Türkiyənin Azərbaycana ordu göndəriməsi ilə bağlı layihə təqdim olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezident Administrasiyasının Azərbaycana hərbi qüvvə göndərilməsi ilə bağlı hazırladığı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim olunub.

Layihə Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilib.

Layihədə dost və qardaş ölkə Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi mübarizəsinin illərdir davam etdiyi xatırladılıb. Bildirilib ki, Ermənistanın 27 sentyabrda Dağlıq Qarabağın cəbhə xətti boyunca hərbi və mülki hədəflərə hücumlarına cavab olaraq Azərbaycanın qanuni müdafiə haqqına əsaslanaraq başlatdığı hərəkat nəticəsində işğal altındakı ərazilərin azad edilməsi istiqamətində uğur əldə olunub.

Türkiyənin beynəlxalq hüquq və qanuni suverenlik haqları əsasında Azərbaycana ərazi bütövlüyü daxil, bütün haqlarını müdafiə edə bilməsi üçün prosesin başlanğıcından etibarən dəstək verdiyinə işarə edilib. Nəticədə Azərbaycanın əks-hücum əməliyyatlarında təmin etdiyi irəliləyişin meydanda yeni vəziyyət ortaya çıxardığı vurğulanıb.

Sənəddə həmçinin Azərbaycan, Rusiya və Ermənistanın əldə etdiyi razılaşma istiqamətində 10 noyabr saat 00.00-dan etibarən bölgədə atəşkəsin təsis edildiyi və işğal altındakı bəzi bölgələrin müəyyənləşdirilmiş təqvimə əsasən Azərbaycana qaytarılmasını ehtiva edən plan xatırladılıb. Əldə olunan razılaşmaya əsasən, atəşkəsə əməl edilib-edilməməsinin monitorinqi məqsədilə işğaldan azad olunan Azərbaycan torpaqlarında müştərək mərkəz yaradılmasına diqqət çəkilib.

Müştərək mərkəzlə bağlı sənəddə bu ifadələr yer alıb: “Azərbaycanın müəyyən edəcəyi yerdə Türkiyə və Rusiyanın birlikdə quracağı müştərək mərkəzdə və bu mərkəzin icra edəcəyi fəaliyyətlərdə Türkiyə Silahlı Qüvvələri heyətinin və ehtiyaca görə mülki heyətin xidmət etməsinin 16 avqust 2010-cu ildə imzalanan “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası Arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Razılaşması” çərçivəsində ölkəmizin öhdəliklərinə paralel olaraq Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı qanunları ilə uyğun olduğu bölgə xalqlarının rifah və sülh içində yaşamasına fayda verəcəyi, milli maraqlarımız baxımından lazımi olduğu dəyərləndirilir.

Bu mülahizələrlə “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası Arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Razılaşması”ndan irəli gələn öhdəliklərimizi yerinə yetirmək, atəşkəsin bərpası və pozuntuların qarşısının alınması, bölgədə sülh və sabitliyin təmin olunması məqsədilə Türkiyənin ali maraqlarını effektiv şəkildə qorumaq üzrə hüdud, miqdar və zamanı prezident tərəfindən təqdir və təyin olunacaq şəkildə Türkiyə Silahlı Qüvvələrinin müştərək mərkəzinin vəzifələrinin ifası istiqamətində hərəkət etmək üzrə xarici ölkələrə göndərilməsi, bu qüvvələrin prezidentin müəyyən edəcəyi əsaslara görə istifadə edilməsi ilə risk və təhdidlərin aradan qaldırılması üçün hər növ tədbirin görülməsi və bunlara imkan təmin ediləcək tənzimləmələrin prezident tərəfindən müəyyən ediləcək əsaslara görə edilməsi üçün Konstitusiyanın 92-ci maddəsinə əsasən 1 il müddətinə icazə verilməsi xüsusunda bilgilərinə təqdim edirik”.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın