Türk ölkəsi Qazaxıstanda xalq qurultayından mühüm tələb: Çinə yox

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ölkəsi Qazaxıstanın Almatı şəhərində ictimai fəalların və müxalifət nümayəndələrinin iştirakı ilə Xalq Qurultayı adlı toplantı keçirilir. Qurultaya 200 nəfərə yaxın şəxs qatılıb.

Tədbirin əsas mövzusu “Siyasi islahatlar uğrunda” və “Çinlə birgə layihələrə qarşı” adlanır.

Onların arasında jurnalist – fəal Rısbek Sarsenbay, hakimiyyətə qarşı tənqidi mövqeyi ilə tanınan və fəaliyyəti məhkəmənin qərarı ilə qadağan edilmiş Qazaxıstan Kommunist Partiyasının sabiq rəhbəri Serikbolsın Abdildin, sabiq kənd təsərrüfatı naziri Baltaş Tursumbayev, ictimai fəal Janpolat Mamay da var.

Qurultaya Qazaxıstanın müxtəlif bölgələrindən gələnlər də var.

Serikbolsın Abdildin öz çıxışında bəyan edib ki, Qazaxıstanın inkişafı Nursultan Nazarbayevin hakimiyyətdən getməsindən sonra mümkündür.

O bildirib ki, Nursultan Nazarbayev mart ayında istefa verməsinə baxmayaraq, hələ də geniş səlahiyyətlərə malikdir:

“Onun çıxıb getməsini vahid xalq cəbhəsi tələb etməlidir. Onun hakimiyyətdə olması qanunun zəif həlqəsidir. Ölkədə “Milli lider haqqında” qanun var. Onu Baş nazir və parlamentin iki palatası imzalayıb. Konstitusiyaya görə onların qanunları qəbul etmək hüququ yoxdur. Ən məqbul çıxış yolu 1993-cü il Konstitusiyasına qayıtmaqdır”.

Qazaxıstandakı maliyyə və iqtisadi vəziyyətlə bağlı hesabat hazırlayan iqtisadçı Aydar Alibayev, Çindən kredit alan bir sıra ölkələrin, xüsusən Tacikistan və Şri-Lankanın borc xidməti göstərə bilmədiklərinə görə torpaq və infrastruktur layihələrini istifadə üçün Pekinə verməyə məcbur olduqlarını qeyd edib. Aydar Alibayev oxşar vəziyyətin Qazaxıstanda da yarandığını deyib.

İqtisadçı prezident Qasım Jomart Tokayevdən Çindən kredit götürməmək təklifinin qurultayın qətnaməsinə daxil edilməsini xahiş edib.

Qeyd edək ki, gələn həftə Prezident Tokayevin Pekinə iki günlük rəsmi səfəri gözlənilir. Səfərdən öncə bir neçə şəhərdə Çin əleyhinə etirazlar baş qaldırıb. Janaozen, Nur-Sultan, Aktobe, Çimkənd və digər şəhərlərdə Qazaxıstan hakimiyyətini Çinlə birlikdə “55 investisiya layihəsi”nin həyata keçirilməsinə imkan verməməyə və Tokayevi Çinə səfərini təxirə salmağa çağırıb. Aksiya iştirakçıları “Çin işğalına yox!” və “55 Çin zavoduna yox!” şüarları yazılmış plakatlar qaldırıb.

Qurultaya toplaşanlar həmçinin hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi şəxslərin azadlığa buraxılmasına, “Seçkilər və siyasi partiyalar haqqında” qanunlara yenidən baxılmasına tərəfdar olduqlarını bildirib.

Tədbir iştirakçıları həmçinin eks-prezidentin bu yaxınlarda Senata sədr seçilmiş qızı Dariqa Nazarbayevanın istefasını tələb edib.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın