Türk Dövlətlərinin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasındakı qarşılıqlı ticarət və investisiya imkanlarının genişləndirilməsinə dəstək məqsədilə yaradılan Türk Dövlətlərinin Ticarət və Sənaye Palatasının (TDTSP) İstanbulda ilk iclası keçirilib. Azərbaycanı bu mötəbər qurumda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev təmsil edib.

İclasın açılışında Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, TOBB (Türk Odalar və Borsalar Birliyi) rəhbəri M.Rifat Hisarcıklıoğlu, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Qazaxıstan Beynəlxalq Sahibkarlar Palatasının rəhbəri Ablay Myrzahhmetov və Qırğızıstan Respublikası Ticarət və Sənaye Palatasının rəhbəri Marat Sharshekeev çıxış ediblər.

TOBB-un rəhbəri Rifat Hisarcıklıoğlu çıxışında “Çox şükür, bu böyük layihəni gerçəkləşdirdik”, – deyib.

Qeyd edək ki, ilkin mərhələdə TDTSP-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan təmsil olunacaq. Sonradan başqa türkdilli dövlətlərin də daxil olması gözlənilir.

Hisarcıklıoğlunun sözlərinə görə, bu 6 ölkənin 1,1 trilyon dollarlıq iqtisadi dövriyyəsi var və 160 milyonluq əhaliyə sahibdir. Ticarətin ən böyük sülh və rifah qaynağı olduğuna diqqət çəkən Hisarcıklıoğlu, “Biz də öncə, ölkələrimiz arasındakı ticari əngəlləri aradan qaldırmalı, bir-birimizlə ticarəti artırmalıyıq. Avropa Birliyinin bənzəri olan bir uğur hekayəsini, biz də yazmalıyıq. Türkdilli dövlətlərin Biznes Şurası və Türk Dövlətlərinin Ticarət və Sənaye Palatası bu hədəfə çatmağımıza imkan yaradacaq. İnanıram ki, əl-ələ versək, hökumətlərimiz və iş dünyası birlikdə çalışarsa, yeni uğur hekayələrini Türk dünyası da yazacaqdır”, deyib.

ASK prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan ilk gündən Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının yaradılmasına dəstək verib: “Bu qurumun ölkələrimiz üçün faydalı bir təsisat olacağına inanıram. Hər birinizə bu yolda uğurlar arzulayıram”.

Keçirilən səsvermə nəticəsində Türk Dövlətlərinin Ticarət və Sənaye Palatasının təşkilatı strukturu təsdiqlənib. Palatanın prezidenti vəzifəsi Rifat Hisarcıklıoğluna həvalə edilib, baş katib isə Adem Kula seçilib.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın