Cümə , Aprel 19 2024
azfa

Türkmənbaşı şəhərində Beynəlxalq Dəniz Limanının açılışı oldu

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkmənistanın Türkmənbaşı şəhərində may ayının 2-də yeni Beynəlxalq Dəniz Limanının açılışı olub.

Limanın açılış mərasimində və “Böyük İpək yolu – inkişafın yeni mərhələlərinə” Beynəlxalq Forumunda Azərbaycan Respublikasını bu ölkənin nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov təmsil etdilər.

Sahəsi təxminən 152 hektar olan yeni limana bərə, sərnişin və yük terminalları daxildir. Eyni vaxtda 17 gəmiyə xidmət edə biləcək körpülərin uzunluğu 1800 metrdən çoxdur. Liman 300 min sərnişinə və 75 min yük maşınına, ildə 400 min konteynerə xidmət edə bilər. Yeni limanın ümumi buraxılış gücü neft məhsulları nəzərə alınmamaqla 17 milyon tondur. Limanda “Balkan” gəmiqayırma və gəmi təmiri zavodu tikilib. İldə 12 min ton polad emal etmək imkanı olan bu müəssisə 4 gəmi tikintisi və 20 gəminin təmiri üçün nəzərdə tutulur.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Böyük İpək yolu – inkişafın yeni mərhələlərinə doğru” Beynəlxalq Forumunda çıxışı zamanı vurğulayıb ki, dəniz limanı dəniz yolu ilə daşımaların müasir sisteminin formalaşmasının mühüm elementinə çevrilməli, Qara dəniz, Avropa, Yaxın Şərq, Cənubi Asiya və Asiya-Sakit Okean regionu ölkələrinə çıxış üçün maksimim əlverişli şərait yaratmalı, böyük yük axınlarının daşınma məsafəsini və buna sərf edilən vaxtı xeyli azaltmalıdır.

“Türkmənistan Avropa, Asiya-Sakit Okean və Cənubi Asiya iqtisadi sistemlərinin qarşılıqlı əlaqəsinin transkontinental iqtisadi körpüsü olmalıdır. Buna görə də ölkənin dünya nəqliyyat sisteminə davamlı inteqrasiyası, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində marşrut və qovşaqları əlaqələndirən əsas magistral xətləri üzrə milli infrastrukturun genişləndirilməsi ilə yanaşı, həmçinin nəqliyyat marşrutlarının daha böyük effektivliyinin təmin edilməsi, daxili, tranzit və ixrac-idxal daşımalarında son məhsulun dəyərində nəqliyyat tərkib hissəsinin payının azaldılması üzrə tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.

Bu strategiyanın həyata keçirilməsinin gözlənilən nəticələrindən biri intermodal daşımaların nəqliyyat-logistika mərkəzlərinin yaradılmasıdır.

Yeni nəqliyyat dəhlizləri bu sahədə bazar xidmətlərini genişləndirməyə imkan verir. Bu da öz növbəsində fəal marketinq xarici iqtisadi siyasətin həyata keçirilməsini, beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçıları tərəfindən tariflərin və tarif preferensiyalarının çevik sisteminin optimallaşdırılmasını tələb edir”, – deyə Türkmənistan Prezidenti bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, Böyük İpək yolu tarixən dostluq, tərəfdaşlıq, mədəni dəyərlərin mübadiləsi, iqtisadi münasibətlər və ölkələrimizin inkişafı üçün əsas rolunu oynayıb. O deyib: “Şərq ilə Qərbi birləşdirən əsas marşrutlardan biri olan Azərbaycan bu gün Böyük İpək yolu dəyərlərinə sadiqliyini saxlamaqdadır. Müstəqil Azərbaycanın hərtərəfli inkişafı region ölkələri ilə əməkdaşlığın müxtəlif sahələrində – iqtisadiyyat, ticarət, nəqliyyat, mədəniyyət sahələrində münasibətləri inkişaf etdirməyə imkan yaradır.

Türkmənbaşıda bu gün açılan limana Türkmənistanın Böyük İpək yolunun bərpasına töhfəsi kimi baxmaq olar.

Nəqliyyat layihələri həmişə inkişafın hərəkətverici qüvvələri olub. Asiyadan Avropaya çox qısa Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu, Fars və Fin körfəzləri sahillərini birləşdirən “Şimal-Cənub” layihələri beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Bildiyiniz kimi, Xəzərin Azərbaycan sahilində Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisi aparılır və azar iqtisadi fəaliyyət üçün mərkəz yaradılır. Bu layihələr bir-birini tamamlayır, dünya nəqliyyat landşaftını dəyişir, Asiya və Avropanın qovuşuğunda yerləşən coğrafi mövqeyimizdən daha səmərəli istifadə etməyə imkan verir. Bu sahədə əməkdaşlıq ölkələrimizin inkişafına xidmət edəcək”.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın