Türk Dövlətləri Təşkilatı Avropada toplaşır

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) növbəti qeyri-rəsmi liderlər zirvə görüşünün tarixi məlum olub.

Zirvə toplantısı 20-22 may 2025-ci il tarixlərində Macarıstanda keçiriləcək.

Budapeştdə baş tutacaq toplantı təşkilatın Avropadakı yeganə müşahidəçi üzvü olan Macarıstanın ilk dəfə belə yüksək səviyyəli TDT zirvəsinə ev sahibliyi etməsi ilə tarixə düşəcək.

Zirvə görüşündə TDT-nin daimi üzvləri olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan, həmçinin müşahidəçi statusunda olan Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Macarıstan nümayəndələrinin iştirakı gözlənilir. Görüşə üzv ölkələrin dövlət və hökumət başçılarının qatılması planlaşdırılır.

Budapeşt zirvəsi Mərkəzi Asiya ölkələrinin Kiprlə bağlı son qərarlarından sonra keçirilən ilk liderlər görüşüdür. Xüsusilə Qazaxıstan, Türkmənistan və Özbəkistanın Cənubi Kiprlə diplomatik münasibətləri dərinləşdirməsi, Şimali Kiprin statusu və Türk dünyasının bu məsələdəki mövqeyi baxımından ciddi müzakirələrə səbəb olub.

Qazaxıstan 2025-ci ilin yanvarında Cənubi Kiprlə qarşılıqlı səfir təyinatını həyata keçirərək bu istiqamətdə ilk addımı atan ölkə olub. Özbəkistan isə 1997-ci ildən Kipr ilə diplomatik münasibətdə olmasına baxmayaraq, yalnız bu il rəsmi səfir təyin edib. Türkmənistan isə İtaliyadakı səfirini 31 mart 2025-ci ildə Kiprə akreditə edib. Bu addımlar xüsusilə TDT-də müşahidəçi statusu daşıyan Şimali Kipr Türk Cümhuriyyətinin mövqeyi ilə ziddiyyət təşkil etdiyi üçün təşkilat daxilində fikir ayrılıqlarına yol aça bilər.

Türkiyənin xarici işlər naziri Hakan Fidan məsələyə münasibət bildirərək deyib ki, bu, “ailə məsələsidir” və ictimaiyyət önündə müzakirə edilməsini düzgün hesab etmirlər. “Prinsip olaraq ailə məsələlərini ictimaiyyətdə müzakirə etməməyə üstünlük veririk. Türk dünyası bütövlükdə Kipr türklərinin yanında olmağa davam edəcək. Aramıza vurmaq istəyənlərin manipulyasiyaları nəticə verməyəcək”, –  Fidan bildirib.

Müşahidəçilərin fikrincə, Macarıstandakı qeyri-rəsmi zirvə bu fikir ayrılıqlarının səssiz şəkildə aradan qaldırılması, həmrəyliyin bərpası və ortaq diplomatik xəttin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olacaq.

Macarıstanın ev sahibliyi etdiyi bu toplantı həm də TDT-nin beynəlxalq təsir dairəsinin Avropaya qədər genişləndiyini göstərən simvolik bir addım kimi dəyərləndirilir. Budapeşt görüşü təşkilat daxilində qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsi, nəqliyyat layihələrinin inkişafı, enerji əməkdaşlığı və ortaq humanitar proqramların genişləndirilməsi kimi mövzuları da əhatə edəcək.

Təşkilatın Avropa ilə münasibətlərinin genişlənməsi, Macarıstanın bu prosesdəki fəallığı və Türk dünyasının içindəki birlik çağırışları zirvə görüşünün əsas gündəm mövzuları olacaq.

Bu zirvə, həm də TDT-nin gələcək strateji vizionunun formalaşdırılması baxımından əlamətdar bir hadisə kimi tarixə düşəcək.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İsrail səfirliyinə hücumu kim təşkil edib?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Doktor Sədiq adına Ərdəbildə Azərbaycanşünaslıq Kitabxanası yaradılır

GADTB: Professor Hüseyn Məhəmmədzadə Sədiqin sağ qalan oğlu Eldar Məhəmmədzadə Sədiq ədəbiyyat, din, fəlsəfə, ilahiyyat, …