirir və sizin liderliyinizi məsxərəyə qoyurlar. İndi quru qoşunları olmadan, qətliamı həyata keçirənləri hədəf alan qəti hərbi tədbir vaxtıdır. İranı yenidən böyük edin.”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi